Modern.az

“Səməd Seyidovun və Asim Mollazadənin mesajı ABŞ-da rezonans yaradıb” - TƏHLİL

“Səməd Seyidovun və Asim Mollazadənin mesajı ABŞ-da rezonans yaradıb” - TƏHLİL

8 Aprel 2013, 13:38

ABŞ dövlət katibi Con Kerrinin Türkiyədə səfəri zamanı bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Qarabağ məsələsini müzakirə etməsi diqqəti çəkən məqamlardandır.  Belə ki, ABŞ-ın son zamanlar sanki Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını xatırlayaraq aktivlik göstərməsi müşahidə olunur. Ümumiyyətlə, Türkiyə və İran da Qarabağ probleminin çözülməsində maraqlı tərəflər kimi çıxış edir. Bu yaxınlarda İranın Xarici İşlər Nzirliyinin sözçüsü Ramin Mehmanpərəstin öz ölkəsinin münaqişənin həllində yardımçı olmağa hazır olması ilə bağlı dedikləri də bir neçə sual doğurur. Niyə görə birdən-birə İran bu cür fikirlər səsləndirir? ABŞ-ın Qarabağ probleminin həlli istiqamətində aktiv siyasi fəaliyyətinin kökündə hansı səbəblər dayanır?
Bununla bağlı Modern.az-ın suallarını politoloq Qabil Hüseynli şərh edib.

“Bölgədə müharibə riski böyükdür-Rusiya və İran müharibə istəyir”

ABŞ-ın vasitəçiliyi ilə münaqişənin həllinə daha çox maraqlı tərəf kimi çıxış etməsinin səbəbləri haqqında danışan politoloqun fikrincə, bunun kökündə dayanan amillərdən biri də Cənubi Qafqazda müharibənin ola biləcəyi ilə əlaqədar.

“ABŞ-ın belə addımlar atmasının birinci səbəbi bölgədə müharibə riski ilə bağlıdır. Çünki ABŞ yaxşı bilir ki, Qarabağ probleminin həll edilməmiş qalması müharibə riskini artıran faktorlardandır. Bölgədə müharibənin baş verməsində bəzi dövlətlər maraqlıdır. Bu siyahıya Rusiya və İranı aid etmək olar. Çünki bu dövlətlər bölgədə müharibə alovunun qızışması ilə hadisələri öz təsir dairələrinə almaq niyyətindədir. İran kimi dövlət isə dünyanın ona olan tələblərini bir növ ertələməyi düşünür. Həmçinin Rusiyanın son zamanlar bölgədə artan fəallığı, xüsusilə bu ölkənin Azərbaycana qarşı təhdid və şantajla tələblər irəli sürməsi ABŞ-da müəyyən narahatlıq yaradır”-deyə bildirib.

ABŞ üçün Azərbaycan... Rusiya da ki, əl çəkmir....

ABŞ-ın Cənubi Qafqaz regionunda dövlət maraqlarından söz açan siyasi şərhçinin sözlərinə görə, Azərbaycan ABŞ üçün olduqca əhəmiyyəti rol oynayır.
“ABŞ Azərbaycana özünün geostrateji və geosiyasi maraqlarını reallaşdırmaq üçün çox əlverişli imkanlara malik olan bölgə kimi baxır. Xüsusilə Əfqanıstandan çıxarılan NATO qoşunlarının Azərbaycandan daşınması daha aktuallıq kəsb etdiyinə görə ABŞ ölkəmizə maraq göstərir. Rusiya isə qoşunların daşınmasında Azərbaycanın rolunu dərk edərək bunu öz maraqlarının bölgədə zərbə altına alınması kimi qiymətləndirir. Azərbaycanın qoşulduğu enerji layihələrinin Qərbin maraqlarına xidmət etdiyini anlayan Rusiya bölgəni qarışdırmaq istəyir. Bunun üçün isə müxtəlif variantlara əl atır. Nə qədər qəribə olsa da,  Rusiyadakı Azərbaycan diaspora təşkilatları və oradakı bəzi azərbaycanlı ziyalılar bu ölkənin siyasi hakimiyyətindən asılılığından istifadə edərək bizə qarşı geniş təxribat xarakterli fəaliyyət göstərirlər. Bu da özünü açıq şəkildə büruzə verir. Azərbaycanlı deputatlar Səməd Seyidov və Asim Mollazadənin ABŞ-a səfəri Rusiya və İranın təhdidləri barədə bir sıra dairələrə mesaj çatdırmaqdan ötrü idi. Bu, ABŞ-ın siyasi arenasında bəlli bir  rezonans yaradıb”.

Türkiyənin narahatlığı

Türkiyə amilinə də toxunan politoloq bəzi məsələlərə də aydınlıq gətirib. “Türkiyə də Rusiyanın təxribatlarından xeyli narahatdır. Bu narahatlığın artmasında həm Azərbaycan, həm də Gürcüstan tərəfi müəyyən rol oynayır. Gürcüstan prezidenti  Türkiyəyə rəsmi səfərində Rusiyanın təxribatları barədə həm baş naziri, həm də digər dövlət rəsmilərini ətraflı məlumatlandırıb. Görünür Saakaşvilli öz kanalları ilə ABŞ-ı Rusiya təhlükəsi barədə məlumatlandıra bilib. ABŞ həm də bölgəyə sərmayələr yatırıb. Azərbaycan həm də ABŞ üçün münasibətləri strateji səviyyəyə qaldırmaq istədiyi tərəflərdən hesab olunur. ABŞ yaxşı başa düşür ki, Qarabağ məsələsi həll edilmədən nə ikili münasibətləri inkişaf etdirmək olar, nə də Rusiyanın bu bölgədən ayağını kəsmək mümkün olacaq. Azərbaycan rəsmiləri həm Avropa Birliyini, həm də Qərbi Qarabağ probleminə biganəlikdə təqsirləndirirlər. Bununla Azərbaycan problemin həllini Rusiyanın inhisarından çıxarmağı və beynəlxalq təşkilatların səyi nəticəsində problemin həllini tələb edir. Con Kerrinin Türkiyəyə səfərində bu məsələ də müzakirə olunub. Türkiyə də Qarabağ probleminin çözümü ilə bağlı səylər göstərir. Bundan başqa, Ermənistanla sərhədlərin açılması yenidən gündəmə gəlincə, Türkiyə ən azından Dağlıq Qarabağdan kənarda olan torpaqların azad edilməsi şərti ilə sərhədlərin açılmasına razılıq verib. Ermənistan bəlli bir konstruktivlik nümayiş etdirməlidir ki, Türkiyə və Azərbaycan tərəfi də buna adekvat cavab versin. Kerri də bu məsələləri yaxşı başa düşür. Münaqişənin anatomiyası haqqında Qərbin əvvəllər birtərəfli-xristian təəssübkeşliyi prizmasından təqdim etdiyi izahatlar artıq öz əhəmiyyətini itirməkdədir. Artıq Qərb dünyası məsələyə daha realist, praqmatik və beynəlxalq hüquq normalarına uyğun yanaşmağa çalışır. Bu nöqteyi-nəzərdən Kerri hələlik kəşfiyyat işləri- müxtəlif dövlətlərin mövqeyini öyrənmək və bundan sonra Rusiya ilə məsələni ətraflı müzakirə etmək niyyətindədir”-deyə Q.Hüseynli ətraflı şərh edib.

ABŞ münaqişəni hansı formatda həll edə bilər? Azərbaycanın ərazi bütövlüyü yoxsa...

ABŞ-münaqişəni necə həll etməsi barədə suallarımızı cavablandıran Qabil Hüseynli bildirib ki, “Böyük Sülh Sazişi”nin hazırlanması ayrı-ayrı baza prinsiplərinin müəyyənləşdirilməsinə xidmət edir.
“Hələ ki aparılan danışıqlar Dağlıq Qarabağın hüdudlarından kənardakı işğal edilmiş rayonların azad edilməsi ilə bağlıdır. Əslində Türkiyə də bunu müzakirə edir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi isə bir mərhələ olmalıdır. “Böyük Sülh Sazişi” sadəcə sülh prosesinə təkan vermək üçün həmin rayonların azad olunması əsas kimi götürülür. Həmin rayonlar azad edildikdən sonra Dağlıq Qarabağın statusu və sülh sazişinin imzalanması məsələsi   sonda bir kontektsdən həll edilə bilər”.

İran, get öz işinlə məşğul ol!

Münaqişənin həllində İran amilinə də toxunan siyasi ekspert Qabil Hüseynli qeyd edib ki, cənub qonşumuzun məsələdə yardımçı olması real görünmür.
“ABŞ və Avropa  Birliyi Dağlıq Qarabağ məsələsinin həllini İrana etibar etməz. Ümumiyyətlə, dünyanın güc mərkəzləri İranı beynəlxalq oyunçuya çevirmək istəyərmi? Tutaq ki, heç İranın nüvə proqramı yoxdur. Amma yenə bunu istəməzlər. İran adi regional dövlətlər səviyyəsində qalmalı və dünyanın problemlərinin həllinə yaxın buraxılmamalı kimi yanaşma mövcuddur. İran nə qədər çığır-bağır salsa da, hələ Qərbin bir sıra suallarına cavab verməlidir”-deyə politoloq İranın vasitəçiliyinin qeyri-mümkünlüyünü vurğulayıb.

Aqşin Kərimov  

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi