Modern.az

"Köhnə ev": Əliağa Ağayevlə Mircəfər Bağırovun qarşılaşması: 100-lik yubiley ərəfəsində XATİRƏLƏR

"Köhnə ev": Əliağa Ağayevlə Mircəfər Bağırovun qarşılaşması: 100-lik yubiley ərəfəsində XATİRƏLƏR

22 Mart 2014, 10:50

Bu gün - 22 mart tarixi məşhur teatr və kino aktyoru, xalq artisti Əliağa Ağayevin doğum günüdür.

Məşhur aktyorun qızı Modern.az-a danışdı

“Ay bacı, nə istəyirsən, görmürsən pul sayıram?! Pəncərəni açıq qoymağa ixtiyarım yoxdur, yoxdur, axı pul sayıram, əşşi başını çək, qoy işimizi görək də... ”. Ya da: “Odey taksi, min get, get...”.

İnanmıram ki, bu sözləri eşidən söhbətin hansı filmdən və kimdən getdiyindən xəbərsiz olsun. Hələ üstəlik də “Əhməd hardadır” filminə baxmamış olsun. Bu hələ onun rolları içərisində çəkildiyi kiçik epizodlardan biridir. Mən sizə hələ kələkbaz xandan, qocalıqda yorğalıq edən Məşədi İbaddan, anbardar Məmmədxandan danışmıram. Ona görə danışmıram ki, bu dəfə 100 ilik yubileyi qeyd olunan mərhum aktyor, xalq artisti Əliağa Ağayevin qızı Gülçin xanımın özü atası haqqında “Köhnə ev” layihəsinin qonağı olarkən hər şeyi nəql edib.   

Komik aktyorun göz yaşlı uşaqlığı

Gülçin xanıma zəng edib layihəmiz və aktyorla bağlı bir reportaj hazırlamaq istədiyimi deyəndə xeyli götür-qoy etdi. Dedi: “Sizi başa düşürəm, amma məni qınamayın, yaşamalıyam, ailəm var, övladlarım üçün canımı saxlamalıyam”.
İlk olaraq niyə belə dediyini, xahişimin söylədikləri ilə nə əlaqəyə malik olduğunu anlamasam da, Gülçin xanım çox da intizarda qoymadı: “Ay qızım, mən də ürəkmi qalar hər gələn jurnalistə anamdan-atamdan danışım.  Elə bilirsiniz adama bu cür ananı, atanı itirəndən sonra danışmaq asandır. Bəlkə etməyəsiniz?” Amma çox qərarlı idim. Odur ki, jurnalist məharətimi işə salıb razılığı əldə etdim.

Vaxt-vədə yetişdi. Gülçin xanımın evinə yollandım…

Söhbətimiz aktyorun elə uşaqlığından başladı. Öyrəndim ki, Əliağa Ağayevin həyatı, uşaqlığı oynadığı rollar kimi şən, komik keçməyib. Necə deyərlər, gülüşdən insanlarda qırış yaradan aktyorun elə həyatında da silinməyən qırışlar, çətinliklər olub.
“1918-ci ildə atamın atası Tiflisdə yaşayırmış. Erməni-müsəlman davası zamanı oradan Azərbaycana gələn babamı ermənilər qətlə yetirir. Atam 2 yaşında olarkən anasız da qalıb. Həyatı çox çətin olub. Hərdən mənə deyirdi ki, “qızım, mənim anam yoxdur, sən mənim həm anamsan, həm də bacımsan”. 1930-cu ildə yeddinci sinfi bitirərək “Paris kommunası” adına Gəmi Təmiri Zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Daha sonra atam zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Hacı Qaradır”.

Mircəfər Bağırovun səxavəti

Gülçin xanım atasının uşaqlığından danışdıqca elə hey gözləri dolub-boşalır. “Onun Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlamasında və aktyor kimi bu teatrda qalmasında Mirzağa Əliyevin rolu olub. Bir sözlə, atam 1961-ci ilə qədər orada çalışır”.

Söhbətarası Gülçin xanımdan Mircəfər Bağırovun atasının tamaşasına gəlməsi məsələsini dəqiqləşdirdim.
“Atam həmin teatrda “Hacı Qara” tamaşasını oynayanda ona deyiblər ki, Bağırov tamaşaya baxmağa gəlib. Atam da çalışıb ki, daha yaxşı oynasın ki, Mircəfərin qəzəbinə tuş gəlməsin. Bağırov da lojada oturubmuş. Gəlib atama xəbər veriblər ki, birinci səni yanına çağırır. Bunu eşidəndə atamın rəngi tamam dəyişib. Həmin teatrda aktrisa olan anama deyib ki, “Cəvahir, qardaşımı tutublar, deyəsən, məni də tutacaqlar. Uşaqlara yaxşı bax”.
Həmin vaxt həqiqətən ortancıl əmim Mirzağanı həbs eləmişdilər, bəraət alandan sonra qayıdıb gəldi. O vaxt da atam elə bilib ki, bu səfər də növbə onundur. Anam ağlamağa başlayıb. Axır ki, tamaşada fasilə zamanı atam Bağırovun yanına gedib. Bağırov isə atamdan soruşub ki, “yaxşı aktyorsan, sənə bir ad verməyiblər ki?” Atam da “yox” deyib. Sonra Bağırov deyib ki, “mənim çox xoşuma gəldi, get, davam elə”. Bundan sonra atama “Əməkdar artist” fəxri adı verilir. Daha sonra isəXxalq artisti.

Əvvəllər tamaşaya baxmaq üçün hər kəs bilet axtarırdı. İndi Gənc Tamaşaçılar Teatrının önündən keçəndə deyirəm, ay Allah, hanı o günlər?! Bilet üçün heç növbəyə duran yoxdur...

Atamın “Azdrama”ya getməsi isə Şıxəli Qurbanovun məsləhəti ilə olub. Aktyor Süleyman Ələsgərov o vaxt atama “sən bu teatrın qapısına qıfıl vurub gedirsən, buranın tamaşaçıları bundan sonra “Azdrama”ya gedəcəklər”, – deyib. Onun “Azdrama”ya keçidini Mirzağa Əliyev istəyib.

İlk və yeganə rol

- Ağadadaş Qurbanov da dərnək qurmuşdu. Həmin vaxt anam Cəvahir xanım həmin dərnəyə yazılmışdı. Anamgil məhəllələri gəzib kiçik səhnəciklər oynayırdılar. Sizə maraqlı bir əhvalat danışım: anamgil küçədə çıxış edəndə dayısı ordan keçirmiş. Görür ki, tanış səs gəlir. Anamı tanıyır. Gəlib evdə nənəmə deyib ki, qızın küçədə mütrüflük edir. Nənəm anamı yaxşıca döyür. Hətta bundan sonra o, evdən də qaçıb. Ağadadaş Qurbanov buna görə onun ailəsi ilə də danışıb və anam üçün onların razılığını alıb.

Atamın evlənməsi də çətinliklə baş tutub. Nənəm əvvəl-əvvəl bu evliliyə razı deyilmiş. Anam biş-düş, bazarlıq-filan bilmirmiş. Atam isə hər növ plov bişirirdi. Sadəcə, uşaqlara görə anam aktrisa peşəsi ilə tez vidalaşdı, evdar qadın oldu.

Ailədə atam çox ciddi idi. Uşaqlarının tərbiyəsi ilə məşğul olub, oxumağımıza fikir verib. Bizi döyməyib. Qardaşımla özümüzü elə aparırdıq ki, bizim haqqımızda artıq söz deyilməsin. Ancaq bizdən bir ricası var idi ki, incəsənətdən uzaq duraq. Rəhmətlik qardaşım Vaqif Ağayev İncəsənət Universitetində dərs deyirdi, dekan idi. Amma qardaşım gizlicə İncəsənət Universitetinə qəbul olundu, rejissorluq fakültəsini bitirdi. Atam soruşanda həmişə deyirdi ki, texniki peşə məktəbinə gedirəm. Lütfi Məmmədbəyova da tapşırmışdi ki, atama bu haqda deməsin. Nəhayət, qardaşım diplom alanda sirrin üstü açıldı, özü atama dedi. O da “Allah xeyir versin” deməklə kifayətləndi. 

Mən isə Politexnik İnstitutunun axşam şöbəsinə qəbul olunmuşdum. O həmişə deyirdi ki, belə məsələlərdə yalnız özünüzə güvənməlisiniz. O mənim işimlə bağlı yalnız Yerli Sənaye Nazirliyinə xahişə gedib. Vəssalam, başqa xahiş-ricası olmayıb. Mənə deyirdi ki, sən də incəsənətə getsən, küsərəm. Mən də öz övladlarımı incəsənətə getməyə qoymadım. Özümün güclü həvəsim yox idi, istəmədim balalarım da getsin.

Sizə bir sirr açım: “Görüş” filmində həyat yoldaşı Şıxəlinin naharını hazırlayan zaman bir-biri ilə evdə dalaşıb qaçan uşaqlardan biri mən olmuşam.

“Əmi”nin dost-tanışları

- Bir dəfə görüb ki, troleybusda bir oğlan yaman bikefdir, qanı qardır. Ürəyi dözməyib yaxınlaşıb ki, bəs nə olub. Uşaqda deyib ki, “instituta 1 bala görə keçə bilməmişəm, evdəkilər də məndən xoş xəbər gözləyirlər”. Atam da əvvəlcə zarafatla deyib “gedək yaxşı bir bal tapaq aparaq verək”. Sonra da oğlanı götürüb düz birbaş instituta gedib və məsələni həll edib. Ondan sonra həmin oğlan rayondan bizə çoxlu pay-püş gətirsə də, atam qəbul etmədi. Dedi ki, “mən heç nəyi əvəz-əvəzə etmirəm”. Bəlkə də bu xeyirxahlıqlarına görə camaat onları sevirdi”. 

Yadımdadır ki, o qədər vaxtı az olurdu ki, pulunu almağa da məni göndərirdi. Telestudiyada hamı məni tanıyırdı. Gedirdim, pulunu alırdım. Sonra mənə zəng edirdi ki, evə necə çatdın? Teatrda aktyorlara pullarını bədxərcliklə xərcləməyə qoymazdı. Deyərdi, hamısını aparın ailənizə verin. Bəlkə də ona görə hamı ona “Əmi”deyirdi.

Yaxşı yadımdadır, Hökumə Qurbanova, Mirvari Novruzov, Əli Zeynalov bizə yaxın olurdular. Hətta Sara Qədimova belə, ailəvi dostumuz idi. Tükəzban xanım, Həbib Bayramov, Lütfi Məmmədbəyov evimizə tez-tez qonaq gəlirdi. Lütfi ilə çox yaxın idilər. Başqa aktyorların evinə getmirdi, xoşuna gəlmirdi.

Xatırlayıram ki, Məşədi İbad rolunu oynayanda saçını dibindən qırxdırmışdı. Çünki fikirləşirdi ki, niyə süni keçəllik olsun ki! Ən çətini isə o rolu oynayan zaman saqqalını iki saata yapışdırmaları olub”.

40-dan sonrakı premyera

- Üç qardaş idilər. Amma siz taleyin qəribəliyinə baxın ki, üçü də 71 yaşında vəfat edib. Onun 1983-cü ildə 70 illik yubileyi keçiriləcəkmiş. Dostları ilə bir yerdə oturub onu müzakirə edirmişlər. Söhbət əsnasında atam bir lətifə danışıb. Həmin an ürəyinin bir damarı qırılıb. Dostları elə bilib ki, zarafat edir. Sonra başa düşüblər ki, yox, dünyasını dəyişib.

“Evlənmək istəyirəm ” filminin premyerasını da görə bilmədi. Yalnız onun 40 mərasimi verildikdən sonra premyera keçirildi. Həmin anlar o filmə baxmaq bizim üçün çox çətin idi. Anam isə 90 yaşa kimi yaşadı. Daha sonra qardaşım rəhmətə getdi, 2 il keçdi onun həyat yoldaşı, 2 ildən sonra isə mən öz həyat yoldaşımı itirdim. İndi bir qızım və bir oğlum var”.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir