Modern.az

“Lalə Şövkət vaxtaşırı xarici diplomatlarla görüşür, mətbuata bildirmirik”- MÜSAHİBƏ

“Lalə Şövkət vaxtaşırı xarici diplomatlarla görüşür, mətbuata bildirmirik”- MÜSAHİBƏ

3 Aprel 2013, 14:51

“Lalə Şövkətin vahid namizədliyini gündəmə gətirmək hələ tezdir”

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın Modern.az-a müsahibəsini təqdim edirik.

- Əvəz bəy, rəhbərlik etdiyiniz partiya qarşıdan gələn prezident seçkiləri ilə bağlı konkret mövqeyini ortaya qoymayıb. Nəzərə alsaq ki, seçkilərə 6 aydan az vaxt qalıb, siz isə hələ də susmağa üstünlük verirsiniz.

- Azərbaycanda ədalətli  seçki olmayıb və yoxdur. Əgər ədalətli seçki yoxdursa, olmayıbsa, məntiqlə belə seçkilər uğrunda müxalifət birgə  mübarizə aparmalıdır. Sonra namizədlik və ya vahid namizədlik uğrunda mübarizədən danışmaq olar. Mən hesab edirəm ki, indiki mürtəce seçki məcəlləsi və indiki mürtəce siyasi şəraitdə seçkilərdə iştirak etmək əslində iqtidarın dəyirmanına su tökmək deməkdir. Bu birbaşa iqtidara xidmət edir.

- Lalə Şövkətin lideri olduğu Liberal Partiya seçkilərə qatılacaq?

- Hələlik ehtimalı müzakirə etməyə dəyməz. Çünki bir an içində Azərbaycanda hər şey dəyişə bilər. Amma, Liberal Partiya hesab edir ki, bu seçkilərdə müxalifət bir olmalıdır. Bir olmaq üçün yindidən vahid namizəd məsələsini gündəmə gətirmək doğru deyil. Partiyamızın lideri, Lalə Şövkətin yüksək reytinqli siyasi lider olduğuna baxmayaraq, biz  nə onun vahid namizədliyini, nə də  namizədliyini hələ gündəmə gətirmirik. Çünki, indiki Seçki Məcəlləsilə seçkilərə namizəd kimi getməyi bəyan etmək bu iqtidara “sən heç nə etmə, heç bir islahat aparma, arxayın ol, biz sənin saxtakarlığına  seçkilərdə iştirakımızla kömək edəcəyik” deməkdir. Buna görə kim müxalifətin birliyinə mane olur, seçkilərdə iştirakını bəyan edir, papağını qarşısına qoyub, bu haqda düşünsün.

- Müxalifətin birliyindən söz düşmüşkən, Rüstəm İbrahimbəyov da bu istiqamətdə Milli Şura ideyasını irəli sürdü. Sizin partiyanın bu təklifə münasibəti necədir? Milli Şuranı dəstəkləyəcəksinizmi?

- Açığını deyim ki, partiyalar arasında məsləhətləşmələr gedəndə bu məsələ gündəmə gəlib. Öz aramızda danışıqlarda Milli Şura ideyasını müzakirə təklifləri olub. Bəzi həmkarlarımız hesab etdilər ki, bu hələ tezdir. Mən çox şadam ki, şəxsiyyətinə hörmət etdiyim Rüstəm bəy İbrahimbəyov bu məsələni gündəmə gətirdi. Bu təqdirəlayiq haldır. Lakin, kimsə Rüstəm bəy İbrahimbəyovun bu təklifindən özü üçün, öz siyasi kariyerası üçün, şəxsi maraqları üçün sui-istifadə edərsə, bu ideya da havadan asılı qalacaq.

Əgər Liberal Partiya Milli Şuranın yaradılmasına aid ilkin müzakirələrdə iştirak edəcəksə, biz həmin şurada  iştirak edəcəyik. Sözsüz ki, yaranmasında, təsis olunmasında iştirak etməsək, Milli Şurada bizim iştirakımız böyük sual altında ola bilər. Biz istərdik ki, bütün partiyalar orada olsun. Kim hansı kvota ilə orada təmsil olunacağını müzakirə etmək olar. Bu haqda bizim konkret təkliflərimiz var.

- Lalə xanım necə, Rüstəm İbrahimbəyovun təklifi ilə razıdırmı? Lalə Şövkət nə düşünür bu ideya ilə bağlı?

- Mən Lalə xanımın mövqeyini ortaya qoydum. Əgər kimsə Lalə Şövkətin mətbuatda görünməməsini onun siyasətdən çəkilməsi kimi qəbul edirsə, böyük yanlışlığa yol verir. Bu belə deyil. Əksinə, Lalə Şövkət indi siyasətdə daha aktiv iştirak edir. Sadəcə, bunu Liberal Partiya vasitəsilə edir. Bizim sərgilədiyimiz münasibət birbaşa Lalə Şövkətin mövqeyidir. Əgər Milli Şuranın yaradılmasında ALP iştirak edəcəksə, Lalə Şövkət həmin şuranın yaranması, möhkəmlənməsi və uğurları üçün öz imkanı çərçivəsində əlindən gələni edəcək.

- Lalə xanım hazırda Bakıdadırmı? Nə üçün mətbuata çıxmır? Bu haqda nə deyə bilərsiniz?

- Lalə Şövkət kənd həyatını sevir. Hazırda o, kəndlərimizdən birində yaşayır. Hər gün əlaqə saxlayırıq. Ölkədə gedən bütün siyasi prosesləri izləyir, bizə məsləhtlər verir. Xüsusə. müxalifətin birliyi, partiyalar, siyasilər arasında münasibətlərin pozulmaması, yaxınlaşması  üçün əlimizdən gələni etməyi tövsiyə edir. Liberal Partiyanın siyasi strategiyasını Lalə Şövkət  müəyyən edib.  Bu ilk növbədə müxalifətin birliyi və  ölkədə hamının hamıyla barışığıdır. Siyasət təkcə mətbuatda görünmək demək deyil. Siyasət ilk növbədə sağlam siyasi mövqe tutub, onun həyata keçirilməsi üçün mübarizə aparmaqdır.

- Əvəz bəy, qeyd etdiniz ki, Lalə Şövkət indi daha aktiv siyasətlə məşğuldur. Lalə xanıma xaricdən dəvətlər gəlirmi?

- Lalə xanıma onlara belə təkliflər olur. Lazım olan təklifləri qiymətləndirir, iştirak edir. Əvvəllər o Amerikada, Avropada, Türkiyədə səfərdə olub və ciddi görüşlər keçirib. Lalə Şövkət keçən il İstanbulda Xocalı soyqırımının 20 illiyinə həsr edilmiş forumlarda iştirak etmişdi. Lalə Şövkətin oradakı dərin analitik çıxışı Türkiyənin siyasi ictimaiyyətini xoş təəccübləndirmişdi. Bir çox telekanallar bu çıxışı işıqlandırmışlar. Təəssüf ki, bu məlumatı Azərbaycan mətbuatı işıqlandırmadı. Biz bu informasiyanı mətbuata göndərsək də, bir dənə də KİV  onun  Türkiyə səfərinə dair  xəbəri vermədi. Bəzi KİV-lər var ki, Lalə Şövkətin çıxışını öz maraqların naminə verirlər. Burda da məntiq var. Gələcəkdə xarici səfərlərə gəldikdə, zamanında o yenə də olacaq. Lalə xanım ehtiyac duyacaqsa, xarici səfərlərə gedəcək.

- Bizim üçün maraqlıdır ki, Lalə Şövkət niyə Azərbaycanda bir çox tədbirlərə dəvət alır, amma iştirak etmir. Hətta ABŞ səfirliyi ilə müxalifətin görüşündə partiyanı siz təmsil edirsiniz. Lalə xanımın ölkəmizdəki xarici diplomatlarla görüşləri olurmu?

- Belə görüşlərdə bir çox hallarda Liberal Partiyanı mən təmsil edirəm. Mən də partiya sədri kimi liderimizin mövqeyini ortaya qoyuram.Yenə də qeyd edirəm ki, əgər Azərbaycanda nisbi ədalətli seçki keçiriləcəksə, Lalə Şövkət  bu seçkilərdə namizəd kimi iştirak edəcək. Bunun üçün Lalə xanımın imkanları çərçıvəsində hər şeyi edir. Təəssüf ki, müxalifətin birliyinin olmaması ucbatından ədalətli seçkilər uğrunda nəticəli mübarizə hələ alınmır. Lalə Şövkətin mətbuatda görünməsi onun üçün problem deyil, onun xarici diplomatlarla görüşməsi də həmçinin. Bu informasiyalar rmətbuatda getməsə də, Lalə Şövkət vaxtaşırı belə görüşlər keçirir. Lalə Şövkət  siyasi xadimlərdən, ictimai xadimlərdən tutmuş ziyalılara kimi  çoxları ilə görüşlər keçirir. Lalə Şövkətin ölkəmizdə fəaliyyət götərən xarici diplomatlarla da vaxtaşırı görüşləri olur. Sadəcə bu görüşlər haqqında mətbuata bildirmirik.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir