Modern.az

Azərbaycan yolu: xarici amillər

Azərbaycan yolu: xarici amillər

Aktual

8 Aprel 2013, 12:54

Akif Nağı

Azərbaycanın öz yolunu seçib müəyyənləşdirməsi və bu yolla getməsinə əngəl olan çoxlu daxili və xarici amillər var. Daxili amillərin böyük əksəriyyəti də xarici təhdidlərlə bağlıdır. Xaricdən gələn təklifləri çox vaxt xoşməramlı niyyətlər kimi, daha dəqiqi, hər kəs öz təklifini xoşniyyətli təşəbbüs, istək kimi təqdim etməyə çalışır. Əslində isə xaricdən nəsə yaxşı bir şeyin gələcəyinə ümid etmək sadəlövhlükdür. Kiminsə başqası üçün yaxşı bir iş görəcəyinə inanmaq adi məntiqə sığmır,  hər kəsin, hər dövlətin, hətta ən yaxın millət və dövlətin də öz maraqları var. Bu maraqlar isə “mənə yaxşıdır, başqasına da yaxşı olsun” tezisi ilə bir araya sığmır.

Dünya özünü dərk edəndən bir dövlət, millət, qövm başqa bir dövlətə, millətə, qövmə münasibətdə yalnız öz maraqlarından çıxış edib. Əvvəl müstəmləkəçilik olub, sonra neomüstəmləkəçilik. Nisbətən güclü dövlətlər özlərindən zəif dövlətləri ya zəbt edib, ya da təsir dairəsində saxlayıblar. Məqsəd isə həmişə çox sadə olub: zəiflərin malik olduqları sərvətlərin, yeraltı və yerüstü xammalın mənimsənilməsi, həmin ölkələrdən satış bazarı kimi istifadə olunması. Bu həqiqəti hamı bilir, amma bəzən bu həqiqət gözəl ibarələr altında elə bacarıqla gizlədilir ki, hətta kifayət qədər ağıllı adamlar da özlərindən asılı olmayaraq aldanırlar. Daha aydın başa düşülməsi üçün bir misal çəkim. Rusiya  sosializm adı altında Azərbaycana gələndə xeyli ağılllı adam (hələ on minlərcə sadə insanı demirəm) elə hesab edirdi ki, ruslar bizə xoşbəxtlik gətirmək üçün gəlirlər, “Azərbaycanın xoşbəxtliyinin Rusiya  ilə bağlı olduğuna” ürəkdən inanırdılar. Bu gün “demokratiya” deyib car çəkən, “demokratiya hər dərdin dərmanıdır” deyən dostlarımızı bu misala diqqət yetirməyə çağırıram. O vaxt da deyirdilər ki, sosializm, sosialist demokratiyası hər dərdin dərmanıdır.  Hər kəs bilməlidir ki, bu gün bizə demokratiya,  liberalizm gətirirəm deyənlərin öz maraqları var.

Dedik ki, bir dövlət başqa dövlət, ölkə ilə bağlı maraqlarını müstəmləkəçilik, neomüstəmləkəçilik yolları ilə reallaşdırmağa çalışıb. Müstəmləkəçiliklə bağlı hamının məlumatı var,  neomüstəmləkəçiliyin də nə olduğunu çoxları bilir, sadəcə onu xatırlatmaq istəyirəm ki, neomüstəmləkəçilik dövründə böyük dövlətlər dünənə qədər müstəmləkəsi olan, indi azadlıq qazanan ölkələri iqtisadi rıçaqlar, vasitələrlə nəzarətdə saxlamağa, maraqlarını təmin etməyə çalışırdılar. Bu gün isə bu vasitələr də  artıq təsirini itirib, ona görə də böyük dövlətlər “təsir agentləri” deyilən şəxslər vasitəsilə bu və ya digər ölkədə öz maraqlarını təmin etməyə çalışırlar.  Hətta böyük dövlətlər bir-birlərinə qarşı da bu vasitədən istifadə edirlər.

Təsir agentlərinin sırasında prezidentlər, nazirlər, deputatlar, partiya və ictimai təşkilat rəhbərləri və sair ola bilər. Müşahidələrimə görə Azərbaycanda bu siyahı nazir və deputatlardan başlayır. Nazirlərin, deputatların, partiya sədrlərinin, QHT rəhbərlərinin, kütləvi informasiya vasitələri təmsilçilərinin böyük əksəriyyəti xarici dövlətlərin təsir agentləri qismində fəaliyyət göstərirlər. Onların xeyli hissəsi eyni zamanda hakimiyyətin təsir dairəsərindədirlər. “Eyni zamanda” ifadəsini təsadüfən işlətmədim, bu kateqoriyadan olanların iki ağası var. Təsir agentləri şəbəkəsi bugünkü dünyanın reallığıdır, yalnız Azərbaycana aid deyil, ona görə də faciə kimi qarşılanmamalıdır. Bu, reallıqdır, ondan qaçmaq mümkün deyilsə, təsirini minimuma endirməli və yararlanmalıyıq. Bu reallığı rəsmilər və qeyri-rəsmilər də dolayısı ilə etiraf edirlər, məsələn, belə deyilir ki, filan naziri işdən çıxarda bilmirlər, çünki arxasında filan dövlət dayanır, və yaxud bir də görürsən ki, müxalifətdə olmayan hansısa deputat müxalifətlə açıq təmas qurur, yəni hakimiyyətdən çəkinmədiyini nümayiş etdirir, deməli, hansısa xarici dövlətə güvənir. Başqa bir aydın məsələni də deyim. Liberal mövqedə dayanan partiya və ya QHT bir dəfə də olsun Qərbi, xüsusilə də ABŞ-ı incidə biləcək bəyanat vermir, dini yönümlü siyasi və ictimai qurumlar İranı, milliyətçilər Türkiyəni, sosial-demokratlar Rusiyanı incitməkdən çəkinirlər.

 Bütün bunlara bizdən asılı olmayan mövcud reallıqlar kimi yanaşmalı, Azərbaycanın xeyrinə işləməsinə nail olmalıyıq. Azərbaycanda maraqları olan ölkələrin istəklərini nəzərə almaq zorundayıq. Lakin iki cəhət hökmən ön planda olmalıdır. Birincisi, bu proseslər Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə heç bir halda xələl gətirməməlidir. İkincisi, təsir agentlərinin dövlətin siyasətinə, milli maraqlara təsir imkanlarının təhlükəli həddi keçməsinə imkan verilməməlidir.

 ABŞ başda olmaqla Qərb Azərbaycanda maraqlarını demokratiya və liberal dəyərlər adı altında təmin etməyə çalışır. Bu qrupu ABŞ və Avropa qismində iki yerə bölsək, ABŞ daha iddialı və təhlükəlidir, Avropa dövlətlərinin iddiaları elə də geniş və təhlükəli deyil. Amerika girdiyi yerin tam ağası olmağa öyrəşib. Ona görə də onlarla ehtiyatlı olmalıyıq. Rusiyanın siyasi, təşkilati, yəni partiya və QHT-lərlə təsir etmək imkanları zəifdir, əsasən administirativ resurslardan istifadə etməyə çalışırlar. İsrail maliyyə rıçaqlarından yararlanır, Azərbaycanda müəyyən çərçivədə söz yiyəsi olmağa çalışır. İsraillə bağlı ən təhlükəli məqam ondan ibarətdir ki, onlar imkan düşdükcə başqa dövlətləri yönəltməyi xoşlayırlar. İran dini vasitələrlə təsir imkanlarına malik olmaq istəyir, amma Qərbin şişirtdiyi qədər də təhlükəli deyil. İranla münasibətlərdəki ziddiyyətlərin aradan qaldırılması faydalı olardı. Türkiyə Azərbaycanın təbii, amma öz maraqları olan müttəfiqidir. Türkiyədən təhlükə gözlənilmir, lakin istənilən dəstəyin alınması da hələlik mümkün olmayıb.

 Siyasət, xüsusilə də xarici siyasət “mümkün olan” haqqında elmdir. Reallığı bilməli və onun tələblərinə uyğun hərəkət etməliyik. Xarici amillərin zərərli tərəfləri neytrallaşdırılmalı,  istifadə üçün yararlı hala salınmalı və ağıllı şəkildə istifadə olunmalıdır. Xarici siyasətin ən incə cəhəti odur ki, zərərimizə olanı da xeyrimizə işlədə, yönəldə bilək.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar