
“Dövlət başçısı İlham Əliyev tərəfindən 8 nömrəli konsepsiya hazırlanıb. Bunun əsas müddəalarından biri də kənd təsərrüfatı sahəsində dövlət proqramı və strategiyasının hazırlanmasıdır. Artıq nazirlik tərəfindən strategiya hazırlanaraq yaxın günlərdə hökumətə təqdim olunacaq”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev deyib. Nazir müavini bildirib ki, strategiyanın əsas müddəaları 4 istiqaməti əhatə edir. Onun sözlərinə görə, əsas istiqamət bitkiçilik və onun əsası olan toxumçuluğu inkişaf etdirmək, ikincisi heyvandarlıq və onun əsası olan damazlıq sistemini inkişaf etdirməkdir: “Üçüncü azad torpaq mülklərinin qorunub saxlanmasıdır. Azərbaycanın 41,8 faiz ərazisi eroziyaya uğrayıb. Burada çoxlu işlər görmək lazımdır. Yaşıllaşdırma sonra isə kənd təsərrüfatı halına gətirilməlidir. Dördüncü istiqamət isə marketinq problemidir. Yəni fermerin yetişdirdiyi məhsulun bazara çıxarılmasıdır. Düşünürəm ki, bu 4 istiqamətdə strategiyanın əsas müddəaları olaraq yerlərdə məlumatlar hazırlanıb. Müəyyən ekspertləri də dəvət etmişik ki, bu sənədin hazırlanmasında iştirak etsinlər. Bu mühüm bir sənəddir və gələcək üçün əsas təminatdır. Əsas məqsədimiz odur ki, ərzaq təhlükəsizliyi problemi həll olunsun. Bu problemi həll etmək üçün ilk öncə əkin sahələrini inkişaf etdirmək lazımdır”.
B. Əliyev eyni zamana bildirib ki, Bu il Azərbaycanda 997 min hektar sahədə əkin aparılıb. Onun 690 min hektar sahəsini buğda, 306 minə yaxın sahə isə arpa təşkil edib. “Düşünürəm ki, bu il keçən ilə nisbətən daha bol məhsul olacaq. Proqnozlara əsasən, bu il 2,6 milyon ton buğda əldə etməliyik. Bu ən aşağı səviyyədir. Gələcək üçün düşünürəm ki, bu rəqəm də artım olacaq”.
2008-2015-ci illər üçün dövlət proqramına uyğun olaraq istər bitkiçilik, istərsə də heyvandarlıq sahəsində rəqəmlər maksimum həddə çatdırılmalıdır.
Kənd təsərrüfatı nazirinin müavini deyib ki, dövlət proqramına uyğun olaraq taxıla olan tələbat 2,8 milyon ton nəzərdə tutulub ki, bu da 2015-ci ilin axırına kimi təmin edilməlidir. Onun sözlərinə görə, ətə olan tələbat 340 min tondursa, o hədəf kimi götürülməli və axıra kimi aparılmalıdır: “Quş ətini 80 milyon tona çatdırmalıyıq. Bu gün quş əti 45-50 min tondursa, biz onu 80 milyon tona çatdırmalıyıq. Bu istiqamətdə işlər gedir və davam etdirilir”.
B.Əliyev qeyd edib ki, Nazirlər Kabineti 2012-ci ildən imzaladığı 90 nömrəli sərəncama əsasən, Ağcabədi ərazisində 3300 hektar sahədə ilk təsərrüfat yaradılıb. Onun sözlərinə görə, artıq orada tamamlama işləri gedir və 1875 hektar yaz əkinləri üçün hazırlanır: “Beyləqan rayonunda da həmin sərəncama uyğun olaraq 1500 hektardan artıq sahə hazırlanıb. Bu sahədə meliorasiya işlərinə hazırlıq gedir. Nazirlər Kabinetinin 154 nömrəli sərəncamına uyğun olaraq Şəki rayonun ərazisində 5500 hektar sahə qış otlaqlarına ayrılıb. İcra başçısına bu istiqamətdə tapşırıqlar verilib”.
Gültəkin Ələsgər