Modern.az

İki qardaşın bir “arzusu”...

İki qardaşın bir  “arzusu”...

1 Aprel 2013, 15:34

Araz Əlizadə və Zərdüşt Əlizadə - bu insanların doğma qardaş olduğu hər kəsə məlumdur. Xüsusən də biz jurnalistlərə. Böyük qardaş  – Zərdürş Əlizadə müstəqil politoloq,  Araz Əlizadə isə Azərbaycan Sosial-Demokrat Partiyasının sədridir. Hər ikisi ölkə miqyasında tanınan simalardır.

90-cı illərin siyasi proseslərinin canlı şahidi olanlar onları daha yaxşı tanıyırlar, nəinki gənc nəsil.


Bu yaxınlarda vaxtı ilə eks-prezident Ayaz Mütəllibovun lideri olduğu Azərbaycan Sosial-Demokrat Partiyası mətbuatda bir qalmaqalla yadda qaldı. Sözügedən partiyanın bir vaxtlar aparıcı simalarından olmuş Arzu Abdullayeva keçmiş silahdaşı Araz Əlizadəni kəskin tənqid edərək, onu ASDP-ni bərbad vəziyyətə salmaqda ittiham edib.

“ASDP çox zəif və fəaliyyətsiz bir partiyaya çevrilib. Onun çox yerdə adı çəkilmir və heç bir tədbirləri eşidilmir. İdeyaları gözəl və dünyəvi olsa da, əfsuslar olsun ki, sosial müdafiə üçün tədbirlər görülmür. Ancaq istəsələr bunları edə bilərlər”-deyə Arzu xanım Əlizadəni “ağ yuyub,  qara sərdi”.

Şahidi olduğumuz kimi, Arzu Abdullayevanın Modern.az-da dərc olunan bu çıxışını oxuyan ASDP sədrinin də keçmiş partiyadaşına cavabı gecikmədi. Arzu xanımın tikanlı sözlərindən əməlli-başlı qəzəblənən Araz bəy söz davasına qardaşı Zərdüşt Əlizadəni də qataraq, onların ünvanına olmazın sözlər dedi.

İndiki kimi yadımdadır, Araz bəy mənimlə telefon danışığında fikirlərinin ixtisar olunmadan dərc olunmasını xahiş etmişdi.

Mən də öz növbəmdə Araz bəyin fikirlərini olduğunu kimi qələmə alıb oxuculara çatdırdım.

“Zərduşt Əlizadə və Arzu Abdullayeva ASDP-ni borc içində qoyub getdilər. Təəssüflər olsun ki, Zərdüşt Əlizadə də ona qoşulub bizim partiya haqqında beynəlxalq aləmdə mənfi imic yaratmağa çalışırlar. Hətta onlar partiyadan gedəndə telefon borcları belə ödənməmişdi. İndiki kimi yadımdadır telefon borcları düz 51 milyon manat ( 90-cı illərdə -red) idi. İcarə haqqı il yarım idi ödənmirdi. Sonradan onlar partiyadan xaric ediləndən sonra borc-xərclə biz bunları ödədik”-deyə Araz bəyin çıxışı davanı daha da qızışdırdı.

Jurnalist marağından irəli gələrək qalmaqalda adı hallanan Zərdüşt bəyin də münasibətini öyrənmək istədim. Məqsədim qalmaqalı daha da böyütmək deyil, fakta obyektiv, qərəzsiz yanaşmaq idi.

Zərdüşt Əlizadəyə telefon açaraq məsələ haqda onun münasibətini öyrənmək niyyətindəydim.  Həmişəki kimi, salamlaşaraq Zərdüşt bəyə özümü təqdim etdim. Elə bil mənim zəngimi gözləyirmiş kimi, Zərdüşt Əlizadə hansı məsələ ilə bağlı zəng vurduğumu belə, soruşmadan başladı, nə başladı....

Sanki ürəyini boşaltmağa adam axtarırmış kimi mətləbə dəxli olmayan fikirlər belə, söylədi. Təbii ki, yaşca məndən qat-qat böyük olan politoloqun sözünü kəsmək mədəniyyətimə yad olduğu üçün dişim dodağımı çeynəyə-çeynəyə onu axıracan dinlədim.

Dəfələrlə açıqlamalar aldığım, yazılarımda fikirlərini işıqlandırdığım Zərdüşt bəyi  sözün əsl mənasında tanıya bilmirdim. Təbii ki, onun danışdığı, işlətdiyi ifadələri burda qeyd etmək niyyətində deyiləm.

Guya, Arzu xanımla Araz bəyi mən dalaşdırmışam, guya, iki qardaşı bir-birinə mən düşmən eləmişəm.. daha nələr, nələr...

Telefonu üzümə qapatdı.

Zərdüşt bəyin şəxsiyyətinə, insanlığına, peşəsinə böyük hörmətim, izzətim var. Şəxsən onunla üzbəüz təmasda olmamamışam. Bir ziyalı kimi onun savadına, dünyagörüşünə, intellektual potensialına zərrə qədər də olsa şübhə ilə yanaşmamışam.

Amma hörmətli politoloqun telefon zəngimə bu cür arressisiv reaksiya verməsinə çox təəccübləndim və təəssüfləndim. Ona bu cür danışığı heç yaraşdırmadım.

Xatırlatma: Zərdüşt bəy, sizin qardaşınız Araz Əlizadə ilə hansı münasibətlərdə olmağınız bizim üçün önəmli deyil. Bu sizin şəxsi probleminizdir. İllər öncə, mənim uşaq olduğum dönəmdə - 90-cı illərdə sizin aranızda baş verən xoşagəlməz hadisələrin də günahkarı mən deyiləm. Nə Arzu xanım, nə siz, nə də Araz bəyi yaxından tanıyıram, sizin yaxşı və pis tərəflərinizi tanıyanlar tanıyır, bilənlər bilir. Siz kiməsə qəzəblənə bilərsiniz, amma bunun bizə yaxından-uzaqdan heç bir dəxli yoxdur.   

Mənim bir jurnalist olaraq peşə borcum adınızın hallandığı qalmaqalda qarşı tərəf olaraq sizdən münasibət öyrənmək idisə, sizin də cavab verməmək hüququnuz var. Amma siz ağlınıza, ağzınıza gələni danışmağa üstünlük verdiniz. Bax, bunu sizin kimi ziyalı adama yaraşdırmadım.

Onsuz da Azərbaycan balaca bir ölkədir. Zamandan, məkandan aslı olmayaraq hamı bir-birini yaxşı tanıyır. Kimin nə etdiyi də, nə etmək istədiyi də göz önündədir. Başqa sözə daha ehtiyac yoxdur.

Müəllif: Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!