Modern.az

“Dövlət qurumları QHT-lərin nəzarətinə maneə yaradırlar” - Rəy

“Dövlət qurumları QHT-lərin nəzarətinə maneə yaradırlar” - Rəy

14 Mart 2013, 14:37


“Bu gün birmənalı şəkildə QHT-lər icimai nəzarət funksiyasını həyata keçirirlər”. Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib. O qeyd edib ki, QHT-lərin əsas vəzifələrindən biri də ictimai nəzarətin həyata keçirilməsidir.
“Təbii ki, bu QHT-dən QHT-yə, sahədən-sahəyə dəyişir. O sahələrdə dövlət qurumları ilə QHT-lər daha yaxşı əməkdaşlıq edirlər ki, həmin sahəyə ictimai nəzarəti həyata keçirmək daha effektiv və asan olur. Çətinliklər olanda isə adekvat olaraq bu işə təsir göstərir. Amma bütövlükdə QHT-lər bütün sahələrdə hökumətin fəaliyyətinə ictimai nəzarəti həyata keçirirlər. Bununla bağlı hesabatlar hazırlayırlar, müəyyən təkliflərlə çıxış edirlər. Düşünürəm ki, bu istiqamətdə görülən işlər və əldə olunan təcrübə qənaetbəxşdir”.

Hüquqşünas Əliməmməd Nuriyev isə bildirib ki, bu gün QHT-lərin ictimai nəzarət funksiyası yetərincə deyil. “QHT-lərin bunu başa düşməklə bağlı yetərincə problemləri var. Çünki ictimai nəzarəti həyata keçirmək üçün hər şeydən əvvəl bu və ya digər sahəni peşəkarcasına bilmək lazımdır. Hansı proseslər gedir, onların səlahiyyətləri nədir, bütövlükdə bunu anlamaq lazımdır”.

Ə. Nuriyev hesab edir ki, QHT-lərdə yetərincə peşəkarlıq yoxdur. “Müəyyən QHT-lər var ki, peşəkardırlar. Ümumiyyətlə, QHT-lər bəzi hallarda ictimai nəzarəti bir qədər başqa formada başa düşürlər. fikirləşirlər ki, yanlış informasiyalar verməklə, bəzi hallarda şantaj etməklə bu ictimai nəzarəti həyata keçirmək mümkündür, bu da yanlış yanaşmadır”.
 Ə.Nuriyevin sözlərinə görə, bu gün ictimai nəzarət funksiyasını həyata keçirən, əhəmiyyətli dərəcədə peşəkarlaşmış QHT-lər də var. “Burada həm ictimai nəzarətin funksiyasını başa düşürlər, həm də bu istiqamətdə müəyyən fəaliyyətlər də həyata keçiribilər”.

Hüquqşunas bildirib ki, bütövlükdə bu proseslə bağlı qanunvericilikdə ciddi sürətdə müəyyən dəyişiklərə ehtiyac var. “Qanunvericilikdə bu proseduralar yetərincə öz əksini tapmamışdır. Bəzi hallarda dövlət qurumları, ictimai maraq doğuran fəaliyyətlə məşğul olan qurumlar qanunvericilikdə bu boşluğa istinad etməklə QHT-lərin fəaliyyətinə maneçilik yaradırlar.

Ona görə hesab edirəm ki, qanunvericilikdə müəyyən təkmilləşmələr olmalıdır və vətəndaş cəmiyyəti özü peşəkarlığını artırmalıdır. Eyni zamanda məsələlərə qərəzsiz münasibət olmalıdır. Digər tərəfdən buna maneçilik törədən səbəblərdən biri yetərincə maliyyə vəsaitinin olmamasıdır”.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!