Modern.az

Bakı kinoteatrlarının kinosuz günləri…

Bakı kinoteatrlarının kinosuz günləri…

10 Mart 2010, 11:41

Bir vaxtlar 36 yaşlı İradə Allahverdiyeva  kinoteatrlarda filmlərə baxmaq üçün saatlarla növbə gözləyərdi. Bu gün isə o, heç bir kinoteatra getmədiyini söyləyir.

- Azərbaycanda kinoteatrlar elə bərbad vəziyyətdədir ki, heç ora getmək istəmirəm. Oturacaqları sovet dövründən qalıb. Hələ göstəriləcək filmlərin səviyyəsini demirəm.

İradə Allahverdiyeva deyir ki, bu gün bircə normal kinoteatr var ki, o da “Azərbaycan”dır. Di gəl ki, orada filmlərə baxmağın qiyməti çox bahadır, cibə görə deyil.

“Əvəllər “Azərbaycan” kinoteatrında buletpulu uşaqlar üçün 2, böyüklər üçün 3 manat idi. İndisə qaldırıb 8 manat ediblər. Heç “popcorn” da almaq olmur. Ondansa, 9 manata 3 DVD alıb evdə rahat baxaram”.

Əvvəllər Bakıda 21 kinoteatr olub. İndi isə 14 kinoteatr binası var. Ancaq bunlardan da yalnız 5-i (“Azərbaycan”, “Araz”, “Dostluq”, “Bakı”, “Nizami”) fəaliyyət göstərir.

Kinoteatrların rəhbərləri kinoya marağın olmadığını, gələnlərin azlıq təşkil etdiyini bildirirlər.

“Araz”kinoteatrının rəhbəri Nəriman Əzimov qeyd edir ki, əvvəlki illərə nisbətən kinoya gələnlərin sayı çox azalıb:  ““Araz”a elə çox adam gəlmir. Günə 3-4 seans ola, ya olmaya. Ancaq, biletlərin qiyməti  normaldır: məktəblilər üçün 2 manat 40 qəpik, böyüklər üçün isə 4 manat 80 qəpik”.

Nəriman Əzimov hesab edir ki, kino sistemində yeniik olmalıdır: “Kommersiya filmləri də kinoteatrlarda nümayişə verilmir. Əslində, yeni filmlər icazə vərəqəsi olmaq şərtilə əvvəlcə kinoteatrlarda nümayiş etdirilməlidir. Daha sonra televiziya kanallarında göstərilməlidir. Bu kimi neqativ hallar da kinoteatra gələnlərin sayına mənfi təsir göstərir”.

“Araz”a sahib çıxan yoxdur

Nəriman Əzimov deyir ki, 2006- cı ildə verilmiş sərəncama əsasən, “Araz” kinoteatrı profilini dəyişməmək şərti ilə  özəlləşməyə çıxarılıb. Ancaq, hələ də kinoteatrı almaq istəyən yoxdur.

Qeyd edək ki, “Araz ”kinoteatrının yerləşdiyi bina keçmişdə karvansara olub. Sonralar “Spartak” adı altında kinoteatr kimi fəliyyət göstərib. İndi “Araz” adlandırılan bu kinoteatrın 182 nəfərlik bir zalı var.

“Araz”ın rəhbəri Nəriman Əzimov deyir ki, kinoeatr təsərrüfat hesablı olduğu üçün öz hesabına maliyyələşir: “İşçilərin əmək haqqını öz  hesabımıza ödəyirik. İşçilər 75, mən isə 85 manat alıram”.

“Dostluq” dostlarsız qalıb

“Araz”dan fəqli olaraq “Dostluq” kinoteatrı Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Ancaq “Dostluq”da da tamaşaçı qıtlığından gileylənirlər. “Dostluq” kinoteatrının inzibatçısı Seymur Əhmədzadə deyir ki, həftədə 2- 3 dəfə film nümayiş etdirə bilirlər:

- Seanslar gələn tamaşaçıların sayından asılıdır. 10 nəfər yığılanda film göstərə bilirik. Biletlərin qiymətini də ucuzlaşdırmışıq ki, gələnlər çox olsun. Biletlərin qiyməti gündüz 50 qəpik, axşamlar 1 manatdır.

Seymur Əhmədzadənin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə hər il məktəblilərin yaz tətilində 5-ci sinifdən 11-ci sinifə kimi gün ərzində 800 uşağa pulsuz film göstərilməsini təşkil edir. Məqsəd məktəb yaşlarından uşaqları mədəniyyət ocaqlarına cəlb etməkdir. Ancaq, Xocalı soyqırımının anım günündə bununla bağlı pulsuz film elanı vermişdik, bir nəfər də gələn olmadı.

Seymur Əhmədzadə vurğulayır ki, kinoya ən çox gələnlər rus bölməsində təhsil alan şagirdlərdir.

Kinoteatr dönəmi artıq bitib

Kinoşünas Ayaz Salayev hesab edir ki, kinoteatrların əhəmiyyətinin itməsi müasir həyatla bağlıdır: - İnsanlar rahat ortam istəyir. İstənilən filmi 3 manat verib alır və evdə rahat izləyir. Əlavə xərcləri də çıxmır. İndi kinoteatrlarda böyük ekranda film izləmək istəyənlər getdikcə azalır. Digər ölkələrlə müqayisə aparsaq, İran bu sahədə Azərbaycanı üstələyir. İranda kinoteatr yeganə mədəniyyət ocağıdır. Buna səbəb İranda əyləncə mərkəzlərinin, küçələrdə həyatın olmamasıdır.

Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov deyir ki, əslində dünyanın digər ölkələrində dövlət balansında kinoteatrlar yoxdur. Yəni xaricdə bütün kinoteatrlar özəldir: “Bizdə sahibkarlar nədənsə kino biznesinə çox ehtiyatla yanaşırlar. Ancaq Azərbaycanda kino biznesi üçün imkanlar var”.

Yusif Şeyxov deyir ki, Azərbaycan kinoteatrlarının bugünki durumu heç də ürəkaçan deyil.

- Qışda soyuq kinoteatrlarda, Sovet dönəmindən qalmış taxta oturacaqlarda kim gedib kinoya baxar ki... Sovet dövründə bir televiziya kanalı vardı. Əyləncə məkanları da az idi. Ona görə də kinoteatra gedən çox olurdu. İndi isə  durum bir qədər fərqlidir.

“Nizami” kioteatrı festival mərkəzi olacaq

Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Y.Şeyxov “Nizami” kinoteatrı barədə də danışıb:

- “Nizami” kinoteatrı festival mərkəzi olacaq. Burada beynəlxalq festivallar keçiriləcək. “Nizami” 5 zaldan ibarət olacaq. Xarici filmlərlə yanaşı, yerli filmlər də göstəriləcək. Biletlərin qiymətinə gəlinc, bu, “Nizami”də özəl kinoteatrlardan ucuz olacaq.

Y.Şeyxovun sözlərinə görə, Bakıda inşa ediləcək ticarət-əyləncə mərkəzlərində də kinoteatrlar yaradılacaq.

Hazırda Mədəniyyyət və Turizm Nazirliyinin balansında 5 kinoteatr (“Nizami”, “Vətən”, “Dostluq”, “Şəfəq”, “Qarabağ”) var. Yusif Şeyxov deyir ki, “Nizami”dən sonra “Dostluq”, “Şəfəq” kinoteatrları da yenidən qurulacaq.

Müsahibimiz onu da vurğulayıb ki, kinoteatrlar təsərrüfat hesabına fəaliyyət göstərdikləri üçün dövlət tərəfindən onlara vəsait ayrılmır. Yəni bu mədəniyyət ocaqları fəaliyyətlərində azaddırlar. Ona görə də, kinodan pul çıxara bilməyən kinoteatrlar öz binalarının bir hissəsini mebel satışına, bilyard və kompüter oyunları zallarına, internetklublara çeviriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Təhminə Paşayeva

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub