Modern.az

Hər insani sevmək olmur...

Hər insani sevmək olmur...

11 Aprel 2013, 10:42

Hər insanı sevmək olmur, sevdiklərimizdən isə ayrılmaq. Onu, “Ömür kitabı”nı oxuyub varlığını kəşf edəndə sevmişdim. Onda mənim iyirmi üç yaşım var idi. İndi isə onu sevdiyim vaxtdan iyirmi üç il keçir. İyirmi üç ildir ki, bu sevgi xərclənir-xərclənir, amma tükənmir. Bəs bu sevgiyə nəyi verə bildim, bu sevgidən nəyi ala bildim?..

Təqvimdə 6 aprel 2003-cü il idi. Nəhayət ki, böyük çətinliklə də olsa doğulub boya-başa çatdığım Sumqayıt şəhərində yaşamış və yaşayan yurddaşlarımdan bəhs edən “Bir elin övladları” publisistik kitabı ərsəyə gətirə bilmişdim. Bu, mənim sayca üçüncü kitabım idi. Təqdimat gecəsində kitabda yer alan bir sıra yurddaşlarımla yanaşı sumqayıtlı qələm dostlarım da iştirak edirdi. Amma dəvətli olsalar da, təqdimat gecəsinə görkəmli eloğlularımdan təkcə Sabir Rüstəmxanlı qatılmışdı. Kaş biləydiz, düşüncələrində “Yardımlı Xeyriyyə Cəmiyyəti”ni yaratmaq arzusu ilə çarpışan bir gənc üçün bu, nə qədər böyük mənəvi haqq idi...

Bir neçə il keçdi. Bu arzu yelkənli qayıq kimi məni ağuşuna alıb uğurdan-uğura ötürürdü. Əslində, Tanrının yazdığı taleyi yaşayırdım. Və Tanrının taleyimə yazdığı qismətlə əlli minə yaxın yurddaşımın yaşadığı Sumqayıtda, artıq xeyli tədbirlər həyata keçirmişdim. Ad günləri, ədəbi görüşlər, tanışlıq məclisləri, kimsəsizləri ziyarət, xeyir-şərdə elcahanlıq və s.. Əvvəllər ürək eləyib tədbirlərə qatılmaq istəməyən eloğlularım da fəallaşmışdı. Hətta özlərini kimlərəsə cəlilabadlı, əlibayramlılı, biləsuvarlı kimi təqdim edən yurddaşlarım da nəhayət ki, Yardımlıdan olduqlarını danmırdılar. Amma “Yardımlı Xeyriyyə Cəmiyyəti” hələ də təsis olunmamışdı...


Təqvimdə 2006-cı il idi. Qarşıda daha çətin mərhələ dururdu. Tədbirlərin miqyasını böyüdərək Bakıda məskunlaşmış yurddaşlarım arasında da körpü yaratmaq zərurəti yaranmışdı. Bu səbəbdən qeydiyyatdan keçmiş rəsmi təşkilata ehtiyac var idi. O vaxtlar ictimai birlik təsis etmək çətin olduğu üçün Ədliyyə Nazirliyinin Sumqayıt regional idarəsində “Tək Dam” məhdud məsuliyyətli cəmiyyətini təsis etdim. Maliyyə imkanlarım məhdud olduğundan Bakıda keçirmək istədiyim xeyriyyə tədbirlərini planlaşdırsam da, onların həyata keçirilməsindən ötrü məkan problemi ilə üz-üzə qalmışdım. Və bir gün Sabir Rüstəmxanlı ilə görüşüb “Tək Dam”ın tədbirlərini keçirmək məqsədi ilə ondan ofisində yer verməsini xahiş etdim, etiraz eləmədi. Beləliklə 2008-ci ilin sonunadək bir neçə tədbiri- İlham Cankişioğlunun “Dağların söz xəzinəsi”, Şahlar Göytürkün “Yardımlı şivələri” kitablarının təqdimatlarını, dünyasını dəyişmiş alimlərimizdən Mahmur Kərimovun, Ağoğlan Hüseynovun, Kamil Əliyevin xatirə gecələrini və nəhayət ki, “Yardımlı Xeyriyyə Cəmiyyəti” ictimai birliyinin təsis konfransını orada gerçəkləşdirdim. Doğrudur, 2009-cu ilin fevral ayında “Yardımlı Xeyriyyə Cəmiyyəti” ictimai birliyi dövlət qeydiyyatından keçəndən sonra, reallaşdırdığım tədbirləri Bakı şəhərinin müxtəlif şadlıq evlərində təşkil etsəm də, mənə təmənnasız yer ayırdığına görə, ona olan əvvəlki borcumdan başqa, Yardımlı ilə bağlı olsa da belə, növbəti borcum yaranmışdı...

Təqvimdə 2009-cu il idi. Altı il bundan öncə düşüncələrimdə mənə rahatlıq verməyən “Yardımlı Xeyriyyə Cəmiyyəti”ni yaratmaq arzusu həyata keçmişdi. Borcları ödəmək zamanı idi. Tezliklə Sabir Rüstəmxanlının 63 yaşı tamam olacaqdı. Məktubla şəhər rəhbərliyinə müraciət edib, uzun illər Sumqayıtda ədəbi-bədii görüşü keçirilməyən şairlə ictimaiyyətin görüşünə icazə aldım və bütün maliyyə xərclərini ödəyərək Nəriman Nərimanov adına mədəniyyət evini icarəyə götürdüm, eləcə də Hüseyn Ərəblinski adına Sumqayıt Dram Teatrının aktyorlarından tədbiri aparmalarına razılıq aldım. Ssenari yazıldı, çıxış edəcək ziyalılara əvvəlcədən zəng vurub hər birinə çıxışlarının mövzusunu elan etdim. Dörd yüzdən çox adam dəvətnamə ilə tədbirə dəvət olundu ki, bu sırada şəhər rəhbərliyinin nümayəndələri də var idi. Görüşü özüm açdım ki, içimdə bir təskinlik tapım. Tədbir bitəndən sonra Sabir Rüstəmxanlının çöhrəsindəki məmnuniyyət hissini görəndə gözlərim yaşardı. Bəlkə də bu görüş onun üçün sıradan bir görüş idi, amma mənə görə mənəvi borcumun ödənilən bir hissəsi...

Borclu borclunun sağlığını istər. 2008-ci ilin noyabrında təsis etdiyim “Yardımlının Səsi” qəzetində bir neçə il onun haqqında davamlı olaraq gedən yazılar oxucularımızda elə bir rəy yaratmışdı ki, guya bu qəzet Sabir Rüstəmxanlının maliyyə dəstəyi ilə çıxır. Həmin dövrdə qəzetimizin saylarında həmçinin, rayonumuzda baş verən haqsızlıqları sərt şəkildə tənqid edirdik. El arasında dolaşan bu söz-söhbətə hər hansı bir yazı ilə aydınlıq gətirmək isə ucuzluğa aparardı. Ona borclu olduğumu oxuculara izah etmək mənim üçün o zaman heç də asan deyildi. Düşünüb çıxış yolu tapdım. Qəzetin arxa hissəsində “Qəzet təsisçinin şəxsi vəsaiti hesabına işıq üzü görür” kəlmələrini yazmaqla hər şey bitdi.

2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsindəki "İmam Hüseyn" meydanında İsrailin Fələstində keçirdiyi hərbi əməliyyatlara etiriaz əlaməti olaraq aksiya keçiriləndə çıxış edən Nardaran sakini hacı Əli Hüseynov Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumat verdiklərini söyləmişdi: "Sabir Rüstəmxanlı "Səhər" kanalına böhtan atır. Sabir Rüstəmxanlının bu hərəkətlərinə görə, onun barəsində Nardaran ağsaqqallarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artır". Onda da, “Yardımlı Xeyriyyə Cəmiyyəti” bir vaxtlar tədbirlərinin keçirilməsinə öz ofisində yer vermiş Sabir Rüstəmxanlının müdafiəsinə qalxdı və verilmiş fitvaya qrşı bəyanatla çıxış elədi...

Təqvimdə 2010-cu il idi. Deputat seçkiləri ərəfəsində, daha dəqiqi həmin ilin 15 sentyabr tarixində işlədiyim Sumqayıt Qaz İstisimarı Sahəsinə növbəti dəfə işə gələrkən şöbə rəisim məni çağırıb elan etdi: “İşdən çıxarılmağından ötrü rəhbərlikdən mənə tapşırıq verilib ki, təqdimat yazım. Təqdimatın bir hissəsini yazsam da içimdə bir narahatlıq hiss etdim, ardını yaza bilmədim. Bəlkə rəislə görüşəsən, nə isə anlaşılmazlıq var burda.”

Müəssisənin rəisi cəmi iki ay idi ki, təyin olunmuşdu. Qəbuluna girib ədəb-ərkanla işdən nə üçün çıxarıldığımın, özü də təqdimatla, səbəbini soruşdum. Cavab verməyə çətinlik çəkirdi, bircə onu öyrənə bildim ki, yuxarıdan göstəriş verilib. Kiminsə qarşısında mənə görə cəzalandırılmaq istəmir. Dedim, başa düşürəm, bu sifariş kimdən gəlib, amma gəl kişi kimi danışaq, fərz elə ki, əlinə silah verib tapışırıblar ki, bu adamı vurmalısan. Bəs vicdanınız sizə nə deyir? Bizim ki, aramızda heç bir problem yaşanmayıb. Mən cavanam, əmək kitabçamı ləkələsəniz Allah qarşısında cavab verə biləcəksinizmi? Duruxdu və təklifin nədir, deyə soruşdu. Dedim, ərizə yazıb öz xahişimlə çıxaram, siz də yuxarı məlumat verərsiniz ki, tapşırıq icra olundu. Razılaşdıq və həmin tarixdən mən işimi itirdim. Səhəri gün əmək kitabçamı əlimə alan kimi ümid yeri bilib ilk zəng etdiyim insan Sabir Rüstəmxanlı oldu. Əvvəlcə xahiş etdim ki, mənim işdən çıxarılmağım barədə rayon rəhbərinə heç nə demədən bu haqsızlığın SOKAR-ın rəhbərliyi səviyyəsində aradan götürülməsində mənə yardımçı olsun. Çünki mən işimi rayonun problemlərini qabartdığım, tənqidi yazılar verdiyim üçün itirmişdim. Bir də ki, yurddaşlarının haqqına təcavüz ediləndə səsini ucaldan “Yardımlının Səsi” qəzetinin baş yazarı, “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri özü haqsızlıqla üzləşəndə və haqqının bərpası üçün el-obanın qüdrətli oğullarına güvənməyib kimə güvənməliydi?...

 ...Nə isə, o gündən artıq üç ilə yaxın bir vaxt keçir, hələ də öz işimə bərpa ola bilmirəm...

Qarşıdan növbəti deputat seçkiləri gəlirdi. Düşündüm ki, təbliğat kompaniyasında ona dəstək olsam heç də pis olmaz. “Tanrının seçdiyini seçin!” şüarı ilə “Yardımlının Səsi”nin xüsusi buraxılışını çap etdirib rayona göndərdim və seçkilərə bir qədər qalmış özüm də rayona gedərək görüşlərinin birində çıxış edib seçiciləri Sabir Rüstəmxanlıya dəstək olmağa çağırdım. Görüşdən sonra, mənə minnətdarlıq edib, hər şeyə görə çox sağ ol, əsas təşəkkürümü elə-belə yox, mətbuatda bildirəcəm, söyləyəndə vədinə görə deyil, mənəvi borcumdan daha bir hissə ödədiyim üçün məmnun oldum...

2011-ci ildə 65 yaşı tamam olanda gücüm bir dəstə gülə və rəhbərlik etdiyim təşkilatın şanlı təbrikinə, eləcə də Bakıda yaşayan ziyalılarımızın filarmoniyanın binasında keçirilən həmin tədbirə qatılmaları üçün dəvət mesajlarına çatdı...

Təqvimdə 2012-ci il idi. Növbəti ad gününə az qalırdı. Biləndə ki, on beş ildən artıq bir müddətdə onun Yardımlıda bir dəfə də olsun ədəbi-bədii görüşü keçirilməyib, rayonumuzun icara başçısına rəsmi müraciət edib 23 may tarixində rayon mərkəzindəki Nizami adına kinoteatrda görüşünün keçirilməsinə icazə aldım və bu dəfə də tədbir baş tutdu...

Budur, yenə də Sabir Rüstəmxanlının doğum günü yaxınlaşır. Mayın 20-də 67 yaşı tamam olacaq. Gücüm sadəcə təbrikə çatır...

...Hər insanı sevmək olmur, sevdiklərimizdən isə ayrılmaq. Onu, “Ömür kitabı”nı oxuyub varlığını kəşf edəndə sevmişdim. Onda mənim iyirmi üç yaşım var idi. İndi isə onu sevdiyim vaxtdan iyirmi üç il keçir. İyirmi üç ildir ki, bu sevgi xərclənir-xərclənir, amma tükənmir. Bəs bu sevgiyə nəyi verə bildim, bu sevgidən nəyi ala bildim?..

Elman Eldaroğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?