Modern.az

"WinPhone 2" müsabiqəsinə yekun vurulub - FOTOLAR

"WinPhone 2" müsabiqəsinə yekun vurulub - FOTOLAR

14 Mart 2013, 16:00

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, "Bakcell"in baş sponsorluğu, "Microsoft Azerbaijan", "Nokia" və "Mobitel"in təşkilati dəstəyi ilə təşkil olunan "WinPhone 2" müsabiqəsi başa çatıb.

Müsabiqənin yekununa həsr olunmuş tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu müsabiqənin İKT sahəsinin inkişafına böyük töhfə olduğunu bildirib: "Bu günlərdə RİTN yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əsasnamə təsdiqlənib. Ümumiyyətlə, "İKT ili" çərçivəsində xeyli tədbirlərin reallaşması nəzərdə tutulur ki, bu tədbirlərə digər dövlət qurumları da cəlb ediləcək".

"Hackathon Azərbaycan" layihəsinin rəhbəri Rəşad Əliyev müsabiqəyə 81 nəfərin qatıldığını, onların arasından seçilən 11 nəfərin 16 tətbiq yaratdığını qeyd edib. Müsabiqənin qalibləri aşağıdakılardır:

1-ci yer: Rüfət Babakişiyev,

2-ci yer: Önər Əlili

3-cü yer:  Rəşid Əliyev

Qaliblərə "Bakcell", "Microsoft Azerbaijan", “Think” və "İnfipro" şirkətlərinin xüsusi hədiyyələri də təqdim olunub.

Müsabiqənin baş sponsoru "Bakcell" şirkətinin marketinq şöbəsinin direktoru Aynur Abjanova layihə ilə bağlı fikirlərini belə ifadə edib: “Gənclərin bu layihəyə göstərdiyi maraq və aktiv iştirakından çox məmnunuq. Məndə olan məlumata görə, hətta burda bəzi iştirakçılar müsabiqəyə iki və daha artıq tətbiq təqdim ediblər. Bu, çox sevindirici haldır. “Bakcell” şirkəti olaraq gələcəkdə də Azərbaycanda İKT sahəsinin inkişafına yönəlik bu cür layihələrə dəstək verməyə davam edəcəyik”.

Qeyd edək ki, "Hackathon" layihəsi çərçivəsində keçirilən və mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan "Win Phone 2" müsabiqəsinin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir. Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda "Windows 8" platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

"Hackathon" - haker neologiyasıdır və proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. "Hackathon"un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərə öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaq imkanının verilməsidir.





Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?