Modern.az

Azərbaycan-İran münasibətləri niyə pisləşdi?- RƏY

Azərbaycan-İran münasibətləri niyə pisləşdi?- RƏY

Təhsil

5 Aprel 2013, 14:55


Zaman-zaman İranın Azərbaycan əleyhinə təxribata əl atdığı artıq rəsmi səviyyədə də müzakirə edilib. Bu il isə İranın Azərbaycana qarşı aqressiyası daha açıq şəkildə özünü büruzə verir. Belə ki, İran İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpurla YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov arasında virtual debat ölkə diqqəti cəlb etdi. Həqiqətpurun Siyavuş Novruzova ittihamının arxasında Azərbaycana yönəli məkrli niyyətlərin durduğunu sezmək o qədər çətin deyil. Son iki gündə isə İran mətbuatında Azərbaycanın İrana referendum yolu ilə birləşməsindən söz açılır. İran İslam Şurası Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi isə Azərbaycanı bəzi məsələlərdə diqqətli olmağa çağırıb və təhdid dolu xəbərdarlıqlar etməklə ciddi ittihamlar səsləndirib. İranın Azərbaycan əleyhinə bu cür kompaniyaya start verməsinin səbəbləri barədə modern.az-ın suallarını politoloq Rasim Ağayev şərh edib.

“Azərbaycanın İranla yaxşı əlaqələri var idi”

Yaxın tarixə nəzər salan politoloq qeyd edib ki, İranla Azərbaycanın isti münasibətləri olub.  Siyasi ekspert İranın Azərbaycana vaxtilə kömək göstərməsi barədə də söz açıb. “1990-cı illərdə Azərbaycan müstəqillik qazandıqdan və xarici siyasətdə ilk addımlarını atanda İranla ciddi, yaxın əlaqələri var idi. Hətta İran Azərbaycan tərəfinə köməklik göstərirdi. Mənim yadımdadır, biz İrana getmişdik və əlaqələrimiz barədə müzakirələr olurdu. Ayaz Mütəllibov dövründə çox gözəl əlaqələrimiz var idi. Hətta o zamanlar İranın prezidenti olan Əli Rəfsancani Qarabağ məsələsində Azərbaycana kömək etmək istəyirdi. Bir sözlə münasibətlər isti və ümidverici idi. Bu da onu göstərir ki, iki ölkə arasında tarixi yaxınlıq olub. Gərək İran və Azərbaycan bu əməkdaşlığı davam və inkişaf etdirəydi”.

Siyasi kurs niyə 180 dərəcə dəyişdi?

Politoloq qeyd edib ki, 1990-cı illərdə hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsi İrana qarşı aqressiv mövqe sərgilədi. Bunun əsas səbəbi isə AXC-nin türkçü olması idi. Buna görə də Türkiyəyə meyllilik özünü açıq-aşkar göstərdi. “Təbii ki, Türkiyə də bizə yaxındır. Türkiyə ilə yaxınlıqlar Azərbaycana böyük xeyirlər verdi. Amma bütün bunlar İranla əlaqələrin korlanması üçün səbəb deyildi. O dövrdə AXC funksionerləri İranı şovinistlikdə təqsirləndirdi. Vurğuladılar ki, İran oradakı soydaşlarımızın hüquqlarını pozur və onlara təzyiqlər edir. Bunun nəticəsində əlaqələr pozuldu. Yenidən Heydər Əliyevin vaxtında normallaşdı. Hətta O vaxtlar İran səfiri Heydər Əliyevin qəbulunda olanda çox ciddi və kəskin söhbət olmuşdu. İran səfiri Azərbaycanı İsraillə yaxınlıq etməkdə təqsirləndirəndə Heydər Əliyev də onları Ermənistanla əməkdaşlıqda günahlandırdı. Bu da əlaqələrin yenidən pisləşməsinə səbəb oldu”.

“İran Azərbaycanın durumuna düşüb”.

Politoloq söyləyib ki, İran-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. “Yaxşı ki, İranla Azərbaycan arasında diplomatik əlaqələr davam edir. İran hal-hazırda blokada vəziyyətindədir. Bu, Azərbaycanın 1990-cı illərdəki vəziyyətini xatırladır. O zaman Azərbaycan da  informasiya və iqtisadi cəhətdən blokada idi. O vaxt Türkiyə və Rusiya ilə əlaqəmiz nisbətən normal idi. Beynəlxalq cəmiyyət tərəfindən İrana münasibət bəllidir. İran onun əleyhdarları ilə Azərbaycanın apardığı paralel siyasət İranı qıcıqlandırır. Həm də Azərbaycan İranda yaşayan soydaşlarımızla bağlı məsələləri gündəmə gətirir. Bununla yanaşı, Azərbaycanda islam meylli partiya yarananda, ona İranın agenti damğasını vururlar. Bu cür müxtəlif siyasi fobiyalar da hər iki dövlət arasında münasibətləri kəskinləşdirir”

Azərbaycanla İran sanki yarışırlar”

Azərbaycan-İsrail münasibətlərindən də söz açan siyasi şərhçi bildirib ki, İranın Azərbaycana bu cür təxribatlara əl atmasının səbəblərindən biri də İsraillə əlaqələrə qısqanclıqla yanaşmaqdır. Bununla yanaşı bəzi millət vəkillərini də hədəfə alan politoloq onları tənqid edib. Mən çox təəssüf edirəm ki, bəzi deputatlarımız İsraillə Azərbaycanın dost olmasını dilə gətirir. Burada ziddiyyətli və qəribə məqamlar var. İsrail “dostumuzdur”, amma bu ölkədə səfirliyimiz yoxdur. Digər tərəfdən İsrail Azərbaycanın iqtisadi partnyorudur. Siyasi əlaqələr isə aşağı səviyyədədir. Belə olan təqdirdə, İsraili dost adlandırmaq İranı narahat edir. İran da öz ölkəsində referendum məsələsini qaldırır. Bunlar da iki ölkə arasında qalmaqala səbəb olur. Mən İranda yüksək vəzifədə çalışan azərbaycanlılar tanıyıram. Onlar azərbaycanlı olmağını bildirməyə qorxurlar. Hətta deyirlər ki, biz iranlıyıq. Çünki İranda soydaşlarımıza münasibət heç də yaxşı deyil. Sanki Azərbaycanla İranın arasında bir yarışma başlayıb. İrandan olan azərbaycanlılar Bakıda toplantı keçirirlər, onlar da ordan deyir ki referendum keçirək. Faktiki olaraq Azərbaycan İran tərəfinə bu soydaşlarımızla bağlı problemi başqa müstəvi və formata keçirsin. Hansısa danışıqlar yolu ilə münasibətlər və İranda yaşayan azərbaycanlıların hüquqları qaydaya salınmalıdır. Azərbaycan elə bir addım atmalıdır ki, İran bunu seperatçılığa dəstək kimi dəyərləndirməsin. Digər tərəfdən də Azərbaycan məsələni elə qoymalıdır ki, İran tərəfi qəzəblənməsin. Hələ şah dövründən də bu mövzuda müzakirələrdən qaçırdılar. Əslində bu problem əvvəldən olub”-deyə R.Ağayev ətraflı şərh edib.   

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı