Modern.az

Azərbaycan mətbəxi Özbəkistandakı festivalda - FOTOLAR

Azərbaycan mətbəxi Özbəkistandakı festivalda - FOTOLAR

Aktual

26 Sentyabr 2022, 10:26

Özbəkistanın Daşkənd şəhərindəki Mirzə Uluqbek adına mərkəzi parkda bu ölkəyə  akkreditə olunmuş diplomatik nümayəndəliklər, səfirliklər, mədəniyyət mərkəzləri arasında  XVIII  “Mədəni ənənələr və xalqların milli mətbəxi” festivalı keçirilib.

 

Modern.az xəbər verir ki, festivalda Azərbaycan, Türkiyə, Rusiya, Əfqanıstan, Misir, Belarus, Almaniya, Gürcüstan, Hindistan, İtaliya, İndoneziya, Səudiyyə Ərəbistanı, Qazaxıstan, BƏƏ, Fələstin, Rumıniya, Çexiya, Avropa Birliyi və başqa ölkələrin nümayəndələri iştirak edib, öz ölkələrinin mədəniyyəti, milli mətbəxini təqdim ediblər. 

 

Feynəlxalq  festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də qatılıb.

 

Ölkəmiz üçün ayrılmış stenddə iştirakçılar Azərbaycan milli mətbəxinin ləziz yeməkləri və şirniyyatlarına qonaq ediliblər. Müxtəlif  plovlar, həmçinin şah plov, dolmalar, yarpaq və tərəvəz dolmaları, çığırtma, kükü, müxtəlif növ qutablar, dovğa, habelə milli şirniyyatlarımız olan şəkərbura və paxlavaya qonaq edilib. Guşəmizdə ayrıca olaraq qonaqlara Azərbaycan çayı təqdim olunub. Qeyd edək ki, milli yeməklərimizi AMM-nin sifarişi ilə Daşkənddəki “Yeməli” restoranının aşpazları  hazırlayıblar.  

 

Festival çərçivəsində dövlətlərin bayraqları, müxtəlif tətbiqi sənət nümunələri, milli suvenirlər, mətbəx mövzusunda nəşrlərə  dair  sərgi də təqdim olunub.

 

Tədbirdə çıxış edən Özbəkistanın xarici işlər nazirinin müavini Qayrat Fazılov bildirib ki, ənənəvi keçirilən festival ölkənin mədəni zənginləşdirir, paytaxt sakinlərinə və qonaqlara festivalın iştirakçısı olan ölkələrin mədəniyyəti ilə yaxından tanış olmağa imkan verir, mədəniyyət və turizmin inkişafına şərait yaradır.

 

Qeyd edək ki, milli yemək və şirniyyatların satışından əldə olunan vəsait Özbəkisanın Daşkənd və Fərqanə şəhərlərindəki uşaq evlərinə, habelə sağlamlıq imkanları məhdud uşaqlar üçün “Mürüvvət” internat məktəblərinə köçürüləcək.

 

Yüksək səviyyədə təşkil olunmuş tədbirin sonunda fəal iştirak edən qurumlara diplomlar verilib. 

 

Keyfiyyət, professionallıq, milli mətbəxin yüksək səviyyədə təqdim edilməsinə görə  AMM xüsusi diploma layiq görülüb.

 

Qulu Kəngərli 

Daşkənd

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat