Modern.az

Beynəlxalq narkomafiya Azərbaycan üçün ciddi PROBLEMƏ çevrilib

Beynəlxalq narkomafiya Azərbaycan üçün ciddi PROBLEMƏ çevrilib

Aktual

13 Mart 2013, 11:49

DİN: “Azərbaycandan Avropaya daşınan narkotiklərin cəmi 10 faizi tədbirlər nəticəsində dövriyyədən çıxarılır”



ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi “Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası” adlı hesabatda Azərbaycanla bağlı məsələ də yer alıb. Belə ki hesabatda qeyd olunur ki, Azərbaycan Əfqanıstan və İrandan Rusiya, Avropaya qanunsuz yolla keçirilən narkotik maddələr üçün əlverişli tranzit ölkədir. Həmçinin o da vurğulanıb ki, Azərbaycanda qanunsuz narkotik maddələrin istifadəsi və yetişdirilməsi sahəsində elə də ciddi problem yoxdur.

“ABŞ Dövlət Departamentinin hesabatı  2011-ci ili əhatə edir”

Modern.az bu hesabatla bağlı Daxili İşlər Nazirliyindən rəsmi açıqlama alıb. DİN-in Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, narkomaniya bəşəriyyətin ən böyük, qlobal xarakterli sosial bəlalarından biridir.

“Ölkəmizdə də narkomaniyaya qarşı dövlət səviyyəsində ciddi mübarizə aparılır, bu məsələ ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Narkotik vasitələrin,onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı bir neçə Dövlət Proqramı, müvafiq qanunvericilik və digər hüquqi-normativ aktlar qəbul edilərək icraya yönəldilib. Eyni zamanda, respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərərfindən də  bir sıra qabaqlayıcı, profilaktik tədbirlər, o cümlədən uğurlu əməliyyat tədbirləri həyata keçirilir".

ABŞ Dövlət Departamentinin hesabatının 2011-ci ili əhatə etdiyini xatırladan  nazirliyin rəsmisi polis orqanları tərəfindən ötən il həyata keçirilmiş əməliyyat tədbirləri haqqında məlumat verib. O qeyd edib ki, transmilli mütəşəkkil cinayətkarlığın ən təhlükəli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi və narkotraffikə qarşı mübarizədə həyata keçirilən tədbirlər nəticəsində 2453 cinayət, o cümlədən satışı ilə bağlı 713 fakt aşkarlanıb, 126 nəfərdən ibarət 51 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 596 kiloqram narkotik vasitə və 50 kiloqram prekursor çıxarılıb, 60 kiloqrama yaxın narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 313 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib. 

2012-ci ildə narkotiklərə qarşı polis orqanları tərəfindən keçirilən tədbirlər bir daha sübut edir ki, bu istiqamətdə ölkəmizdə ciddi işlər görülüb və bu gün də görülür. “Rəqəmləri müqayisə etsək, görərik ki, bu sahədə əldə olunmuş göstəricilər ilbəil yaxşılığa doğru dəyişir. Ancaq bu nəticələr reallığı əks etdirmədiyindən bizi qətiyyən qane edə bilməz.

“Azərbaycanın tranzit ölkə kimi göstərilməsində qeyri-adi heç nə yoxdur”

“ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi "Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası" adlı hesabatda  Azərbaycanın Əfqanıstan və İrandan Rusiya, Avropaya qanunsuz yolla keçirilən narkotik maddələr üçün əlverişli tranzit ölkə kimi göstərilməsində qeyri-adi heç nə yoxdur. Əslində bu, ölkəmizin Avropa ilə Asiya   arasında əlverişli geostrateji mövqedə yerləşməsindən irəli gələn bir məsələdir”.

DİN rəsmisinin sözlərinə görə, transmilli mütəşəkkil qrupların məlum marşrut üzrə narkovasitələri Avropa və Rusiyaya ölkəmizin ərazisi vasitəsilə aparmaları, həmin yolla daşınan "ağ ölümün" yalnız 10 faizə yaxın bir hissəsinin hüquq-mühafizə orqanlarının keçirdikləri tədbirlər nəticəsində dövriyyədən çıxarılması, bu zaman Azərbaycanın işğal altındakı, İranla həmsərhəd olan ərazisindən də istifadə olunması və s. bu kimi ciddi problemlər DİN rəhbərliyi tərəfindən ən müxtəlif səviyyələrdə keçirilən toplantılarda, müşavirələrdə, beynəlxalq konfranslarda dəfələrlə vurğulanıb.

“Ağ ölüm”ə qarşı hamı birləşməlidir”

“Sözügedən sosial bəlaya qarşı bütün maraqlı ölkələrin, beynəlxalq təşkilatların səylərinin birləşdirilməsinin, birgə mübarizə aparılmasının zəruriliyi qeyd edilib. Həmin məqsədlə ölkəmiz narkotiklərlə mübarizəyə dair bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulub, bəzi ölkələrlə bu sahədə müqavilələr də imzalanıb. Narkotiklərlə mübarizə Azərbaycan kimi gənc müstəqil ölkələr qədər dünyanın ən inkişaf etmiş dövlətləri üçün də hər zaman aktualdır.

Narkomaniyaya qarşı  mübarizədə təkcə polisin və digər hüquq-mühafizə orqanlarının gördüyü əməliyyat-profilaktik tədbirlərlə kifayətlənmək olmaz. Bu işə bütün cəmiyyət, o cümlədən dövlət orqanları, aidiyyatı qurumlar, QHT-lər, vətəndaş cəmiyyətinin institutları qoşulmalıdırlar. Yalnız bu halda "ağ ölüm"ə qarşı daha səmərəli mübarizə aparmaqdan danışmaq olar".

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır