Modern.az

İqbal Ağazadə hökumətdən istefa verməyi tələb etdi

İqbal Ağazadə hökumətdən istefa verməyi tələb etdi

15 Mart 2013, 14:37

Milli Məclisdə hökumətin 2012-ci ildə fəaliyyəti ilə bağlı hesabatının müzakirəsi zamanı çıxış edən deputat İqbal Ağazadə bildirib ki, hesabatı qeyri-qənaətbəxş hesab edir. Modern.az-ın məlumatına görə, İ. Ağazadə uzun zamandır ki, Milli Məclisdə Qarabağla bağlı müzakirələrin getmədiyini qeyd edib.
“Güc strukturlarının gördüyü işlər barədə də hesabatlar verilməlidir.Burada 2001-ci ildə Qarabağla bağlı müzakirə gedib. Ondan sonra Xarici İşlər Nazirliyinin uzun müddət Qarabağla bağlı hansı işlər gördüyünə dair məlumat verilmir”.

Deputat daha sonra insan haqları və sərbəst toplaşma ilə bağlı məsələlərə də cavab tapılmalı olduğunu bildirib.
“Bakı Şəhər İcra Hakimiyyətinin çox maraqlı bir cavabı var. Hansı rayonda desən ki, sərbəst toplaşmaqla bağlı aksiya keçirəcəyəm, hətta məsələ gedib Sumqayıta da çıxsa, axırda 20-ci sahəni və Bibiheybət məscidinin yaxınlığını göstərirlər. Bu  nə dərəcədə doğru məsələdir bilmirəm”.

İ. Ağazadə hökumətin hesabatında iqtisadiyyatın düzgün araşdırılmadığını bildirib.
“Hesabatda göstərilir ki, əhalinin 42 faizi kənd təsərrüfatı sahəsində çalışır. Əgər Azərbaycanın istehsal məhsullarının 90 faiz hissəsi neftə aiddirsə, bu necə olur? Ümumiyyətlə Azərbaycanı sənayeləşdirmək, vahid sistem düzgün, doğru siyasət deyil. Aqrar sahəni ciddi yeniliklərlə inkişaf etmək lazımdır. Hesabatda iqtisadiyyat düzgün araşdırılmayıb. Yeni iqtisadi doktrina qəbul olunmalıdır, yoxsa ciddi problemlər olacaq”.

İqbal Ağazadə Nazirlər Kabineti üzvlərinin tam tərkibdə hesabat verməli olduğunu deyib: “Beynəlxalq təşkilatları Azərbaycanda insan haqları ilə bağlı narahat edən məsələlər hökumətin hesabatına niyə salınmayıb? Hökumət bilavasitə ortaya çıxan suallara cavab verməlidir. Ordu ilə bağlı suallara da hökumət üzvləri bu gün parlamentdə cavab verməli idi”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi