Modern.az

Professorun “Azərbaycan xalçaçılıq sənəti” adlı kitabı çıxıb

Professorun “Azərbaycan xalçaçılıq sənəti” adlı kitabı çıxıb

29 Mart 2013, 12:52


Dekorativ-tətbiqi sənət üzrə professor Vidadi Muradovun “Azərbaycan xalçaçılıq sənəti (illüstrasiyalı nəşr)” adlı kitabında Azərbaycan xalçaçılığının tarixindən başlamış onun texnologiyasının ən son prosesinə qədər bütün məqamlar əks olunub. Nəşrin əhəmiyyətini artıran amillərdən biri də kitabda xalçaçılığın bütün məsələlərinin, xalça sənətinin texnoloji proseslərinin tamamilə “əyaniləşdirilməsi”, yəni müvafiq illüsrasiyalarla müşayiət edilməsidir.

İllüstrasiyalı nəşrdə xalçanın ərsəyə gəlməsi zamanı icra olunan bütün proseslər fotoşəkillər vasitəsilə ətraflı izah olunur. Bu nəşrlə tanış olan hər kəs Azərbaycan xalça sənətinin sirlərinə qısa müddətdə bələd olmaq imkanı əldə etməklə bərabər, xalça toxumağı da öyrənə biləcək. Kitabın nəşr olunmasında məqsəd müasir dövrdə  xaçaçılıq sənəti sahəsində tarixən əldə olunmuş ən yaxşı nailiyyətlərin qorunub saxlanması və nəsildən-nəslə çatdırılmasının təmin edilməsidir.

“Azər-İlmə” xalçaçılıq şirkəti xalçatoxumanın təcrübi olaraq öyrənilməsini arzu edənlərə də şərait yaradıb. Bu məqsədlə şirkətin nəzdində “Xalçaçılıq Tədris Mərkəzi” təşkil edilib. Burada gənclər həm “Azərbaycan xalçaçılıq sənəti” kitabından bəhrələnə, həm də peşəkar ustaların rəhbərliyi altında xalçatoxumanın sirlərini öyrənə bilərlər.

Müasir xalçaçılığın bütün tələblərini tam nəzərə alan vəsait Azərbaycan xalça sənətinin təbliği və tədrisi sahəsində yeni addım olub, onun gələcəkdə də uğurla inkişafının təmin edilməsinə böyük kömək göstərəcək.







Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı