Modern.az

QHT Şurası qrant alacaq QHT-lərin SİYAHISINI açıqladı

QHT Şurası qrant alacaq QHT-lərin SİYAHISINI açıqladı

Qarabağ

15 Mart 2013, 17:08

Modern.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirildi. İclası açan Şura sədri Azay Quliyev maliyyə yardımı müsabiqəsinin yekunları ilə əlaqədar bir neçə gün davam edən müzakirələrə yekun vurdu.

Şura sədri A.Quliyev eləcə də  son günlər həyata keçirilmiş digər tədbirlər haqqında məlumat verdi. A.Quliyev Şura üzvlərindən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri və orada keçirilmiş görüşlərin iki ölkənin vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı üçün əhəmiyyətini qeyd etdi. A.Quliyev, həmçinin, Şuranın dəvətilə Rusiya Federasiyası İctimai Palatası rəhbərliyinin Bakıya səfəri və imzalanmış “Birgə fəaliyyət və əməkdaşlıq haqqında memorandum”un iki ölkə QHT-ləri arasında dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə fayda verəcəyini bildirdi.

Şura Katibliyinin icraçı direktoru F.Qurbanov çıxış edərək, 2013-cü ilin birinci maliyyə yardımı müsabiqəsinin ümumiləşdirilmiş nəticələrilə bağlı məlumat verdi. Bildirildi ki, müsabiqəyə 512 QHT-dən layihə təklifi daxil olub, onlardan 80-ə yaxın layihə Şuranın sənədləşmə ilə bağlı tələblərinə cavab vermədiyi üçün ekspertiza mərhələsinə buraxılmadan müsabiqədən uzaqlaşdırılıb, ekspertiza mərhələsində hər layihə iki müstəqil ekspert tərəfindən qiymətləndirilib.

Şura əvvəlki iclaslarda maliyyələşdirilməsi qərara alınmış layihələr barədə büdcə komissiyasının təqdimatlarını, ekspert qiymətləndirməsini və təşkilatlar haqqında Katibliyin arayışlarını nəzərə alaraq, 345 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul etdi. Siyahı Şuranın www.qhtxeber.az  və  www.cssn.gov.az  saytlarında dərc edilir.   

İclasda apelyasiya komissiyasının yeni tərkibi müəyyən edildi və ərizələrə baxılması proseduru nəzərdən keçirildi. Komissiyada ərizələr 28 mart 2013-ci il saat 17.00-dək qəbul ediləcək.  

Şuranın iclasında layihələr üzrə maliyyə hesabatı sənədlərinə dəyişikliklərin edilməsi məsələsi də müzakirə olundu. Qeyd edildi ki, layihələr üzrə Şuraya təqdim edilən maliyyə hesabatı formalarının sayı 9-dan 2-yə endirilmiş və ölkədə elektron hökumətin formalaşdırılması tələblərinə uyğun olaraq, bu dəyişikliklər hesabatların elektron formada qəbulunu təmin edən yeni mühasibat proqramı vasitəsilə həyata keçiriləcək. İclasda, həmçinin, qrant vəsaitlərinin QHT-lərin hesabına köçürülməsi qaydası da müzakirə olundu və müvafiq qərar qəbul edildi. 

Daha sonra iclasda cari məsələlərlə bağlı müzakirələr keçirildi.                 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar