Söz Azadlığını Müdafiə Fondu (SAMF) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartlarının Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə Bakıda “Rusiya mediası kontekstində müasir mətbuatın problemləri” mövzusunda dəyirmi masa keçiriləcək. Dəyirmi masada Rusiya jurnalistikasının aparıcı simaları, media üzrə mütəxəssisləri iştirak edəcəklər. SAMF-dan Modern.az-a bildirilib ki, bu sırada 1992-ci ildən Rusiya Jurnalistlər Birliyinə sədrlik edən, 15 illik qəzetçilik təcrübəsinə malik, SSRİ Dövlət Televiziya və Radio Komitəsində Mərkəzi Televiziya Proqramlarının baş direktoru vəzifəsində çalışmış Vsevolod Boqdanovla yanaşı, birliyin katibləri - hüquq elmləri doktoru, professor M.A.Fedotov və Rusiya Federasiyasının Qəhrəmanı Y.M Baturin də iştirak edəcək. Tədbirdə Rusiyada medianın mövcud durumu barədə geniş məlumatlar verildikdən sonra, Azərbaycan və Rusiya mediasının problemləri və inkişaf istiqamətləri qarşılıqlı təhlillər əsasında müzakirə olunacaq. Dəyirmi masanın işinə Azərbaycanın tanınmış media ekspertləri, hüquqşünasları, kütləvi informasiya vasitələrinin təmsilçiləri dəvətlidir.