Modern.az

Həsən bəy Zərdabinin lənkəranlı rus akademik tələbəsi

Həsən bəy Zərdabinin lənkəranlı rus akademik tələbəsi

21 Mart 2013, 22:25

Heç kəs yanılmayıb. Bakı Real Gimnaziyasında H.Zərdabinin ən sevimli tələbələrindən biri 22 dekabr 1862-ci ildə (təzə stillə-9 yanvar 1863-cü də) Bakı Quberniyasının Lənkəran uyezdində anadan olub. O, 1874-cü ildə Lənkəranda iki sinifli şəhər məktəbini bitirərək, Bakıya gəlib, qəbul imtahanında verilən suallara yaxşı cavab verdiyinə görə yaxşı qiymət alaraq, savadlı və dərrakəli müəllimləri ilə məşhur olan Bakı Real Gimnaziyasına daxil olub. 
1885-ci ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirərək, çar Rusiyasında  metallurgiya sənayesinin aparıcı mütəxəssislərindən biri kimi tanınmış, istehsalatla elmi əlaqələndirərək metallurgiya sənayesinin akademiki kimi tarixin yaddaşında qalıb.
Söhbət nə Talışxanovlar, nə də Mehmandarovlar nəslinin Bakı Real Gimnaziyasının əlaçı məzunlarından gedir. Sözümüz özünü əsl Azərbaycan vətəndaşı hesab edən, ömrünün ahıl çağlarında belə, Azərbaycanı və Azərbaycan dilini unutmayan, SSRİ Elmlər Akademiyasının akademiki, 2 dəfə Stalin mükafatı laureatı, 5 dəfə Lenin ordeninə layiq görülmüş həmyerlimiz Mixail Aleksandroviç Pavlov haqqındadır.
....Lənkəranlı Pavlovların Azərbaycana gəlişi 1855-ci ilə - Pusiya-Türkiyə  müharibəsi dövrünə təsadüf edir. Mixailin babası Don kazaklarından idi. O, Ust-Bıstryanski, arvadı (Mixailin nənəsi ) isə Kunduryuçey stanitsasından idi.

Mixailin sonralar yazdığı xatirələrindən məlum olur ki, o, atasını xatırlamır, anası isə oğlunu 7 yaşında yetim qoyub. Mixail uşaqlıq illərində küçə uşağı kimi böyüdüyünü yazsa da, incə yumorla qeyd edir ki, əslində Astarada  küçə yox idi. Aydınlıq üçün deyək ki, Pavlovlar əvvələr Astarada yaşamış, sonralar Mixailin 9 yaşında məktəbə getmək məsələsi ortaya çıxanda,  yaxınlıqda məktəb olmadığı üçün ailə üzvləri ikisinifli məktəbi ilə məşhur olan Lənkərana köçmüşdülər. Ailə " МИШУ НАДО УЧИТЬ"  fikrində israrlı idi. Mixailin xalası Lənkəranda yaşayırdı. Xala oxumaq və yazmaq bilməsə də, Znamenski kimi ləyaqətli bir kişiyə ərə getdiyinə görə özünü xoşbəxt sayırdı. Mixailin onlarda yaşaması bu xoşbəxtliyi daha da artıracaqdı.

Lənkəran şəhər məktəbinin birinci sinfi üç bölməli idi. Dərrakəli olduğuna görə Mixaili 2-ci bölməyə qəbul edirlər. Mixail 2-ci sinfi qurtaran il  Znamenskinin iş yerini dəyişirlər. O, ailəsi ilə bərabər Bakıya köçür. 1874-cü ilin payızında Mixail də Bakıya köçür və Bakı Real Gimnaziyasının 2-ci sinfinə qəbul olunur.

Mixail düz üç il, xalası öləndən sonra içkiyə qurşanan Znamenskinin ailəsində onun uşaqları ilə bir yerdə qalmalı olur. IV sinfə keçəndə Mixail  bu ailəni yaxşı tanıyan Monamaxovgilə köçür. Artıq Mixail Pavlov özü pul qazanmağın çəmini tapır; repetitorluq edir, həm Znamenskinin borcunu qaytarır, həm də oxumaq üçün  pul toplayır. Bu işdə ona BRG-nın müəllimləri vasitəçilik edir,bonu varlı ailələrə tanıdırlar.

BRG-da oxuyarkən M.Pavlov heç vaxt pansionda (yataqxanada) yaşamayıb,  son siniflərdə oxuyarkən ayrıca mənzil kirayələyib və gimnaziyanı qurtararkən attestatında əla qiymətlərin içində təkcə bir  "3"ü  olub. O da rəsm və rəsmxətdən. Lakin bu "3"ə baxmayaraq, ona fərqlənmə attestatı verirlər. Mixail sonralar yazırdı ki, o  rəsm və rəmxətti heç kimdən pis çəkmirmiş. Rəsm müəllimi öz fənni ilə yanaşı, məktəbin kitabxanasına da rəhbərlik edirmiş. Mixaıl gimnaziyanın kitabxanasına tez-tez müraciət edib, rəsm müəllimini narahat etdiyi üçün, xatirələrində başqa müəllimlərdən fərqli olaraq adını çəkmir. Rəsm və rəsmxətt müəlliminin məhz bu narahatlığa görə Mixaildən xoşu gəlmirmiş.

Mixail Pavlovgil ali məktəbə girmək üçün mütləq VII sinfi qurtarmalı idilər. VII sinifdə oxumayanlar iki illik yunker məktəblərinə daxil olub zabit ola bilərdilər. Mixailin babası da bunu istəyirdi. Lakin Mixail babasını inandırıb, daha bir il oxuyub, sinfin digər şagirdləri ilə bərabər-8 nəfər bakılı gənc  Şimala üz tutur: onların çoxu Peterburq Dağ-Mədən İnstitutuna daxil olmaq istəyirdi. Bu da təbii idi. Bakı neft təlatümündə idi. Hamı neft haqqında düşünürdü, Bakı hələ Nobelləri tanımırdı.

O vaxtlar  Bakıda tanışlar bir-birin ilə salamlaşmaq məqamında  soruşurlarmış: "Бургун атыр, бросает ли т.е. фонтанирует ли скважина?  (neft buruğun fontan vurur?).

Bakı Real Gimnaziyası tələbələrinin dağ-mədən ixtisasına meyl göstərmələrinin bir səbəbi də neft sənayesində işləyən mühəndislərin yaxşı maaş almaları, cəmiyyətdə yaxşı mövqe qazanmaları idi. M.Pavlov xatirələrində onlardan biri haqqında söz açır: "Bakıda Kokarev famıliyalı sahibkarın  mühəndisi Aleksey Semyonoviç Doroşenkonun kiçik qardaşı bizimlə bir yerdə oxuyurdu. Bir dəfə Suraxanıya - onun yanına getmişdik.   O qədər də varlı ailədən deyildi, lakin Suraxanıda yaxşı ad-san qazanmışdı. Bu görüşdən sonra biz Peterburqa oxumağa getməyi  qətiyyətlə  qərarlaşdırdıq.

1880-ci ilin mayında Mixailgil bakılı zəngin gənclərin geydikləri ağ kostyumda 7 yoldaş olub Şimala yola düşür. Gəmi ilə Həştərxana, oradan çay gəmisi ilə Tsaritsinə, oradan da dəmir yolu ilə yollarına davam edirlər.   Səhhəti Peteburqun iqliminə uygun gəlmədiyinə görə Mixailin dostlarından biri VERMİŞEV Moskvada gimnaziya yoldaşlarından ayrılır. O,  Moskvadakı Kənd Təsərrüfatı Akademiyasına daxil olmağı qərara alır. Mixailin ən yaxın dostlarından biri azərbaycanlı Cəbrayıl bəy isə onunla bir yerdə yoluna davam edir.

****

...Danışdıqlarımın çoxu  M.A Pavlovun  "Metallurqun xatirələri" kitabındandır. Akademik M.A.Pavlovun  "Metallurqun xatirələri" memuarı   birnəfəsə oxunan kitablardandır. Burada müəllim-şagird münasibətləri, Bakı Real Gimnaziyası və onun müəllim kadrları haqqında arxiv sənədləri ilə üst-üstə düşən maraqlı paralellər var.

BRG-nın direktoru  milliyyətcə çex olan  K.L.Çermak idi. Rus qadını ilə evlənmişdi. O, Moskva Universitetinin məzunuydu, bir neçə dili sərbəst bilirdi. İşi gimnaziyanın müəllim və şagirdləri tərəfindən bəyənilirdi. Gimnaziyada İ.V.Çernsov, B.O.Novitski, Azlevski  kimi öz peşə ustalığı ilə fərqlənən müəllimlər var idi.
M.A.Pavlovun xatirələrində ən çox diqqəti cəlb edən müəllim - Həsən bəy idi.
Müəllif onun familiyasını açıq yazmır, cümləsini mötrizədə yazdığı "düşünürəm ki, Zərdabi idi " qeydləri ilə bitirir.
  
Xatirələrdən məlum olur ki, Həsən bəy aşağı siniflərdə hesab dərsi  deyirmiş. Həsən bəy VI sinifdə uşaqlara təbiət tarixindən dərs deyirmiş. Təbiət tarixinə aid dərslik olmadığına görə, Həsən bəy tələbələrinə (şagirdlərinə) mövzunu yazdırar, növbəti dərsdə dərsi konspekdəki yazılara əsasən soruşarmış. 

Gimnaziyanın tələbələri 7-ci sinfə keçəndə öyrənirlər ki, Həsən bəy gimnaziyanı tərk etmək məcburiyyətində qalıb. Tələbələr öz sevimli müəllimlərindən biri olan Həsən bəylə vidalaşmaq, yaxşı dərslərinə görə   təşəkkür etmək məqsədilə onun evinə gedirlər.
1943-cü ildə yazılmış kitabın bir cümləsindən bu gün belə, həyəcanlı görünən bir cümlənin sətiraltı mənası ortaya çıxır. Sitatı orijinalda olduğu kimi yazıram:

" В последствии  оказалось,что  он националист и даже предводитель партии азербайджанских националистов. За это ли его уволили, или  за учение Дарвина-не знаю".

M.A.Pavlovun "Metallurqun xatirələri" əsəri ilk dəfə 1943-cü ildə   Moskvada çap olunub. "Xatirələrin ədəbi emalı görkəmli yazıçı Bek Aleksandr Alfredoviçə məxsusdur.

"Xatirələr" iki hıssədən, 16 bölmədən ibarətdir. Əsər bakılı gənclərin Peterburqa gəlişi ilə başa çatır. Həmyerlimiz akadamik M.A.Pavlovun daim qurub yaratmağa meylli olan mənalı həyatının sorakı səhifələrini digər mənbələrdən öyrənirik.

M.A.Pavlov 1885-ci ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirib, VYATSK  metallurgiya zavodunda mühəndis işləyir. İstehsalatda işləyə-işləyə elmlə də məşğul olur: ilk elmi məqaləsini 1894-cü ildə çap etdirir. 1896-1900-cu illərdə Sulinski metallurgiya zavodunda  işləyir. O, 1904-cü ildə artıq pofessor idi, müxtəlif ali məktəblərdə dərs deyirdi. Onun elmi əsərləri çoxdur. Şah elmi əsəri isə 1949-cu ildə Moskvada çap etdirdiyi  628 səhifəlik "Çuqunun metallurgiyası"dır.

 M.A.Pavlov 1958-ci il yanvarın 10-da Moskvada dünyasını dəyişib. O, Moskvadakı Vveden qəbirstanlığının 5-ci sahəsində dəfn olunur. Qəbiristanlığın planına baxanda 5-ci sahə  "M" hərfini xatırladır. Bəlkə də bu “Metallurq" sözünün baş hərfinə işarədir. Hər halda  buradakı “M" metro deyil!
Başqa bir maraqlı fakt. 1963-cü ildə M.A.Pavlovun anadan olmasının 100 illiyi münasibətilə SSRİ-də buraxılmış poçt markasında akademikin yaxasında Sosialist Əməyi Qəhrəmanı ulduzu bir yox, iki göstərilmişdi. Rəssam, yəqin ki, o vaxtkı rəhbərliyin səhvini düzəltmək, Lənkərandan olan  akademiki iki ulduzlu görmək istəyirmiş.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi, 
AAM-in kafedra müdiri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir