Modern.az

Tibb Universitetinin rektoru: “Baş həkimlərin özbaşına işə həkim götürmək məsələsi bitdi” - MÜSAHİBƏ

Tibb Universitetinin rektoru: “Baş həkimlərin özbaşına işə həkim götürmək məsələsi bitdi” - MÜSAHİBƏ

14 Mart 2013, 15:44

Modern.az saytı millət vəkili, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovla müsahibəni təqdim edir.

- Əhliman müəllim, rəhbərlik etdiyiniz universitetdə bir neçə əcnəbi mütəxəssis dərs keçir. Buna necə nail oldunuz? Ümumiyyətlə, Tibb Universitetində aparılıan islahatlar barədə məlumat vermənizi istərdik...

-  Mən ilk növbədə universitetdə aparılan dəyişikliklərdən söz açmaq istəyirəm. Diplomdan sonrakı təhsilimizdə dəyişikliklər edərək, rezidentura sisteminə keçmişik. Bu il artıq 3 il olacaq ki, rezidenturaya qəbul prosesini həyata keçiririk. Mən universitetə gəldiyim illərdən başlayaraq bir illik internatura sisteminin dəyişilməsi istiqamətində işlər apardım. Amma çox təəsüflər olsun ki, biz bunu həyat keçirə bilmədik. Ona görə həyata keçirə bilmədik ki “Təhsil haqqında”  qanununda rezidentura sisteminə yer ayrılmamışdı. Orada internatura sistemi olduğuna görə biz ondan yaxa qurtara bilmirik. Yeni təhsil qanunu qəbul olunanda orada rezidentura sistemi nəzərdə tutuldu və qanun qəbul olunan kimi biz bu sistemə keçdik. Yəni bütün dünyada diplomdan sonra mütəxəssis hazırlığı necədirsə, bizdə də elədir.
Türkiyə və digər ölkələrdə olduğu kimi, bizdə də müxtəlif ixtisalar üzrə 2 ildən 5 ilə qədər diplomdan sonra mütəxəssis hazırlığı olur. Ona görə də rezidentura sisteminə keçmək bütövlükdə gələcəkdə hazırladığımız bu və ya digər ixtisaslar üzrə mütəxəssislərin səviyyəsinin yüksəldilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində atılmış ən uğurlu addımdır.
Biz Türkiyə, Almaniya və bir çox Avropa ölklərinin universitetləri ilə müqavilə bağlamışıq. Onlarla rotasiya məsələsini də həll etmişik. Yəni bizdə bu gün rezidenturaya daxil olmuş həkimlərin böyük bir qismi Türkiyənin klinikalarında 3-6 ay və bir illik rotasiya keçəcəklər. Çexiya, Almaniya və başqa Avropa ölkələrinin klinikalaraında da mütəxəssislərimizə təcrübə toplamaq imkanı yaratmışıq. Türkiyənin böyük klinikalarına da tələbələr göndərmişik. Sadaladığım ölkələrin böyük universitetlərinin klinikaları ilə müqavilələrimiz var. Təsəvvür edin ki, İstanbul Universitetinin min çarpayılıq klinikaları var. Orada da yüksək ixtisaslı mütəxəssislər var və biz bu istiqamətdə işimizi davam etdirsək, hesab edirəm ki həkimlərimiz daha çox təcrübə toplayaraq daha uğurlu nəticələr əldə edə biləcəklər. Təbii ki, bundan sonra gələcəkdə yüksək ixtisaslı mütəxəssis kimi çalışacaqlar. Bu rezidentura sistemi son illər universitetimizdə aparılmış ən böyük və ən faydalı islahatlardan biridir.
Digər tərəfdən, biz diplomaqədərki təhsil sisteminədə dəyişiklikllər etmişik. Tibb Universiteti  bütövlükdə artıq “Boloniya sistemi”nə keçib və eyni zamanda proqramımızda bir sıra  dəyişikliklər etmişik. Bununla əlaqədar tədrisin istiqaməti və keyfiyyəti dəyişilib. Bizdə bir fakültənin bir kursunu çıxmaq şərtilə imtahanlar insan faktoru və müdaxiləsi olmadan həyata keçirilir. Tələbələr kompüter vasitəsilə imtahan verirlər və qiymətlərini də oradan öyrənirlər. Tibb Universitetində tələbələrin biliyinin qiymətləndirilməsində insan faktoru rol oynamır. Bu,  tələbələrimiz tərəfindən çox yüksək qarşılanır. Yəni 300-ə qədər kompüterdən ibarət və iki sinif yaradılıb, hər birində 150 nəfər olmaqla 300 tələbə eyni vaxtda imtahanda iştirak edə bilər. İndi Tibb Universitetində hansısa tələbənin qiymətini bir bal belə, dəyişmək qeyri-mümkündür. Universitetin rəhbəri kimi bu istiqamətdə bütün mümkün addımları atacağımıza qərar vermişəm.

- Tibb Universitetində çalışan müəllim kontingenti arasında sovet təhsil sistemi əsasında təhsil almış müəllimlər az deyil. Etiraf etmək lazımdır ki, onların bir çoxu əvvəllər pul almadan tələbəyə qiymət yazmırdılar. İndi bunu necə qəbul edirlər?

-  Əvvəllər bunula bağlı söhbətlər çox olub. Mən bir məsələni də deyim ki, bu sistemə keçmək o qədər də asan olmadı. Buna müqavimət göstərən insanlar çox oldu və biz iradəmizi ortaya qoyduq. Hətta tələbələrin bir hissəsi bunu əvvəllər başa düşmürdü. Bununla razılaşmayanlar da var idi. Amma səhiyyə naziri ilə birgə imtahan zalına girib tələbələrə sual verdik ki, “siz klassik imtahan formasının yenidən tətbiq olunmasını istəyirsinizmi?” Heç bir tələbə bu fikri dəstəkləmədi. Tələbələr yeni sistemi dəstəkləyirlər və biz testləri hətta əvvəlcədən universitetin saytında yerləşdiririk. Tələbələr onun vasitəsilə imataha hazırlaşırlar. Düzdür, onların içərisində müəyyən faiz gizli testlər olur. Keçən il biz bunu 20% etmişdik. Bu il isə 25% etdik. Bu testlər də tələbələrin mənimsədiyi dərsliklərdən hazırlanır.

- Amma bəzən tələbələrin də yeni sistemə qarşı çıxdığının şahidi oluruq.

- Bu heç vaxt ola bilməz. Baxın, klassik imtahan formasında qeyri-kafi qiymət alan tələbələrimiz təxminən son on ilin statistikasına baxsaq 15% idi. Hətta elə semestr olub ki, tələbələrimizin 17%-i qeyri-kafi qiymət alıb.
Bu il isə yeni üsulla keçirilən imtahanlarda məqbul balı yığa bilməyən tələbələrin sayı 1% endi. Bu bizim keçirdiyimiz islahatların nəticəsidir və bu yolda çox böyük işlər gördük. Buna qarşı mətbuatda da hücumlar oldu və bəziləri dedi ki, bu, əzbərçilkdir. Biz hesab edirik ki, düzgün yoldayıq və bu üsulla tələbələrin biliyinin qiymətləndirməsi dünyanın hər yerində qəbul olunmuş sistemdir. Avropa və Amerika ölkələrində də bu üsul tətbiq olunur və çox doğru üsuldur. Düşünürəm ki, apardığımız ən böyük islahatlardan biri də budur. Ölkə prezidenti bu yöndə səylərini göstərir və o da hesab edir ki, bizdə yüksək ixtisaslı və biliyə malik olan həkimlərin sayı artmalıdr. Bu gün berynəlxalq tələblərə cavab verən həkimlərimizin sayının artırılması istiqamətində çox böyük işlər görürük. İlk növbədə ölkə başçısının imzaladığı proqramla çox insanlar dünyanın bu vəya digər məşhur universitetlərinə göndərilir. Təkcə keçən il Tibb Universitetinin 164 məzunu Türkiyə və Avropanın ayrı-ayrı ölkələrində rezidenturaya qəbul oldular. Bunun 62 nəfəri Almaniyanın klinikalarına daxil olub. Bir çox tələbələrimiz Türkiyədə uzmanlıq imtahanlarını uğurla başa vurublar. Bəzən deyirlər ki, tələbələr gedib xarici ölkələrdə rezidenturanı oxuyub orda qalacaqlar. Amma mən deyərdim ki, böyük əklsəriyyət geri qayıdır. İkinci tərəfdən, əgər tələbələrimiz orada qalıb işləyəcəklərsə, biz buna yalnız sevinə bilərik və bu, bizim fəxrimizdir. Diaspor və başqa yerlərdə çalışan insanlar gələcəkdə Azərbaycana böyük xeyir gətirəcəklər. Hələ mən tələbələrimizi demirəm, prezidentin təsdiq elədiyi Dövlət Proqramı çərçivəsində yaxın gələcəkdə 5 minə yaxın tələbəmiz xarici ölkə universitetlərində təhsil alacaq.
Tibb Universiteti üzrə təhsil alan tələbələrin sayı dominantlıq təşkil edir. Türkiyədə hardasa 350-360 məzunumuz uzmanlıqda oxuyur və biz çalışırıq ki, tələbələr oranı bitirdikdən sonra onları Azərbaycana dəvət edək. Mən düşünürəm ki, bu, bizim gələcəkdə bu və ya digər ixtisaslarda ehtiyacımız ödəməyə kömək edəcək. Ən nəhayət, onu deyim ki, prezidentimizn imzaladığı proqrama görə, dünyanın tanınmış mütəxəssislərini Azərbaycana dəvət etmək və burada gənclərə təbabəti tədris etmək və öyrətmək kimi işlərə də start verilib. Bu siyahıda dünyanın aparıcı klinikaları var.
Almaniyanın Hamburq klinikasından, Fridrix Aleksandr Universitetinin aparıcı professoru Sven Hauq artıq bizim universitetdə 1 aydan artıqdır  tələbələrlə məşğul olur və hətta universitetdə dərs deyən gənc müəllimlərə mühazirələr oxuyur. Həm də onlarla bir yerdə xəstələri qəbul edir və onların müalicə olunmasında bizim mütəxəssislərlə birgə çalışır. İndi universitetimizdə belə 8 əcnəbi mütəxəssis-professor çalışır. Onlar gənclərimizin təcrübələrinin artmasında və yeniliklərin öyrənilməsində yaxından kömək edirlər. Ayrıca rezidentlər üçün diskussiyalar aparırlar. Mənə belə gəlir ki, bu çox gözəl bir təcrübədir. Biri var müəyyən qrup insanı xaricə göndərəsən, bu, böyük vəsait tələb edir, amma biri də var ki, 8-10 nəfərin bura gəlməsi, uzun müddət burada olması və öz təcrübələrini bizim mütəxəsislərə öyrətməsi... İkinci daha böyük işdir. Açığını deyim ki, bizim universitetin professoru Əziz Əliyevin bu işi həyata keçirməkdə çox böyük köməyi olub. Bu mütəxəsislərin Azərbaycan dəvət olnumasında o, böyük çabalar göstərdi. Onlar təkcə bizim universitetdə deyil, başqa yerlərdə - Mərkəzi Klinikada, Onkologiya Mərkəzində də çalışırlar. Ona görə də mənə belə gəlir ki, gələcəkdə həm ixtisasların sayı, həm də mütəxəsislərin sayı artacaq. Bundan sonra da biz hansı sahə üzrə çətinliklərlə rastlaşsaq, o sahə üzrə mütəxəsislər dəvət edəcəyik. Bu, böyük proqram olduğuna görə hər zaman davam edəcək. Cənab Prezidentimiz tərəfindən bu proqram imzalanıb. Bunun üçün vəsaitlər nəzərdə tutulub.

-  Əhliman müəllim, bizdə elə bir rəy formalaşıb ki, sanki hansisa xarici ölkədən gələn ən zəif həkim bizim mütəxəssislərdən güclüdür. Bunu necə qiymətləndirirsiniz?

- Bizdə elə sahələr var ki, bəlkə də o sahələr üzrə mütəxəssis almağa ehtiyac yoxdur. Amma elə sahələr var ki, ehtiyac duyulur. Amma bu o demək deyil ki, Azərbaycanda mütəxəssis yoxdur. İndi görürsünüz ki, bölgələrdə çoxlu sayda Müalicə-Diaqnostika mərkəzləri var. Orada elə avadanlıqlar qoyulub ki, bunun üçün yüksək səviyyəli mütəxəssislər yetişdirmək lazımdır. Ona görə də bütövlükdə mütəxəssilərin sayını artırmaq lazımdır. Şübhəsiz ki, tibb üzrə son dərəcə inkişaf etmiş ölkələr var. Vaxtilə Almaniya, Türkiyə yüksək ixtisaslı mütəxəssislər yetişdirmək üçün Amerikanın gücündən yararlanıb. Bu gün Türkiyədə tanınmış mütəxəssislərin çoxu İngiltərədə, Amerikada yetişmiş insanlardır. İndi isə Türkiyədə imkanlar o qədər genişlənib ki,  Avropa ölklərindən ora çoxlu sayda xəstə axını var. Mən əminəm ki, bizdə də bu, belə olacaq. Özüm də bir mütəxəssis kimi xarici ölkələrə gedəndə klinikalara baş çəkirəm, baxıram ki, hansı yeniliklər var. Əməliyyatlara girirəm, mənə maraqlıdır ki, onlar bizdən nə ilə fərqlənir. Öyrənmək heç vaxt gec deyil, ona görə də gənclərimiz daim öz üzərlərində işləməli və yüksək səviyyəli mütəxəsis olmaq uğrunda öz səylərini göstərməlidirlər. Yüksək səviyyəli mütəxəsislərin bildiklərini bizim gənclərə ötürmək gələcəkdə çox böyük faydalar verəcək.

- İslahatlar imkan verəcəkmi Tibb Universitetinin diplomları dünyanının ayrı-ayrı ölkələrində tanınsın?

- Bu diplom məsələsini bəzən çox qabardırlar və düzgün dəyərləndirmirlər. Dünyada tibb təhsilində diplomların tanınması qaydası var. Siz təsəvvür edin ki, bu gün Amerikanın tanınmış tibb fakültəsinin məzunu Türkiyəyə gəlirsə, o hökmən imtahan veməlidir. Diplomun tanınması o demək deyil ki, imtahansız işə qəbul olunursan. Ona görə də tibb diplomları başqa diplomlardan fərqlənir. Bir çox ölkələrdə Səhiyyə Nazirliyi, Həkimlər Assosiasiyası var. Türkiyədə Həkimlər Odasının icazəsindən sonra məzunlar həkimlik fəaliyyətinə başlayırlar. Bizim diplomlar tanınır. Təkcə Almaniyada 31-32 nəfər imtahan verib, diplomu təsdiq edilib və ondan sonra fəaliyyətə başlayıblar. Ona görə də bu diplomların tanınması məsələsini bəzən qarışdırırlar. Bir daha bildirirəm ki, bütün dünyada tibb diplomlarının tanınmasının yeganə yolu yuxarıda dediyim kimidir.

- Bizdə necə olacaq, xaricdə tibbi təhsil alanlar necə yoxlanılacaqlar?

- İndi xaricdən gələn diplomlar Səhiyyə Nazirliyində ratifikasiya olunur. Bundan sonra işə qəbul üçün imtahan verilir. İstər xaricdən gələn olsun, istərsə yerli mütəxəssislər, qayda budur. Bundan sonra da belə olacaq. Misal üçün, qəzetdə elan verilir ki, Tibb Universitetində bir cərrahiyə yeri boşdur. Bura 20 nəfər sənəd verir və testdən keçir. Kim daha yüksək bal topladısa, o da qəbul olunur. Daha sonra komissiya təşkil olunur. Müəssisə rəhbərlərinin özbaşına həkim işə götürmək məsələsi bitdi. Özəl klinikalar haqqında isə heç nə deyə bilmərəm.

- “Boloniya sistemi”nə keçdiyinizi bəyan etdiniz. Universitetinizdə tədris olunan fənlər bu sistemə tam uyğundurmu? 

- Bu gün bizim atdığımız addımların biri də ondan ibarətdir ki, proqramımız bütövlükdə Avropa Birliyi ölkələrinin proqramına yaxınlaşaq. Elə “Boloniya sistemi”nin məqsədi də ondan ibarətdir ki, universitetlər biri-birinə inteqrasiya etsin. Amma mən deyərdim ki, bu, heç də asan bir şey deyil. Bu istiqamətdə çox böyük işlər gedir. Mən əminəm ki, yaxın vaxtda bizim proqram Avropada tibb təhsili verən universitetlərin tibb proqramının səviyəsi ilə eyni olacaq. Bu istiqamətdə işlər aparırıq.

- Telekanallarda xəstəxanaların reklamı gedir. Verilişlərdə həkimlər az qala yol polisləri kimi hərəkət edirlər. Əslində yol polisi gizli yerdə dayanıb ancaq sürücünün səhvini tapmaqdansa, aşkar yerdə dayanıb sürücünü istiqamətləndirsə, daha yaxşı nəticə alınar. Həkimlər də telekanllarda o sayaq danışırlar. Buna necə baxırsınız?

- Mən sizə deyim ki, reklamlarla əlaqədar məni qane etməyən bir çox məqamlar var. Bu istiqamətdə də işlər gedir. Bu sahə ilə bağlı reklamlara çox ehtiyatla yanaşmaq lazımdı. Hər hansl bir preparatı reklam etsələr ki, bu dərman hansısa xəstəliyin əlacıdır, onda heç həkimə ehtiyac olmaz ki... Reklamla əlaqədar işləri qaydaya salmaq lazımdı. Bir çox klinikalara icazəsiz xaotik xarici mütəxəssislərin dəvət olunması da problemli məsələdir. Səhiyyə Nazirliyi bu istiqamətdədə  işə başlayıb. Bir azərbaycanlı həkim Avropanın hər hansı bölgəsində icazəsiz fəaliyyət göstərə bilməz. Özəl kilinikaların elə həkimləri var ki, etdikləri ilə özlərini öyürlər, amma onların gördükləri işlər göz qabağındadır.

 Pərvin ARZUQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir