Modern.az

Hadi Rəcəbli: “Nazir Azad Rəhimov işini düzgün aparmasaydı...” - MÜSAHİBƏ

Hadi Rəcəbli: “Nazir Azad Rəhimov işini düzgün aparmasaydı...” - MÜSAHİBƏ

Müsahibə

19 Mart 2013, 16:54

“.. o aksiyalara yüz nəfər yox, minlərlə gənc çıxardı”

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Hadi müəllim, son zamanlar əsgər ölümü ilə bağlı gənclərin paytaxtda keçirdiyi aksiyalar günümüzün ən çox müzakirə olunan mövzularındandır. Bəzi qüvvələr isə bu aksiyaların fonunda Gənclər və İdman Nazirliyini ittiham edirlər. Hətta gənclərin küçələrə çıxaraq aksiyalar keçirməsini nazirliyin fəaliyyətsizliyi kimi qiymətləndirənlər də var. Bu haqda nə deyə bilərsiniz?

- Təbii ki, mən də hər zaman gənclərin yanında olan bir millət vəkili  kimi əsgər ölümünü və gənclərin vaxtsız dünyasını dəyişməsini təəssüflə qeyd edir, kədərlənir və heyfslənirəm. Lakin bu məsələlərin həlli üçün, “feysbuk” səhifələri vasitəsilə sabitliyin pozulmasına çağırışları, gənclərin aksiyalara çıxmasını müsbət qarşılamıram, pisləyirəm.  Bu gün başda cənab prezidentimiz olmaqla Azərbaycan dövləti tərəfindən gənclərə xüsusi qayğı və diqqət göstərilir. Möhkəm hüquqi baza mövcuddur. Dövlətimiz tərəfindən bu istiqamətdə analoqu olmayan işlər görülür. Gənclərin asudə vaxtlarının təşkilindən tutmuş onların işlə təmin olunmasına kimi hər bir məsələ dövlətin daim nəzarətindədir. Bunu danmaq olmaz.

Bildiyimiz kimi, Azərbaycanın minlərlə savadlı, istedadlı gənci dövlətimizin dəstəyi ilə xaricdə təhsil alırlar. İdmançılarımız Azərbaycan bayrağını dünyanın müxtəlif ölkələrində qaldırırlar, ölkəmizə mötəbər turnirlərdən medallar gətirirlər. Bizdə demək olar ki hər gün beynəlxalq tədbirlər keçirilir. Təbii ki, bunlar Azərbaycan dövlətinin gənclərə olan diqqət və qayğısından irəli gəlir. O ki, qaldı əsgər ölümü məsələsinə dünya ölkələrinin statistikasına nəzər salsaq, nə yazıq ki, belə hadisələr bütün dövlətlər üçün xarakterikdir.

Nə qədər təəssüf doğuran olsa belə, müharibə vəziyyətində olan ölkəmizdə də belə hallar olur və nə qədər narahat edici olsa da, bundan sığortalanmaq olduqca çətindir, demək olar ki, tam mümkünsüzdür.

- Gənclər və İdman Nazirliyinin ünvanına gənclik problemləri ilə bağlı bir çox müxtəlif xarakterli ittihamlar səsləndirilir. Sizcə, bu iradlar nə dərəcə əsaslıdır?

- Sözsüz ki, bu ittihamların heç bir ciddi əsası yoxdur. Yuxarıda da qeyd etdiyim kimi gənclər sahəsində qazandığımız uğurlarda Gənclər və İdman Nazirliyinin, eləcə də nazir Azad Rəhimovun xidmətləri danılmazdır. Hesab edirəm ki, bu ittihamları səsləndirənlərin özləri də nə demək istədiklərini bilmirlər. Azərbaycanda  ilk dəfə dünyanın ən mötəbər yarışlarının, musiqi festivallarının, idman oyunlarının təşkil edilməsi də Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi uğurlu işlərin nəticəsidir. Bildiyimiz kimi Bakıda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı keçirildi. İnşallah Azərbaycanda ilk dəfə 2015-ci ildə Avropa Yay Olimpiya oyunları keçiriləcək.

Uğurlarımız var. Çoxlu sayda medallar qazanmışıq. Bütün rayonlarda idmanı inkişaf etdirmək üçün dövlətimiz tərəfindən müasir olimpia mərkəzləri tikilib istifadəyə verilib. Biz millət vəkilləri də mütəmadi olaraq gənclərlə görüşürük, onların problemlərini, şikayətlərini dinləyirik, mümkün qədər gənclərin yanında olmağa çalışırıq. Problemlər olanda bu haqda da danışırıq. Həmin problemlərin aradan qaldırılması üçün işlər görürük.

- Hadi müəllim, Milli Məclisin ötən iclaslarından birində “TOPAZ” mərc oyunları ilə bağlı məsələ qaldırıldı. Bəzi həmkarlarınız “TOPAZ”ın fəaliyyətini sərt tənqid etdilər. Bura da da əsas tənqid obyekti Gənclər və İdman Nazirliyi seçilmişdi.

- “Topaz” deyilən   idman   lotoreyası ilə bağlı qanun layihəsi bizim komitədə hazırlanıb. Dünyanın 13 dövlətinin təcrübəsi öyrənilib və bununla ölkədə mövcud olan idman oyunları qeyri-leqal qumarlarının qarşısı alınıb. Burada əsas məqsəd idmanın inkişafı və gənclərin idmana olan marağını artırmaqdır. Bu qanun hazırlanmamışdan qabaq da qeyri-qanuni olaraq ziyanlı, eybəcər, gizlin və səmərəsiz mərc oyunları keçirilirdi. Hesab edirəm ki, belə mərc oyunlarının Azərbaycanda qanuni şəkildə keçirilməsinin baş məqsədi idmanın təbliğinə kömək olursa, bu təqdirəlayiqdir.

O ki qaldı gənclərlə bağlı problemlərə, qaldırılan məsələlərə və onların aradan qaldırılmasına, gənclər problemlərini əhatə edən istənilən məsələ bizim diqqətimizdədir. Bildiyimiz kimi, cənab prezidentimiz İlham Əliyev tərəfindən Gənclər Fondu yaradılıb. Hətta ölkə başçısı  dünən bu fonda 5 milyon manat vəsait də ayırdı. Yəni, bunları inkar eləmək ən azından haqsızlıqdır. Bu gün Gənclər və İdman Nazirliyinin üzərinə hücum eləmək ən azı bizim dövlətçiliyə, sabitliyə ziyan vurmaqdır. Əksinə, biz əsassız yerə nazirliyi tənqid eləməkdənsə ona kömək eləməliyik, daha çox qayğı göstərməliyik.

İrad tuturlar ki, Gənclər və İdman Nazirliyi öz üzərinə düşən vəzifələri düzgün yerinə yetirmədiyindən gənclər aksiyalara çıxırlar, “feysbuk”da radikal qruplara qoşulurlar. Bildirmək istərdim ki, ola bilsin ki, bu insanlar Gənclər və İdman Nazirliyinin uğurlarını görməməzlikdən, işini yaxşı bilməməzlikdən danışır, çıxışlar edirlər. Mən təkcə onu söyləmək istərdim ki, həm nazirliyin keçirdiyi rəngarəng tədbirlər, müasir siyasi texnologiyalarla hazırlanmış seminar, məşğələ və görüşlər, həm də konkret texniki tədbirlər yüzlərlədir. Rayonlarda yaradılan gənclər mərkəzləri uğurla çalışırlar. Beynəlxalq əlaqələrimiz günü gündən genişlənir. Mən həmin insanlara bildirmək istəyirəm ki, əgər siz dediyiniz kimi Azad müəllim işini düzgün aparmasaydı həmin o aksiyalara 200 nəfər yox, minlərlə gənc çıxardı.

Əksinə, Azərbaycanda proqressiv düşüncə tərzində fəaliyyət göstərən 100-ə yaxın qeyri-dövlət gənclər təşkilatları, idman federasiyaları var, amma YAP gənclər təşkilatı sıralarında 250 min cavanı birləşdirir.

Bu gün bir çoxlarının ajiotaj yaratdığı  gənclərin aksiyasını izləyəndə görürsən ki, yüz, iki yüz nəfər pərakəndə şəkildə aksiya keçirməyə cəhd edirlər. Təbii ki, onlar da bizim balalarımızdır. Biz onların da gələcəyini düşünürük. Yaxşı olar ki, biz  hər birimiz Gənclər və İdman Nazirliyinə dəstək olaq, omlara yaxından kömək edək.

Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?