Modern.az

Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı

Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı

Aktual

13 Mart 2013, 11:25

Azərbaycan milli ideologiyasının nədən ibarət olmasını aydınlaşdırmaqdan ötrü milli ideologiya anlayışı ilə yanaşı, milli ideyanın da nədən ibarət olması müəyyənləşdirilməlidir. Çünki bir çox hallarda Azərbaycan milli ideologiyası ilə yanaşı, Azərbaycan milli ideyası anlayışından da istifadə olunur. Bu baxımdan əvvəlcə bilməliyik ki, Azərbaycan milli ideyası və Azərbaycan milli ideologiyası dedikdə, nəyi nəzərdə tuturuq. Hər halda, hazırkı ədəbiyyatda milli ideya və milli ideologiya məsələlərinin qarışdırlımasına tez-tez rast gəlirik. Məsələn, bir çox hallarda azərbaycançılıq həm milli ideya, həm də milli ideologiya kimi təqdim olunur. Bu zaman başa düşülmür ki, milli ideya və milli ideololgiya eynimi, yoxsa fərqlimi anlayışlardır. Yaxud da ideya və ideologiya arasında hansı mənada oxşar, hansı mənada isə fərqli cəhətlər vardır.

Bizə elə gəlir ki, ideya bir fikiri, təsəvvürü, obrazı özündə əks etdirdiyi halda, ideologiya bir neçə fikri, təsəvvürü və yaxud obrazları özündə cəmləşdirir. Bu mənada ilk baxışda, milli ideya nisbətən məhdud, milli ideolgiya isə daha geniş anlayış olmalıdır. Ancaq bunun özünə müasibətdə də kifayət qədər ziddiyyətlər vardır.

Bu baxımdan burada bütün bu məsələlərə, yəni burada irəli sürülən istənilən bir mülahizəninin nə dərəcə də əsaslı və ya əsassız, subyektiv və obyektiv, elmi və qeyri elmi olmasına aydınlıq gətirilməsinə cəhd göstərilmişdir. Xüsusilə də, bir məsələnin açılması çox önəmlidir ki, Azərbaycan xalqı üçün azərbaycançılıq milli ideyadır, yoxsa milli ideologiyadır? Bəlkə də, azərbaycançılığı hər iki mənada dərk etməli və qəbul etməliyik?

Məsələn, azərbaycançılığı polietnik Azərbaycan vətəndaşlarını birləşdirdiyi üçün hardasa milli ideologiya kimi qəbul edilə bilər. Çünki faktiki olaraq bu zaman Azərbaycanda yaşayan hər hansı bir etnosun dilinə, tarixinə, ədəbiyyatına, mədəniyyətinə və s. üstünlük verilmir. Əksinə, sayının az və ya çox olmasından asılı olmayaraq burada yaşayan bütün etnosların ortaq dəyərlərindən çıxış edilir. Bu zaman onun hədəfində siyasi, iqtisadi, dini, fəlsəfi, etik və baxışlarından asılı olmayaraq bütün azərbaycanlıların birliyi vardır. Başqa sözlə, azərbaycançılıq ona görə milli ideologiya­dır ki, onun hədəfində ayrı-ayrı ideyaların (türkçülük, islamçılıq, modernləşmək, xristian olmaq və s.) elementləri olmalarına baxmayaraq, Azərbaycan dövlətinin suverenliyi, ərazisinin bütövlüyü, vahid Azərbaycan milləti, Azərbaycan dili, vahid Azərbay­can tarixi və s. məsələlər dayanır. Burada önəmli olan Azərbaycanda yaşayan azər­bay­canlıların Azərbaycan dövlətçiliyi, ümumi vətən əsasında birləşməsi və onu qorumasıdır. Əslində azərbaycançılıq bu məqsədlə də irəli sürülmüşdür. Deməli, azərbaycançılıq Azərbaycan daxilində bir milli ideologiyadır.

Bəs Azərbaycandan kənarda da, azərbaycançılığı bir milli ideologiya kimi qəbul etmək olarmı? Zənnimizcə, buna birmənalı cavab vermək çətindir. Çünki azərbay­cançılığın dünya azərbaycanlılarını özündə birləşdirməsi ilə bağlı fikirlər səsələnsə də, ancaq həqiqət ondan ibarətdir ki, İranda eyni qanı və dini deyil, hətta eyni adı paylaşdığımız azərbaycanlıları müdafiə etmək mümkün olmur. Məsələn, İrandakı azərbaycanlıların öz ana dillərində təhsil almaları istiqamətində faktiki olaraq əl-qolu bağlı qalır, onlara heç bir mənada yardım edə bilmirik. Hətta, istəsək də bunu edə bilmərik, çünki bu zaman başqa bir dövlətin işinə qarışmış kimi oluruq.

Bu zaman belə anlaşılır ki, əslində azərbaycançılıq daha çox dövlət daxilində milli ideologiya kimi öz təsdiqini tapır. Vətəndən kənarda isə azərbaycançılıq yalnız türkçülüklə bir yerdə əsaslı və güclü olur. Hətta, deyərdim ki, Azərbaycandan kənarda azərbaycanlıların birliyi deyil, türk xalqlarının birliyi cəlbedici görünür. Bu baxımdan Azərbaycandan kənarda azərbaycançılıq deyil, türkçülük cəlbedici olur. Beləliklə, Azərbaycanda milli ideya olan türkçülük, Azərbaycandan kənarda isə artıq İrandakı türkləri müdafiə edə bilər. Bu mənada türkçülük hətta, bütün türklər üçün milli məfkurəyə çevrilir. Çünki bu zaman müxtəlif coğrafiylarda, ayrı-ayrı dövlətlərin tərkibində yaşayan türklər müxtəlif dini, etik, siyasi, iqisadi və s. baxışlara malik olmaqla yanaşı, türkçülüyü bütün bunların ümumiləşdirməsini, birləşdirirməsini, ortaq tarixin, ədəbiyyatın, dilin yaranmasını nəinki istisna etmirlər, hətta bu istiqamətdə əməli işlər belə görülür. Deməli, Azərbaycanda və Türkiyədə milli ideya, hətta millətçi ideya olan türkçülük ümumtürk mənafeyini - yəni türk millətinin dilini, mədəniyyətini, tarixini, ədəbiyyatını və s. qorumaq məsələsinə gəldikdə bir milli ideologiya halına gəlir. 

Bu mənada türkçülüyün özünə də həm milli ideya, həm də milli ideologiya kimi baxmaq olar. Belə ki, türkçülük milli ideya kimi ilk baxışda konkretdir, çünki yalnız türk millətinin birliyini və yalnız ona aid olan dəyərləri hədəfləmişdir. Bu mənada türkçülük ideologiya deyil, milli ideyadır. Ancaq elə bir dövlət, ölkə varmıdır ki, orada yalnız türklər yaşasınlar və onlar da yalnız türkçülüyü vahid ideya kimi götürsünlər. Zənnimizcə, belə bir dövlət yoxdur. Onda sual oluna bilər, bəs Türkiyə, bəs Azərbaycan? Bu sualın cavabı odur ki, Türkiyədə və Azərbaycanda türklər əsas millət olsalar da, bu gün həmin ölkələrdə dövlət ideologiyası baxımından türkçülük əsas ideya deyildir. Üstəlik, türkçülük tərəfdarları türkçülük ideyasının bu gün Türkiyədə və Azərbaycanda hakim ideya olmasından çox, həmin ideyanın bu və ya digər formada qorunması və yaşadılması uğrunda mücadilə verirlər. Çünki Türkiyədə və Azərbaycanda türkçülük daha çox millətçilik kimi qələmə verilir və bunu fonunda türkiyəçilik, azərbaycançılıq, yurddaşlıq, vətəndaşlıq, dövlətçilik önə çəkilir. Deməli, bu gün istər Türkiyədə, istərsə də Azərbaycanda türkçülüyə məhdud, hətta millətçi ideya kimi baxanlar vardır.

 Digər tərəfdən, türk millətinin özü də ancaq bir dövlətin içində yaşamır. Belə ki, türklərin yaşadığı coğrafiya böyük olduğu üçün, onların bir yox, bir neçə dövləti (Azərbaycan, Türkiyə, Türkmənistan, Qırğızıstan və b.) mövcuddur. Hətta, türklərin bir qismi Çin, İran kimi bəzi dövlətlərdə hüquqsuz və haqsız bir şəraitdə yaşayırlar. Bu zaman məlum olur ki, türkçülük iki halda: 1) hər hansı türk dövlətində türklər monomillət olmadıqları; 2) müxtəlif coğrafiyalarda, müxtəlif dövlətlərin tərkiblərində yaşadıqları üçün özünü konkret bir ideya kimi doğrultmur.

Deməli, türkçülüyün ideyadan ideologiyaya çevrilə bilməsini əngəlləyən əsas faktorlardan biri, bu ideyanın digər etnosların mənafeləri ilə ziddiyyət təşkil etməsidir. Bu baxımdan türkçülük yalnız türklərin maraqlarını ifadə etdiyi üçün bir ideya kimi qalır. Ancaq bu doğurdanmı belədir? Bizə elə gəlir ki, burada problem yalnız türkçülüyün digər etnosların maraqları ilə uzlaşıb-uzlaşmaması ilə deyil, həm də qeyri türk etnosların özlərinin buna hansı münasibət bəsələməsi, yəni onların da uzlaşma istəyinin səviyyəsi ilə bağlıdır. Məsələn, 1920-1930-cu illərdə Türkiyədə türkçülüyün bütün türk xalqları açısından daha geniş anlam kəsb etdiyi bəyan edilərək, onun əvəzində konkret burada yaşayan türk və qeyri-türk vətəndaşların birliyini hədəfləyən türkiyəçilik və yaxud da xalqçılıq irəli sürülmüşdür. Halbuki, bu vaxta qədər türkçülüyün ideoloqu Ziya Gökalpın müdafiə etdiyi türkləşmək, müasirləşmək və islamlaşmaq «düsturu» Türkiyə türklərinin əsas ideologiyası idi. Özü də bu ideologiyanın arasında türkçülük ideyası aparıcı rola malik idi. Digər tərəfdən də Türkiyə Cümhuriyyətinin qurulmasında (1923) əsas rolu türklər və türkçülük ideyası oynamışdı.

Bununla belə, Türkiyə Cümhuriyyətinin qurulmasından müəyyən müddət keçdikdən sonra türkçülük ideyası arxa plana keçirilməyə başladı və onun yerini müəyyən mənada türkiyəçilik, xalqçılıq, ya da dövlətçilik tutdu. Bunula da, türkçülükdən tamamilə imtina olunmasa da, ancaq onunun Türkiyədə əsas ideya kimi rolundan danışmaq da mümkün deyildir. Belə ki, bir tərəfdən türk dili rəsmi dil elan olunub, vahid türk millətinin olması barədə müəddəalar Ana Yasada öz əksini tapsa da, digər tərəfdən vahid türk milləti dedikdə, etnik deyil, siyasi millət, yəni xalqçılıq nəzərdə tutulurdu. Bu siyasi millətə isə türk, kürd, laz və bütün etnoslar daxil edilirdi. Bununla da Türkiyə daxilində bir neçə ideya (dövlətçilik, xalqçılıq, müasirləşmək və s.) ilə birlikdə mövcud olan türkçülüyün, yalnız ölkə xaricində qalan türklərin mənafeyini müdafiə etməsi baxımından milli ideologiya ola bilməsi vurğusu yapılırdı. Hətta, əvvəllər türkçülük, islamlaşmaq və müasirləşmək uğrunda mübarizə aparan Z.Gökalp özü də yazırdı ki, Türkiyə üçün hazırda türkçülük deyil, real olaraq türkiyəçilik vacibdir. Onun fikrincə, türkçülük və turançılıq isə bütün türklərin gələcək idealıdır. Bu mənada Atatürkün də əsas siyasəti türkçülük deyil, heç bir milli və dini ayrı-seçkilik qoyulmadan vahid türk xalqının yaranması, yəni türkiyəçilik-dövlətçilik üzərində qurulmuşdur.

Qeyd edək ki, Z.Gökalpın bu yöndəki ideyaları, Atatürkün siyasi islahatları xeyli dərəcədə uğurlu olsa da, milli məsələnin həllində yetərli olmadı. Hər halda, bunu, Türkiyənin bugünkü siyasi-ideoloji mənzərəsi də bizə deməyə əsas verir. Belə ki, Türkiyədə yenidən milli məsələ müzakirə obyektinə çevrilmişdir. Hətta, hazırda Türkiyədə Konstitusiyada dəyişiklik edilərək «türk milləti» anlayışının yurddaşlıq anlayışı ilə əvəz olunması ilə bağlı fikirlər səslənməkdədir.

Türkiyə xalqının yaşadığı taleyi, demək olar ki, eyni ilə 20-ci əsrin əvvəllərində və sonunda Azərbaycan xalqı da yaşamışdır. Belə ki, Azərbaycan Cümhuriyyəti qurulana qədər türkçülük, islamlaşmaq və müasirləşmək, xüsusilə türkçülüyün bu bölgədə konkret təzahürü olan Azərbaycan türkçülüyü əsas rol oynasa da, 1918-ci ildə dövlət qurulduqdan sonra Azərbaycan dövlətinin qorunmasına və onun yaşaması üçün əsas diqqət «Azərbaycanizm», «Azərbaycan məfkurəsi» hətta, müəyyən mənada «Azərbaycan milləti» ideyasına doğru yönəlmişdi. Halbuki, Azərbaycan Cümhuriyyətində də rəsmi dili türk dili, əsas milləti türk milləti kimi qəbul edilmişdi. Çünki Azərbaycan Cümhuriyyətinin yaranmasında da Türkiyədə Cümhuriyyətinin qurulmasında olduğu kimi, əsas rolu türklər və türkçülük ideyası oynamışdı. Əlbəttə, islamlaşmaq və müasirləşmək ideyalarının da sintezi ilə. Ancaq Azərbaycan Cümhuriyyətini türkçülük ideyası əsasında gerçəkləşdirən türklər təkbaşına bu dövləti qoruya və yaşada bilərdilərmi? Mənə elə gəlir ki, məhz bu suala birmənalı cavab vermək çətin olduğu üçün, diqqət türkçülükdən Azərbaycan milli ideyasına doğru istiqamətlənmişdir. Eyni sözləri islamlaşmaq və müasirləşmək ideyalarına da aid etmək olar. Yəni o zaman islamlaşmaq, və ya müasirləşmək ideyaları da yeni qurulan Azərbaycan Cümhuriyyətini qorumaq və yaşatmaq üçün yetərli deyildir.

Buna görə də M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan türk ideoloqları əsas diqqəti «Azərbaycan» məfkurəsinə yönəlitdilər və tutduğu ideyadan, siyasi və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarını bu ideyanı müdafiə etməyə dəvət etdilər. Fikrimizcə, Rəsulzadə və onun məsləkdaşları xeyli dərəcə də buna nail ola bildilər. Yəni artıq Azərbaycan Cümhuriyyətində yaşayan hər bir kəs islamçı, türkçü, müasirləşmək tərəfdarı, hətta sosial-demokrat olmasından asılı olmayaraq həm də bir azərbaycançı olmağa başladılar. Məhz Cümhuriyyət dövründə qoyulan bu azərbaycançı olmağın nəticəsi idi ki, Sovet Azərbaycanın ilk rəhbərləri də N.Nərimanov, Ə.Xanbudaqov və başqaları Azərbaycan milli ideyasını bu və ya digər dərəcədə qorumağa və yaşatmağa çalışdılar.

Deməli, 20-ci əsrin əvvəllərində türkçülük, islamlaşmaq və müasirləşmək prinsipindən yol götürən Türkiyə və Azərbaycan türkləri, milli dövlətlərini (Azərbaycan Cümhuriyyəti və Türkiyə Cümhuriyyəti) yaratdıqdan sonra, həmin ideyalardan üz döndərməsələr də, müəyyən qədər «redaktələr» etmək məcburiyyətində qalıblar. Burada mühüm məqam ondan ibartədir ki, Türkiyədə və Azərbaycanda bu «redaktələr» fərqli şəkildə baş vermişdir. Belə ki, Azərbaycanda bu «redaktələr» Sovet rəhbərlərinin və ideoloqlarının diktəsi altında baş verdiyi halda, Türkiyə də bunu Z.Gökalp kimi ideoloq, Atatürk kimi dövlət başçısı həyata keçirmişdir. Azərbaycanın milli ideoloqları isə vətənlərində türkçülüyün və islamçılığın başına açılan oyunları mühacirətdə izləyərək yalnız buradan etiraz səslərini ucalda bilmişlər. Xüsusilə, Sovet İmperiyasının 1937-ci ildən etibarən Azərbaycanda türkçülüyün bütün əlamətlərinə (türk dili, türk kimliyi, türk ədəbiyyatı, türk əlifbası və s.) rəsmi və qeyri-rəsmi şəkildə qadağa qoyması, üstəlik Azərbaycanı bilərəkdən etnik qruplara bölüb 13-14 «millət» meydana çıxarması milli mənlik şüurunu ciddi şəkildə zədələmişdir. Eyni zamanda, Cümhuriyyət dövründə irəli sürülən «Azərbaycanizm», milli azərbaycançılıq, «Azərbaycan mili ideyası» da Sovetlər Birliyi dönəmində tamamilə fərqli siyasi-ideoloji təhriflərə məruz qalmışdı.

Bununla da, Sovet işğalı dönəmində, xüsusilə 1937-ci ildən sonra milli mənlik şüuruna vurulmuş zədələr nəticəsində, Azərbaycanda türkçülük, o cümlədən islamçılıq və müasirləşmək «üçlük» düsturu ötən əsrin sonlarında fərqli mənalarla qarşımıza çıxarıldı. Bunun da nəticəsində artıq yeni dövrdə türkçülükdən danışmaq, milli kimliyini və dilini türk olaraq ifadə etmək millətçi və millətçilik kimi yozulub, hətta, dövlətçiliyə təhlükə anlamında dəyərləndirilir. Əvəzində isə azərbaycançılıqdan danışmaq, azərbaycanlı kimliyini və dilini ifadə etmək millətsevrəlik, vətənsevrəlik kimi yozulub, hətta dövlətçiliyin qorunması şəklində qiymətləndirilir. İlk baxışdan, bütün bunlar belə görünə bilər, ancaq məsələnin əsil mahiyyətinə varmadan nəticələr çıxarmaq da yolverilməzdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir