Modern.az

Asim Mollazadə Milli Demokratiya İnstitutu haqqında nə dedi?

Asim Mollazadə Milli Demokratiya İnstitutu haqqında nə dedi?

Aktual

1 Aprel 2013, 15:58


ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyi haqqında son zamanlar mətbuatda qalmaqallı yazılar dərc olunub. Belə ki, hüquq müdafiəçisi Eynulla Fətullayev bu təşkilatı Azərbaycanda inqilab həyata keçirmək üçün “facebook” sosial şəbəkəsinə təxminən 2 milyon dollar ayırmaqda ittiham edib. Bundan sonra isə baş prokuror Zakir Qaralov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstara MDİ-nin fəaliyyəti ilə bağlı məktub ünvanlayıb. Məktubda bildirilir ki, nümayəndəliyin rəhbəri Aleks Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğu müəyyən edilib. Məlumata görə, MDİ pulları nağd şəkildə paylayıb.

Bütün bu son proseslər Azərbaycan-ABŞ münasibətlərində hər hansı gərginlik yarada bilərmi?   Bu barədə Modern.az-ın suallarını şərh edən Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin fikrincə iki ölkə arasında əməkdaşlıqda hər hansı bir problem yaranmayacaq. “Düşünürəm ki, bu məsələlər araşdırılacaq. Hesab edirəm ki, ABŞ-la Azərbaycan arasındakı münasibətlərə heç bir xələl gəlməyəcək. Milli Demokratiya İnstitutu tanınmış bir qurumdur. Bu institut bir neçə ölkədə fəaliyyət göstərir. Təbii ki, ara-sıra müəyyən problemlər olur. Amma əminəm ki, bu problemlər öz həllini tapacaq və MDİ-in Azərbaycanda fəaliyyəti davam etdiriləcək”, – deyə deputat vurğulayıb.

 

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub