Modern.az

Deputat: “Rusiyada oxumuş hərbçiləri xəyanətdə suçlamaq yanlışdır”

Deputat: “Rusiyada oxumuş hərbçiləri xəyanətdə suçlamaq yanlışdır”

Aktual

14 Mart 2013, 10:41


Bu gün orduda peşəkar zabitlərin çoxu vaxtilə Rusiyada hərbi təhsil almış hərbçiləridir. Müstəqillikdən sonra isə hərbçilərimizin çoxu Türkiyədə və digər Avropa ölkələrində təhsil alıblar. Bu baxımdan sovet hərbi təhsili ilə indiki xarici ölkələrdəki hərbi təhsili müqayisə etmək düzgün olmaz. Bu iki fərqli təhsil orduda da istər-istəməz ideoloji, psixoloji fərqlilik yaradır. Hətta sovet təhsilli hərbçilər arasından Rusiyaya “xidmət edənlər” in olduğu iddiasına düşənlər də var.

Modern.az hərbi sahədə alınan fərqli təhsillərin orduda yarada biləcəyi problemləri araşdırıb. 

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyir ki, Azərbaycan ordusuna türk hərbi generallarından məsləhətçilərə çox ehtiyac var. Onun dediyinə görə, Sovetlər Birliyi dağıldıqdan sonra fərqli formasiyalardan çıxmış insanların idarəetməsində uzlaşma nöqtələrini tapmaq o qədər də asan olmayıb. Onun sözlərinə görə, bu, dövlət həyatının bütün sahələrini əhatə edir:

“Sovet dövründə yetişən zabit, generallarımızın bu gün orduda hansı sayı təşkil ediyini araşdırmaq lazımdır. Amma etiraf etmək lazımdır ki, ötən dövr ərzində Türkiyə hərbi sisteminin təhsil məkanına gəlməsi ilə bu təhsildən çıxmış yetərincə insanlar da var. Hərbi sektorda çalışanların hamısının rus profilli olmasını demək düz olmaz. Bir sıra hallarda “onlar hətta casusluq fəaliyyəti göstərirlər” demək çox ciddi ittiham olardı. Bu, təhlükəsizliyimizə və maraqlarımıza zərbə vuran bir tezisdir. Çünki o, dövrdə həmin insanların təhsil üçün alternativi yox idi”.

Deputat onu da bildirib ki, NATO və Rusiya hərbi məktəblərinin arasında ixtilafın olduğu danılmazdır. Bu hərbi birləşmələr arasında ideoloji, psixoloji, siyasi planda vuruşmalar hər zaman davam edəcək:
“Dünya miqyasında da bu belədir. Heç bir halda sovet hərbi mütəxəssislərini, kadrlarını inqilabi şəkildə bizim hərbi məkandan uzaqlaşdırmağı tələb etmir. Bu halda biz öz əlimizlə imkanlarımızı böyük zərbə vurmuş oluruq. İnkar etmək olmaz ki, onlar müəyyən hərbi bilikləri daşıyırlar, coğrafiyanı bilirlər. Bu gün dünyanın, Rusiyanın və başqa ölkələrin də üstünlük verdiyi dəyərləri mənimsəməliyik. Türkiyənin, Pakistanın köməkliyi ilə silahlı qüvvələrimizin formalaşmağında addımlar atmalıyıq. Bildiyimə görə, Müdafiə Nazirliyində də hərbi strateji, siyasi işin planlaşdırılması ilə bağlı bir neçə peşəkarların toplaşdığı beyin mərkəzləri, analitik institutlar mövcuddur. Məhz onlar sayəsində dünyada çox sürətlə yenilənən aparıcı siyasəti izləməliyik, ona adekvat da ölkəmizin hərbi müdafiə potensialını möhkəmləndirmək üçün addımlar atmalıyıq”.

Zahid Oruc bildirib ki, Türkiyə Azərbaycanın hərbi sisteminin möhkəmlənməsində yaxından iştirak etməlidir: “Azərbaycan ordusuna türk generallarının məsləhətinə ehtiyacı var”.

Gültəkin Ələsgər    

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir