Modern.az

İki ayda Azərbaycanda 9 jurnalist məhkəməyə verilib

İki ayda Azərbaycanda 9 jurnalist məhkəməyə verilib

Qarabağ

12 Mart 2010, 16:18

st1:*{behavior:url(#ieooui) }

Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı növbəti hesabatını açıq­la­yıb. Almaniyanın Fridrix Ebert Fondunun dəstəyi ilə hazırlanan hesabat 2010-cu ilin yanvar-fev­ral aylarında baş verən olayları əhatə edir.

Modern.az-a daxil olan hesabata görə, Azərbaycanda me­dia qanunvericiliyi problemlidir, mövcud hüquqi baza isə effektiv işləmir. 2009-cu ildə hökumət nümayəndələri nüfuzun qorunması (defamasiya) ilə bağlı müvafiq qanunun qəbul ediləcəyinə dair nikbin açıqlamalar versələr də, böhtan və təhqirə görə cinayət məsuliyyətini ləğv ediləcək və bu sahədəki qanunvericiliyi Avropa Məhkəməsinin və Avropa Şurasının müəyyən etdiyi meyarlara uyğunlaşdıracaq qanunun tezliklə qəbul ediləcəyinə olan ümidlər özünü doğrultmur. Defamasiya (nüfuzun qorunması) ilə bağlı qanunun müzakirəsi ölkə parlamentinin növbəti sessiyasının gündəliyinə də daxil edilməyib.

2009-cu, eləcə də əvvəlki illərdə jurnalistlərə ağır çəkindici təsir göstərmək niyyətilə edilən onlarla fiziki və psixoloji təzyiq faktları araşdırılmamış qalır. “Monitor” jurnalının 2005-ci ildə qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun qatillərinin axtarışı 5 ildir ki, yekunlaşmaq bilmir. Hesabatda vurğulanır ki, defamasiya və terrora çağırış ittihamlarıyla məhkum edilmiş “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin qurucusu və baş redaktoru Eynulla Fətullayevə qarşı yeni qurama ittiham irəli sürülüb. Ciddi rejimi ilə tanınan həbsxanada cəza çəkən jurnalistin geyimindən və ayaqqabısından narkotik tapıldığı iddia olunur.

 

Hesabatın “Məhkəmə işləri” bölümündə qeyd olunur ki, son iki ayda həbsdə olan 3 jurnalist azadlığa çıxsa da, 4 jurnalist hələ də həbsxanada cəza çəkir.

Hesabata görə, ötən iki ayda 9 jurnalist bir neçə dəfə xüsusi ittiham qaydasında məhkəməyə çəkilib. Millət vəkili cənab C.Əliyev “Yeni Müsavat”ın iki jurnalistinin (Azər Ayxan, Qoşqar Bakılı), daxili naziri R.Usubov “Femida 007” qəzetinin baş re­dak­to­ru Əyyub Kərimovun, Təhsil Nazirliyinin işçıləri “Azadlıq” qəzetinin ekspert-yazarı Əlövsət Osmanlının, Gəncənin polis rə­isi ”Bizim Yol” qəzetinin yazarı Natiq Cavadlının cəzalandırılması tələbilə cinayət defamasiyası ittihamı qaldırıblar. Hərbi hissələrdən birinin komandiri Elsevər Axundov “Hürriyət” qəzetinin iki jurnalistinin (Anar Həsənli, Seymur Əliyev), Liberal Partiyanın rəhbəri Lalə Şövkət Hacıyeva isə “Ölkə” qəzetinin baş redaktoru Rəfael Becanovun və qəzetin əməkdaşı Orxan Sultanəlinin məsuliyyətə cəlb olunması tələbilə məhkəməyə şikayət edib.

Yanvar-fevral aylarında 2009-ci ildə başlanmış məhkəmə prosesləri davam edib. Şübhəli olan xuliqanlıq ittihamı ilə həbs olunmuş gənc bloqçular Emin Milli və Adnan Hacızadənin məhkəmə prosesi davam edib. Bakı Apellyasiya Məhkəməsi Səbail Məhkəməsinin Emin Millini 30 ay, Adnan Hacızadəni 24 ay azadlıqdan məhrum edən hökmündən verilən şikayətə baxışı yubadır. Ötən iki ayda məhkəmə prosesi 4 dəfə təxirə salınıb.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!