Modern.az

“Gülər Əhmədova demişdi ki, “üzərimə çox gəlsəniz, Əvəz Zeynallı kartını açacam””

“Gülər Əhmədova demişdi ki, “üzərimə çox gəlsəniz, Əvəz Zeynallı kartını açacam””

13 Mart 2013, 14:43

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsilə bağlı onun hüquqlarının Müdafiə Komitəsi mətbuat konfransı keçirib. Modern.az-ın məlumatına görə, mətbuat konfransında çıxış edən Ə.Zeynallının həbsilə bağlı yaradılmış Preventiv Təhqiqat Qrupunun rəhbəri Əfqan Muxtarlı hesab edir ki, Əvəz Zeynallının məhkəmə qərarı ilə ən azğır cəza - 9 il azadlıqdan məhrum edilməsini əslində gözlənilirdi: “Biz əvvəldən də Əvəz Zeynallının ağır siyasi motivlərlə həbs olunduğunu bildirmişdik. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində oxunan hökm bunu sübut etdi. Bir ilə yaxın gedən məhkəmə prosesində külli miqdarda qanun pozuntularına yol verildi. İstintaq tərəfindən şahidlərin heç biri ilə baş redaktor arasında üzləşdirmə prosesi aparılmayıb. Məhkəmə istintaqın hazırladığı, əsaslandıra bilmədiyi bütün əskiklikləri hökmə daxil etdi. Əvəz Zeynallının işində əsas şikayətçi olan sabiq deputat Gülər Əhmədova bir dəfə heç kimə xəbərdarlıq edilmədən məhkəməyə gətizdirildi, həmin vaxt da o qədər hay-küy saldı ki, Əvəz Zeynallının ona sual verməsinə imkan vermədi. Gülər Əhmədovanın özü haqqında dələduzluq maddəsilə cinayət işi qaldırılandan və hətta həbs olunandan sonra da onun məhkəməyə gətizdirilməsi təmin edilmədi. Baxmayaraq ki, Əvəz Zeynallı dəfələrlə, israrla vəsatət qaldırdı ki, G.Əhmədova məhkəməyə gətizdirilməlidir, hakim Ramella Allahverdiyeva isə bir mənalı olaraq “Gülər Əhmədova məhkəməyə gətizdirilməyəcək” dedi. Gülər Əhmədova məhkəmədə iştirak etməsilə bağlı xəbər də göndərdi, məhkəmə işin açılmasında maraqlı olmadığı üçün buna da əhəmiyyət vermədi. Yadınıza salaq ki, Gülər Əhmədova Baş prokurorluqda MTN əməkdaşları tərəfindən dindiriləndə də demişdi ki, “üzərimə çox gəlsəniz, Əvəz Zeynallı kartını açacam”. Məhkəmə ümumiyyətlə maraqlanmadı ki, Gülər Əhmədova bu mesajı kimə və niyə göndərir. Məhkəmə prosesinin getdiyi müddətdə digər şahidlər də istintaqa verdikləri ifadələrdən demək olar ki, imtina etdilər. Lakin dövlət ittihamçısı Ramazan Hadıyev onlara açıq təzyiq göstərərək istintaqa verdikləri ifadələri təsdiqlətdirdi”.

“Turan” İnformasiyaAgentliyinin direktoru Mehman Əliyev məhkəmələrdə şəxsən iştirak etdiyini və əvvəldən sona qədər prosesi müşahidə etdiklərini bildirib: “Mənim qənaətimə görə, Əvəz Zeynallı 100 faiz sırf siyasi qərar əsasında həbs olunub. Əvəz Zeynallıya 9 il həbs cəzası kəsilməsi, həm də Azərbaycanın müstəqil  jurnalistikasına olan təzyiqdir. Müstəqil mətbuatın gözü qorxudulur ki, kim səsini çıxarsa, kim həqiqətlərin üzə çıxarılmasına nail olmaq istəyəcəksə, onu da Əvəz Zeynallının aqibəti gözləyir. Bütün bunlara baxmayaraq bütün mərhələlərdə Əvəz Zeynalıının hüquqlarının müdafiəsi lazımı səviyyədə təşkil olunub. Bu gün də onun tezliklə azadlığa buraxılacağı ilə bağlı nikbin fikirlər var. Hesab edirəm ki, bütün qanuni və hüquqi vasitələrdən istifadə edərək, biz bu il Ə.Zeynallının həbsdən azad olunmasına nail ola biləcəyik”.

Siyasi Məhbuslarsız Azərbaycan İctimai Asossasiyasının sədri Elşən Həsənovun fikrincə, bu gün bir müstəqil qəzetin baş redaktorunun heç bir əsas olmadan barəsində 9 il müddətinə həbs cəzası kəsilməsi Azərbaycanın ədliyyə sisteminin nə qədər bərbad vəziyyətdə olduğunun göstəricisidir:

Jurnalistin anası Şamama Zeynallı deyib ki, Ə.Zeynallının həbsində əsas şikayətçi kimi həbs olunan Gülər Əhmədovanın YAP-ın adına vurduğu qara ləkədən sonra özünün həbs olunması da məhkəmə tərəfindən əsas götürülmədi.
“Məhkəmə izah etmədi ki, necə ola bilər ki, haqqında dələduzluq maddəsilə cinayət işi açılan bir adamın şər və böhtanı ilə bir baş redaktoru 9 il azadlıqdan məhrum etmək olar? Bütün proses cəmiyyətin gözü qarşısında oldu. Mandat bazarlığı, alverini edənlər kənarda qaldılar, rüşvət və korrupsiyaya qarşı mübarizə aparan Əvəz Zeynallını məhz bu maddələrlə 9 il azadlıqdan məhrum etdilər”.

 “Bizim Yol” qəzetinin əməkdaşı İdrak Abbasov təəsüflə qeyd edib ki, nə üçün Ə.Zeynallının azadlıqdan məhrum edilməsi ölkənin siyasi partiyaları, müstəqil QHT-ləri, sırf insan və jurnalist haqları ilə məşğul olan beynəlxalq və yerli təşkilatlar tərəfindən etirazla qarşılanmadı.

 “Xural” qəzetinin kommersiya direktoru Nizami Həsənli məhkəmə prosesinin getdiyi 17 ayda bir çox şeylərin şahidi olduqlarını deyib. O proses müddətində ələrində olan rəsmi sənədləri dəlil olaraq məhkəməyə təqdim etmələrinə baxmayaraq, Ə.Zeynallı haqqında şıxarılan hökmdə öz əksini tapmamasını da “ucuz siyasi oyun” kimi dəyərləndirib.

Mətbuat konfransının sonunda bildirilib ki, artıq Ə.Zeynallıya 9 il hökm oxunması ilə bağlı məlumat və bəyanatlar hazırlanaraq, beynəlxalq təşkilatlara göndərilib. Müəyyən danışıqlar əsasında baş redaktorun həbsdən azad olunması üçün kifayət qədər məlumat toplanıb ki, onlar müvafiq qurumlara da təqdim olunacaq.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır