Modern.az

“Əsabil Qasımovu deputatdan çox, şirkət sahibi kimi tanıyırıq” - Parlament jurnalistləri deputatı xarakterizə etdilər

“Əsabil Qasımovu deputatdan çox, şirkət sahibi kimi tanıyırıq” - Parlament jurnalistləri deputatı xarakterizə etdilər

Parlament

10 Aprel 2013, 08:45

Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlər səsləndirirlər. Bəs parlamentdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər?

Modern.az parlament jurnalistləri ilə deputatlar barədə sorğuları davam etdirir. Bu dəfə həmkarlarımızdan Əsabil Qasımovu millət vəkili kimi necə xarakterizə etdiklərini soruşduq.  

79 saylı İmişli seçki dairəsindən mandat alan Əsabil Qasımov Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvüdür.  

“New Baku Post” qəzetinin müxbiri Fərəh Sabirqızı  onu tanımadığını deyir: “Ona görə də xarakterizə edə bilmərəm. Nə üzdən tanıyıram, nə də adını hardasa görüb oxumamışam. Bəlkə də parlamentdə üzləşmişik, amma şəxsən tanımıram, müsahibə-açıqlama da almamışam”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı deputat Əsabil Qasımovu un firmasının rəhbəri kimi tanıyır. “Deputat kimi fəaliyyətindən xəbərim yoxdur. Bircə onu bilirəm ki biznesmendir, yaxşı imkanları və əlaqələri var. Parlamentdə bir dəfə unun bahalaşması ilə bağlı sual verdim, kobudluq edib uzaqlaşdı və cavab vermədi. Dedi, “get işinlə məşğul ol”. Deputatlıqla biznesi səhv saldığı üçün hələ jurnalistin işinin də nə olduğunu bilmir”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan da millət vəkili Əsabil Qasımovun adını eşitdiyini, amma üzdən tanımadığını qeyd edib. “Passiv deputatdır. Daha çox “Karat” şirkətinin sahibi kimi tanınır”.

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu: “Bildiyim qədər 79 saylı İmişli seçki dairəsini təmsil edən deputatdır. Amma parlamentin iclaslarında, komitə iclaslarında bu millət vəkilinin təkliflərlə, iradlarla çıxış etdiyini görməmişəm. Mətbuata qapalı adamdır. Qəzetlərdə, saytlarda açıqlamasına rast gəlməmişəm. Ancaq onun haqqında, ondan narazılıqla bağlı çox yazılıb. Əsabil Qasımovu passiv millət vəkili sayıram. Parlamentdəki biznesmen deputatlardan biridir. Açığı onu deputat yox, “Karat” şirkətinin sahibi kimi tanıyıram. İmişlidən olan dostlarım var ki, bu deputatın seçicisi olublar, amma bir çox heç bir iş görmədiyini deyirlər”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu qeyd edib ki, belə bir deputatın varlığı ilə yoxluğu bilinmir. “Qeyri-fəal millət vəkillərindəndir. Nə vaxtsa çıxış etdiyini belə, xatırlamıram. Jurnalistlərlə də münasibətləri sıfır dərəcəsindədir. Seçiciləri ilə necə işləməsi barədə isə heç bir məlumatım yoxdur”.

“Novosti-Azerbaydjan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov bildirib ki, deputat Əsabül Qasımov yaxşı biznesmendir. “İş adamı kimi yaxşı tanınır. Bir-iki dəfə fikir söyləyib, amma ümumilikdə passiv deputatdır”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı deyir ki, deputat Əsabil Qasımov Milli Məclisin iclaslarında daim iştirak edir, intizamlı deputatdır. “Düşünürəm ki, bu deputat mətbuata tez-tez çıxmağı xoşlamır. Amma burada bir qəbahət görmürəm. Çünki bu, onun öz hüququdur. Amma bizim qəzet vaxtaşırı Əsabil Qasımovdan müsahibələr, açıqlamalar alır. Heç zaman suallarımızı cavabsız qoymur”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli qeyd edib ki, Milli Məclisdə fəaliyyəti dövründə deputat Əsabil Qasımovun aktivliyini müşahidə etməyib. “Nə qanunvericilik aktlarının hazırlanması prosesində iştirakını, nə də cari məsələlərin müzakirəsi zamanı çıxışını görmişəm. Bir sözlə passiv deputatdır”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə bildirib ki, Əsabil Qasımov parlamentin passiv deputatlarından biridir. “Milli Məclisin, üzvü olduğu komitənin iclaslarında çıxış etmir. Deputatın qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti var. Qanunvericilik təşəbbüsü ilə çıxış etmək bir yana, Əsabil Qasımov heç müzakirəyə çıxarılan məsələlərə də münasibət, fikir bildirmir. Parlament danışmaq, müzakirə aparmaq yeridir. Bizim deputatların bir hissəsi sanki bunu bilmir. Passiv deputatlar buna heç nəylə haqq qazandıra bilməzlər. Çünki aktivlik göstərmək, müzakirələrə qoşulmaq istəyənlərə heç kim mane olmur, parlament rəhbərliyi buna şərait yaradır. Seçiciləri ilə necə işləməsi haqda bir söz deyə bilmərəm, çünki bu haqda məlumatım yoxdur”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev vurğulayıb ki, deputat Əsabil Qasımov haqqında elə ətraflı məlumat yoxdur. “Onun haqqında əsasən mətbuatda yazılanlardan məlumatlıyam. Parlamentin iclaslarında çıxışına rast gəlməmişəm!”.

“Lent.az” saytının əməkdaşı Ramiz Mikayıloğlu deyir ki, deputat Əsabil Qasımovun fəaliyyəti görünmür, fəal deputatlardan deyil. “Seçiciləri ilə necə işlədiyi barədə məlumatsızam”.

Modern.az-ın əməkdaşı Elşad Eyvazlı qeyd edib ki, deputat Əsabil Qasımov Milli Məclisin plenar iclaslarda və komitə iclaslarında çıxış etməyən üzvlərindəndir.
“Onun seçiciləri ilə necə işləməsindən də xəbərsizəm. Bildiyim qədər, Əsabil Qasımov mediadan da uzaq düşməyə çalışır. Amma Əsabil Qasımovla maraqlı bir telefon söhbətimi danışa bilərəm. Təxminən 20 gün öncə tanımadığım nömrədən mobil telefonuma zəng gəldi. Dedi ki, danışan Əsabildir. Ardınca məndən soruşdu ki, “mən taxta-şalban biznesi ilə məşğul oluram?” Açığı bilmədim kimdir zəng edən. Soruşdum ki, “siz kimsiniz, kimə zəng eləmisiniz. Mən jurnalistəm, Vergilər Nazirliyində işləmirəm. Bəlkə səhv düşmüsünüz?”. Sonradan məlum oldu ki, bizim saytda İmişlinin icra başçısı barədə yazı gedib və orada Əsabil Qasımovun biznesindən də söz açılıb. Deputat da bundan hiddətlənib”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xəqani Səfəroğlunun sözlərinə görə, deputat Əsabil Qasımov parlamentdə biznes elitasını təmsil edir. “Deputat olana qədər holdinq rəhbəri olub. Amma parlamentdə sükut edən deputatlardandır. Onun plenar iclaslarda çıxışının şahidi olmamışam”.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!