Modern.az

Xəbər portallarının fəaliyyəti KİV Fondu tərəfindən dəstəklənəcək?

Xəbər portallarının fəaliyyəti KİV Fondu tərəfindən dəstəklənəcək?

5 Aprel 2013, 13:46

Azərbaycan Mətbuat Şurasında İnternet-media Komissiyasının iclası keçirilib.  APA-nın məlumatına görə, iclasda internet media ilə bağlı mövcud vəziyyət və yaranan problemlər müzakirə olunub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, vaxtilə xəbər portalları mətbuat qurumu kimi xarakterizə olunmurdu və cəmiyyət tərəfindən də qəbul edilmirdi. Onun sözlərinə görə, artıq bir sıra internet xəbər portalları Mətbuat Şurasının üzvlüyünə qəbul edilib: “Bu, Azərbaycanda media ailəsinin genişlənməsi deməkdir. Artıq saytlar da jurnalistin peşə davranışı qaydalarına riayət etməlidir”. Ə.Amaşov qeyd edib ki, ölkədə fəaliyyət göstərən 30-a yaxın xəbər portalının monitorinqi aparılacaq: “Bir müddət sonra həmin xəbər portallarının iştirakı ilə vəziyyət müzakirə ediləcək”.

Ə.Amaşov onu da qeyd edib ki, internet mediasının fəaliyyətinin KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən dəstəklənməsi istiqamətində işlər aparılır.

İnternet-media Komissiyasının sədri Elnur Baimov bildirib ki, bu sahənin idarəçiliyi üçün qanunvericilikdə boşluqlar mövcuddur. Onun sözlərinə görə, ölkədə anonim xəbər portalları da fəaliyyət göstərir ki, onlarla da bağlı problemlər yaranır: “Komissiyanın fəaliyyətində heç bir qadağa yaratmaq məqamı yoxdur. Burada məqsəd internet media sektorunda normal jurnalistika mühiti yaradılsın”.

Tədbirdə aparılan müzakirələrin yekunu olaraq məsələnin hüquqi tərəfinin müəyyənləşdirilməsi istiqamətində işlərin sürətləndirilməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, 2011-ci ildə Mətbuat Şurasına 7, 2012-ci ildə 20 şikayət daxil olub.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?