Modern.az

Aqil Abbas: “İçki içməyən, siqaret çəkməyən Aqil üçün darıxıram” - MÜSAHİBƏ

Aqil Abbas: “İçki içməyən, siqaret çəkməyən Aqil üçün darıxıram” - MÜSAHİBƏ

Müsahibə

19 Mart 2013, 17:17

“Həyatımı Rəmişsiz, Qədir Rüstəmovsuz təsəvvür eləmirəm”

“Kim Kəlbəcəri, Şuşanı görməyə inanmırsa, iki metrlik ip alıb özünü assın”


Aprelin 1-də Aqil Abbasın 60 yaşı tamam olur. Millət vəkili, yazıçı, jurnalist Aqil Abbas bu 60 ili necə keçirib? Modern.az yubilyarla müsahibəni təqdim edir.

– 60 yaşınız tamam olur. Sizin üçün 60 yaş ömrün hansı çağı deməkdir? 60 il tezmi keçdi?

Uşaq vaxtı qəbiristanlığa gedəndə qəbirlərin üstünə baxırdıq, deyirdik ki, “vay dədə, 60 il yaşayıb, 50 il yaşayıb”. Elə bilirdik ki, çox böyük ömürdür. Amma sonra görürsən ki, yaş bir günün içərisində keçib gedir. İnsan həyatı qısadır. 3 yaşımdan bu günə qədər olanları yadımda saxlamışam. Fikirləşəndə bütün ömrüm gözümün qabağından keçib gedir. Bizim üçün 60 ildir, bəlkə tanrı üçün bir dəqiqədir, bir saatdır. 60 yaşı görmək yaxşı şeydir, eyni zamanda 70 yaşı da.

– Yaş artdıqca insan günlərinin qədrini bilməyə başlayır. Sizdə də belədirmi?

– İnsan təbii ki, ölmək istəməz. Şəkinskidən soruşurlar ki, nədən qorxursan? Deyir çox yaşamaqdan, bizim nəsil çox yaşayan nəsildir, dayım 130 il, bibim 120 il yaşayıb və deyəsən mən də çox yaşayıram. Bu mənə aid deyil, 60 yaş çox deyil. Amma insanın çox yaşamağı lənətlənməyidir. Oğlun ölür, nəvən ölür, hamı gözünün qabağında ölür, sən də bayquş kimi oturursan. Bu yaşamaq deyil.

– Aqil Abbas Azərbaycan cəmiyyətində çox erkən tanındı. Bunun üçün nə etdiniz?

– Birincisi, yazıçı, şair, bəstəkar tez tanınan insanlardır. Aqil Abbas nə edə bilər ki? Cavan yaşdan jurnalistika, yazıçılıqla məşğulam. Bir tərəfdən jurnalistika, digər tərəfdən yazıçılıq səni tanıdır, amma ikinci daha çoxdur. Cavan yaşımdan mətbuatda yazılarım, romanlarım, povestlərimlə çıxış etmişəm. Bir də səmimiyəm, insanlarla ünsiyyət qurmağı bacarıram, həmişə səmimi olmuşam. Bunlardan əlavə reklam da əsasdır. Məndən çox televiziyada çıxış edən jurnalist, yazıçı yoxdur. 22 yaşımda Dövlət Televiziyasında “Meridianlarda izimiz” adlı verilişi aparırdım.

– İnsan istənilən yaşda düşünür ki, ən yaxşı günü qabaqdadır, razısınızmı bu fikirlə?

– Sözsüz ki, insan sabahkı günün yaxşı olmasını istəyir. Amma mənim ən yaxşı günlərim arxadadır. Orta məktəbi, institutu bitirmişəm, kitablarım, yazılarım çıxıb. Ayaqyalın İstisuyu, Kəlbəcəri gəzmişəm, ailə qurmuşam, uşaqlarım, nəvələrim olub. Həyatımın arxada qalan hissəsi yaxşı günlərdir. Dərdli günlərim də var, qardaşımı itmişəm. Ən ağrılı gün Qarabağdır. Kasıb yaşadığım, avtobusa pul verə bilmədiyim günlər olub, istədiyim maşını ala bilməmişəm, paltarı geyinməmişəm, amma bunlar ağır gündür? Xeyr. Heç elə şeyləri vecimə də almamışam. Cibimdə 10 manat olmayıb, hamı elə bilib ki, milyonçuyam. Kasıbçılıq, maddi şeylər ağır gün deyil. Ağır gün sevdiklərini itirmək, qəbiristanlığının darmadağın olmasıdır. Mən həmişə demişəm ki, xoş günüm geridədir.

– Həmişə yazıçılar deyirlər ki, hələ ən yaxşı əsərimizi yazmamışıq, bəs siz?

– Bütün yazıçılar deyir ki, ən yaxşı əsərimi yazmamışam. Yazır, o yazıda nöqsanlarını görür, gələcək yazıda istəyir ki, o nöqsanlarını buraxmasın. Mən ən yaxşı ə əsrimi yazmışam. Bundan sonra yazmasam da olar. Mənim nəzərimdə bu, “Qapqara uzun saçları” povestim və “Dolu”dur. Yazmışam və bu gündən sonra yazmasam da mənə bəsdir.

– Dediklərinizə inansaq, doymuş adama oxşayırsınız?

– Özünüz bilin. Mən heç vaxt ac qalmamışam. Məmməd Araz ölən gündən beynimdə bir yazı fırlanır. Nə vaxt qələm ələ gələcək, onda da yazacağam. Məsələn, “Dolu”nu 20 il fikirləşmişəm. Birdən-birə “Dolu” yazmamışam. Müharibə başlayandan bu əsər beynimdə idi, fikirləşirdim bunu yazacağam. Yazırdım “Çadırda Üzeyir Hacıbəyov doğulmaz” çıxırdı, yazırdım “Qiyamət gecəsi”, “Qan üstündə qançiçəyi” çıxırdı, amma “Dolu” çıxmırdı. 2007-ci ildə “Dolu” çıxdı. Məmməd Araz rəhmətə gedən gündən Hüseyn Cavid, Məhəmməd Hadi, Məmməd Araz-bu üç adamla bağlı beynimdə bir roman fırlanır. Otururam, amma hələ yaza bilmirəm. Məsələn, Rəmiş haqqında yarımçıq bir romanım var. 1981-ci ildən başlamışam, bir hissəsini də çap etdirmişəm, 32 ildir o yazını yaza bilmirəm. Otururam istədiyim kimi alınmır, qalır. Onun arxasını yazmağa gücüm çatmır. Görünür müəyyən şeylərdən, problemlərdən və s. yaza bilmirəm.

Adətən yazılarımı piyada gedəndə yazıram. İdi piyada da gəzmirəm. Bir də yatanda yazıram. Yerimdə uzanıram, bir-iki saat yalnız o yazını fikirləşirəm, ya da kimsə maşını sürə, mən oturub fikirləşəm. Yazılarımın çoxunu Rəşad Məcidlə yol gedəndə yazmışam. Rəşad yeganə adamlardandır ki, sən ondan müsbət enerji götürürsən. “Dolu”nu Rəşadla əvvəldən axıra demək olar ki, birlikdə yazdım.

İnan heç vaxt heç nədən doymur. İntiharı bilirsən kimlər edir? İnsanlar yaşamaqdan doyub özünü öldürmür. İnsan arzusu bitəndə özünü öldürür. Daha arzu etməyə bir şeyi qalmır. Ya bütün arzuları həyata keçir, ya da arzuları həyata keçmir və daha arzu etmir. Hələ ki bizim çox arzumuz var. Mən Qarabağdan danışmağı xoşlamıram, ay Qarabağ arzum var və s. Bu arzu deyil, Qarabağı 100 faiz görəcəyəm. Bunu Allaha, torpağa inandığım qədər inanıram. Kim Kəlbəcəri, Şuşanı görməyə inanmırsa, iki metrlik ip alsın özünü assın. İnsan inamsız yaşaya bilməz.

– Deyəsən, həm də kövrək adamsınız...

– Bəlkə də dünyada məndən kövrək adam yoxdur, hər şeydən kövrəlirəm. Gözümün qabağından lent keçir kövrəlirəm, yaxşı mahnı səslənir kövrəlirəm, futbolda kövrəlirəm. Futbol xəstəsiyəm, amma artıq futbol oyunlarına baxa bilmirəm. Televizoru söndürürəm və ya başqa kanala baxıram, çevirib hesaba baxıram, təzədən çevirirəm. Çünki keçirdiyim həyəcandan adamı infarkt vura bilər.

– Kövrəkliyin yaş həddi varmı?

– Lap uşaqlıqdan kövrəyəm. Küçədə görmüşəm bir uşaq o birisini döyür, ayırmağa gücüm çatmayıb, ona da kövrəlmişəm. Bu uşaqlıqdan gələn şeydir. Bəlkə məni yazıçı edən elə o kövrəlmələrim olub.

– Dostunuz Rəşad Məcidin dediyinə görə insan ömründə 3 dəfə dəlicəsinə sevir, siz bu fikirlə razısınızmı?

– Hər kəsin öz fikri ola bilər. Mənim qeyri-adi sevgim birinci sinifdə olub. Gözləyirdim ki, Leyla müəlliməni görüm, o, uzaq qohumumuz idi. Deyirdim ki, o müəllimə gəlib bizdə qalsın. O nə sevgi idi, bilmirdim. İnsan bir insandan ötrü belə darıxa bilər. Sonra Ağdama köçdük və müəllimi görmədim. Amma şənbə-bazar atam bizi kəndə aparanda qaçıb gedirdim ki, o müəlliməni görüm. Onu “Qapqara uzun saçlar” povestimdə yazmışam.

Adam bəlkə yüz dəfə sevir. Mənim elə dəlicəsinə sevgim olmayıb. O müəlliməni də bir bacı, ana kimi sevirdim, müəllim sevgisi var idi. Başımı sığallayırdı, onun ətrini duyurdum, o ətir hələ də beynimdədir. 60 yaşında insanın sevgidən danışmağı özü mədəniyyətsizlikdir. Mən xanımımı sevmişəm, dəli kimi sevmişəm, qapılarının ağzında, pəncərələrinin altında durmuşam, saatlarla yolunu gözləmişəm. İndi uşaqlarımı, nəvələrimi, dostlarımı sevirəm. Sevginin anlayışı çox böyükdür. Tofiq Hacıbəyov “Dolu” romanı haqqında qəribə bir şey yazmışdı. Yazmışdı ki, Aqil Abbas Azərbaycanın “Hərb və sülh”ünü yazıb. Bircə fərq var: “Hərb və sülh”də qadın obrazı, sevgi var. Amma “Dolu” romanında nə qadın, nə də sevgi var. Romanı bitirəndən sonra gördüm ki, Aqil Abbasın sevgisi daha böyükdür. Aqil qadına olan sevginin hamısını torpağa, vətənə yönəldib. Ona görə ora ikinci bir sevgi gətirməyib ki, heç nəyə mane olmasın. Çox qəribə və gözəl izah verib.

Bilirəm, nəyi deyirsiniz, cavan yaşında bir, orta yaşında bir, qoca yaşında bir sevgi olur. O sevgi deyil, şorgözlükdür. Mənim axırıncı sevgim xanımımdır. Ondan qabaq isə çox olub.

– Məsələn, gənc xanımları görəndə ürəyinizdən cavan olmaq keçmir ki?

– Qətiyyən, yox, cavan olub, kirayədə qalacam?

– O çətinliyin bir şirinliyi yox idimi?

– Bir dəfə mənə belə sual vermişdilər ki, keçən günlərimi qaytarsalar gələn günlərimi qurban verərəmmi? Dedim o axmaq adamın sözüdür. Keçən günlərimi qaytaranda yenə orada-burada kirayədə qalacam.

– İndiyə qədər olubmu ki, həyatda balaca Aqil Abbasla rastlaşasınız?

– Yox. Xoşuma gələn adamlar olub, amma fikirləşməmişəm ki, bu balaca Aqildir.

– Yəni sizin yaşantılarınızı yaşayan, uşaqlığınızı xatırladan olub?

– Bütün uşaqlığımı mənə xatırladan elə böyük oğlumdur, o da elə mən ağıldadır. Həyatda nə cür olmuşamsa, o da elədir. Özüm, səhər güzgü qarşısında əl-üzüm yuyanda bir an çaşıram, elə bilirəm atam durub qarşımda. Az qala söhbət edirəm. Onu da “Qiyamət gecəsi” adlı povestimdə yazmışam. Mən atama tez oxşadım, yaşlanmaq mənasında. Müharibə başlayandan sonra saçım sürətlə ağardı. Mənim xiffətim yalnız dağlarımız, dərələrimiz, oxuduğum məktəb, sinif yoldaşlarımdır.

– İndiyə qədər məxsusi olaraq orta məktəb, əsgər yoldaşlarınızla bir yerə yığışmısınız?

– Orta məktəb yoldaşlarımın hamısı müharibədə ölüb, 3-4 nəfəri qalıb. Ağdamda şəhid olublar. 23 oğlandan 4 və ya 5-i qalıb. Orta məktəb şəklini qarşıma qoyuram baxıram ki, bunlar hamısı ölüb, ancaq qorxaqlar, ora-bura qaçanlar sağ olub. Adam baxanda dəli olur. Bütün yazılarımda da orta məktəb yoldaşlarımı adları ilə yazıram. Rauf adlı biri var idi, mən 5-lə oxuyurdum, o, “5+” alırdı. Məndən də çox savadlı idi. Ona Allah qeyri-adi istedad vermişdi. Tibb Universitetini bitirdi, Şuşada baş həkim oldu. Sonra Ağdam həkim kimi döndü və tankın altında qaldı. Uşaqları da ataları kimi istedadlıdır. İndi ən yaxın adamım Rəşaddır. Onu bir qolum, həyatım, qardaşım bilirəm.

– Dost anlayışı ayrı-ayrı adamların anlayışında müxtəlifdir. Sizin üçün nə deməkdir dost?

– Atamın çox dostu yox idi. Çox dostu olan adamları da sevməzdi. Amma mənim dostum çoxdur. Onlara dostluq edirəm və dostluq cavabını da alıram. Bəzən içində pisi çıxır. Yenə o adamı sevirəm, çünki bu onun işi, səhvidir, gücü çatmayıb. Deputatam, içəri keçəndə bütün jurnalistlərlə öpüşüb, görüşüb keçirəm. Onlar mənim qələm yoldaşlarımdır, özümü onların içərisində görürəm. Həm də onların nümayəndəsiyəm.

Dostlarım çoxdur. Çox ağrılı günlərim də mənim xəbərim olmadan dostum problemi həll edib. Sonradan bilmişəm ki, o, bu işi görüb. Yəni minnət qoymayıb. Dostluğu axıra qədər etməyi bacarıram. Dostluğun da dərəcələri var: yoldaşlıq, dostluq, qardaşlıq. Ağdamda Sərdar adında həkim dostum var. Ayrı-ayrı məktəblərdə oxumuşuq. O mənim üçün Rəşaddan bir pillə geridədir. Onunla da danışanda müsbət enerji alıram.

Ümumiyyətlə, belə bir xasiyyətim var, kimsə boş, mənasız şey danışanda deyirəm ki, bu nə danışır. Elə bilirəm ki, hamı ədəbiyyatdan, sənətdən danışmalıdır. Maşından danışanı görəndə əsəbiləşirəm. Qardaşım da mənasız danışanda deyirəm ki, çıxıb getsəydi bir yazı yazardım. Çünki görürəm mənasız söhbət edir.

– Özünüz üçün darıxdığınız vaxt olub?

– Çox təmiz vaxtlarım olub. İçki içməyən, idmançı, siqaret çəkməyən Aqil üçün darıxıram. Mənim iki kumirim var: biri Rəmiş, biri də Qədir Rüstəmov. Həyatımı onlarsız təsəvvür etmirəm. Rəmiş və ya Qədir olmasaydı, bu cür fikirləşən Aqil olmayacaqdı. Aydın Dadaşova radioda da sual verdilər ki, Qarabağ sənin üçün nə deməkdir, cavab verdi ki, Qarabağ onun üçün Rəmiş, Qədir və Aqil Abbasdır. Hərdən darıxıram o günlər üçün.

– O günlər üçün darıxanda özünüzü tapa bilirsiniz yoxsa yox.

– Onda özümü uydururam. Həmin məkana qayıdaram, həmin şeyləri fikirləşməyə başlayıram. Rəmişlə bir dəfə Laçının Turşsu deyilən yerinə getmişdik. Orada Rəmiş 3-4 mahnı ifa elədi, sanki dünya dəyişdi. Qədirlə ova gedirdik. Qədir söyüş söyəndə də adama ləzzət edirdi. Qədirin danışığı, sözü də musiqi idi. Rəmiş televizordakı Rəmiş deyil. İki cür Rəmiş var, biri həyatda olan, biri televiziyada olan. Biri toyda çalan Rəmişdir, digəri televiziyada çalan. Bunlar ayrı-ayrı adamlardır. Qalstuk taxan artıq Rəmiş deyil. Sovet hökuməti Rəmişə qalstuk taxdıra, saçını qırxdıra bilmədi. Dövlət konsertlərinə saçlı, qalstuksuz çıxardı. Rəmiş indi qalstuk taxır. Bəlkə o vaxtı taxsaydı, daha məşhur olardı.

– Bəs indi nə oldu, birdən-birə dəyişdi?

– Demək mən həmin Aqil olmadığıma görə, o da həmin Rəmiş deyil.

– Qədir Rüstəmovla sonuncu görüşünüz necə olub?

– Qədiri axırıncı dəfə xəstəxanada gördüm, Türkiyəyə yanına getdim, çıxanda bir söz dedim, deyəsən gəldiyimi başa düşdü, amma cavab verə bilmədi. Kaş onu o cür görməyəydim. Qədir tamam başqa cür idi. Qədir, Rəmiş bunlar insan deyillər. Rəmişdən nə qardaş, bacı, ata, ana, dost olar, o cümlədən Qədirdən də. Rəhmətlik Vaqif Mustafazadəni də ora əlavə edirəm. Bunlar mələkdirlər.

Bir dəfə televizorda dedilər ki, Rəmiş nəşə çəkir, dedim yaxşı edir çəkir. Bu Rəmişdir, nə istəyir, edə bilər. Onun mənə bacarığı lazımdır, Qədirin səsi lazımdır. Qədir özü çox acı adam idi. Onlar mənim həyatımda, yaradıcı olmağımda böyük rol oynayıb. Rəmişin povestini bitirməməyimin bir səbəbi də Rəmiş nə cür çalıbdısa mənim də o cür yazmağa çalışmağımdır.

– Gənc vaxtlarınızda dəli-dolu olmusunuz. 60 yaşda bu hiss olunmur...

– Biz instituta girən gündən dəli-dolu olmuşuq, davakar olmuşuq. Onun üstündə institutdan da qovublar. O dəli-doluluq öz yerində amma inqilabçı olmuşam. Elçibəy, Vəkil Hacıyev, Bəxtiyar Vahabzadə müəllimlərimiz olub. Onlar kimə dərs deyiblərsə, o uşaqlar sanki sovet vətəndaşı deyildilər, türk idilər. Bəxtiyar Vahabzadə Azərbaycan sovet ədəbiyyatından heç vaxt dərs deməyib, tələbədən də soruşmayıb. O bizim bilmədiyimiz insanlardan, yazıçılardan danışırdı. Deyirdi ki, kitabda olanları özünüz oxuyun, o əlimizdə olmayanlardan dərs deyirdi. Əbülfəz bəy də eyni zamanda. Onun dərslərində başqa universitetlərdən də tələbələr gəlib otururdular. Onların dərs dedikləri insanlar inqilabçı olub. Xalq hərəkatında öndə gedən insanlar onlar olub. İndi də bir nəsil yetişir. İndi gələn nəsil bizdən istedadlıdır. Bizdən daha üsyankar, istəklidir. Bizim iddiamızı ortaya qoymağımız çətin idi, nə qəzet, nə jurnal var idi. İndi Allaha Şükür 20 yaşında roman yazır, çap etdirir. Facebook-a yerləşdirir, hamı oxuyur.

– Qəribə gəlmir sizə, həmin dəli-dolu Aqil Abbas hanı?

– Yox, insanın hər bir yaşının bir həddi var. 35 yaşacan hər bir şeyə reaksiya verirsən. Prokuror dostum var, universitetdə bir oxumuşuq. Onunla məni şahmat bağlayır. Ona zəng etdim ki, dəyişmisən, axı vəzifə adamı dəyişir. Dedi, Aqil, yaman çox dəyişmişəm, qabaq küçədə futbol oynaya bilirdim, indi prokuroram deyə oynaya bilmirəm. Küçədə velosiped sürsəm bütün saytlar yazacaq ki, deputatın da başı xarab oldu. Belə də, bir az azadlıqlar alınır.

– Sizi həm də söyüşcül adam kimi xarakterizə edirlər.

– Ona Qarabağda “pərto danışan” deyirlər. İnsana bir şeyi 40 dəfə başa salırsan, başa düşmür. İclasdır, jurnalistikanı qurtarıb, 10 ildir işləyir. Deyirəm, maqazin xəbərlərini kim yazacaq, deyir ki, mən yazaram. İstəsəniz ya “Sədərk”dən, ya da Tibb Universitetinin yanında təzə maqazin açılıb oradan yaza bilərəm. Burada necə deməyəsən ki, ay sənin...

– Yaratdığınız “Ədalət” qəzeti bir zamanlar hansı polis rəisini pisləyirdi, onu işdən çıxarırdılar...

–Bilirdim ki, hansısa rəis yerində olan adam deyil. Onu yazırdım, ona da yuxarıdan reaksiya gəlirdi. Bu gün də yazsam, onu işdən götürərlər. Amma mən artıq o işlə məşğul deyiləm, qəzetçilikdən ayrılmışam.

– Azərbaycan mediasının parlayan vaxtında aktiv jurnalistika ilə məşğul idiniz, indi də buradasınız. Mətbuatın bu günə düşməsinin səbəbini nədə görürsünüz?

– Qəzetlərin yazılarının əksəriyyəti fakta söykənməyən, özlərinin qurama, sensasiyalı söhbətləridir və nəticədə insanlar inanmır. Hər gün yazırlar ki, Səfər Əbiyevi işdən çıxardırlar. Oxucu görür ki, boş-boş yazırlar, oxumur. Yazırlar sonra da məhkəməyə gedib uduzurlar, təkzib edirlər. Dövlət də artıq ona inanmır.

– Bu sahədə problemlər var, bəs necə düzələcək?

– Bu, təbii yolla düzələcək. Əmr, fərmanla düzəlməyəcək. Artıq görürük ki, jurnalistikada istedadı olmayanları işə götürmürlər. O da öz üzərində işləmək məcburiyyətində qalır. Hamı ciddi qəzetləri oxuyur.

– Aqil Abbas cəmiyyətdə yazıçı, deputat və jurnalist kimi tanındı, siz daha çox hansıns üstünlük verirsiniz?

– 8 ildir deputatam. 8 il qabaq məni Azərbaycanda yazıçı kimi bundan da çox tanıyırdılar. Jurnalistika mənim iş yerimdir. Yazıçılıq isə iş deyil. Roman yazmaq işinə getmirsən ki, oturub 8 saat yazasan.

– 60 yaşınızı necə qeyd edəcəksiniz?

– Qeyd etməyəcəyəm. Evimizdə yemək bişəcək, məni təbrik etmək istəyən gələcək. 50 yaşımı 200 adamla qeyd etmişəm. Amma 60 yaşımı qeyd etməyəcəyəm. Sadəcə mənim ad günüm yadda qalandır, ayrı vaxt olsa, yadımda qalmazdı. 1 aprel – Aldatma günüdür.

– Bu təsadüfdür?

– Təsadüf deyilən şey yoxdur. 364 gün yalan danışırıq, deyirəm, heç olmazsa Aldatma günü düz danışaq. Müəyyən günlərdə insanların doğulmağı onların xoşbəxtliyinə bir az da xoşbəxtlik gətirir.

– 1 apreldə doğulan məşhur azərbaycanlı var?

– Hacı Zamin. Bir dəfə ona yazmışdım ki, Hacı Zamin sən heç vaxt ad gününü keçirə bilməyəcəksən. Mən səndən məşhuram, xalq mənim ad günümü keçirəcək. Ona görə sən ad gününü apreli 2-ə keçir. Yox, yox, həmin gün də Etibar Məmmədovun ad günüdür, ona görə 3-ünə sal.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu