Modern.az

“Polad Bülbüloğlu atama dağ çəkdi” - Məşhur aktyorun qızından İddia

“Polad Bülbüloğlu atama dağ çəkdi” - Məşhur aktyorun qızından İddia

1 Aprel 2013, 11:11


Azərbaycanın görkəmli teatr və kino aktyoru Məlik Dadaşovun qızı Gülnarə Dadaşova atası ilə bağlı maraqlı faktlar açıqlayıb. Modern.az xəbər verir ki, G.Dadaşova atasının nekroloqonun Polad Bülbüloğlu yox, Elçin Əfəndiyevin imzalaması barədə vəsiyyət etdiyini qeyd edib. “Məlik Dadaşov həmişə olduqca sağlam insan olub. Amma ömrünün son illərində o vaxt mədəniyyət naziri olan Polad Bülbüloğlu atama dağ çəkdi. Onu yaş həddi adı ilə vaxtsız təqaüdə göndərdi, S.Vurğun adına Rus Dram Teatrından işdən çıxardı. Bütün bu haqsızlıqlar atama pis təsir edirdi. Onda qan təzyiqi ilə bağlı heç nə olmamışdı. Amma onun qan təzyiqi elə yüksək həddə çatdı ki, biz onu o vaxtkı “Leçkomissiya”ya, indiki Mərkəzi Klinik Xəstəxanada aylarla kardiologiya şöbəsində yatırmalı olduq”.

Gülnarə Dadaşova iddia edir ki, Polad Bülbüloğlu Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov kimi atamı da çərlədib. “Hətta atam anama vəsiyyət etmişdi ki, onun nekroloqunda da Polad Bülbüloğlunun imzası olmasın. Bu nekroloqu anamın xahişi ilə Elçin Əfəndiyev imzaladı. Bu tarixi faktdır. Hələ incəsənət tarixində belə bir şey olmamışdı ki, hansısa aktyorun nekroloqunu mədəniyyət naziri imzalamasın.

Atama çoxları xəyanət etmişdi. Atamın digər vəsiyyəti yas mərasiminə bir çox aktyorların buraxılmaması oldu. Onların içində Həsən Turabov, Mikayıl Mirzə var idi. Hətta digər vəsiyyəti də vida mərasiminin Milli Akademik Dram Teatrında keçirilməməsi idi. Biz onu Rəşid Behbudov adına Mahnı Teatrından götürdük”.   Gülnarə Dadaşovanın dediklərinə qarşı onun qardaşı, Məlik Dadaşovun oğlu Rəfael Dadaşovun fikirlərini öyrənməyə çalışdıq.   R. Dadaşov o vaxt mədəniyyət naziri olan Polad Bülbüloğlu ilə Məlik Dadaşovun arasında soyuqluğun olmasının hər kəsin bildiyini qeyd edib. “Bunu hamı bilirdi ki, onların arasında hansısa məsələ üstündə mübahisə olmuşdu. Qalan məsələlər barədə isə xəbərsizəm. Çünki bu barədə mənim yanımda söhbət olmayıb”.  

 

Aytən Əliyeva

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir