Modern.az

Cavanşir Paşazadə: “Kim desə ki, kişi həyat yoldaşına hesabat vermir, o yalandır” - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Kim desə ki, kişi həyat yoldaşına hesabat vermir, o yalandır” - MÜSAHİBƏ

Müsahibə

12 Aprel 2013, 09:42

Millət vəkili: “Övladlarım cızığı keçirlərsə, mən onlardan hesabat istəyirəm”

Bu gün millət vəkili Cavanşir Paşazadənin doğum günüdür. Modern.az saytı deputatdan ad günü münasibəti ilə müsahibə alıb. Müsahibədə yubiley yaşını qeyd edən Cavanşir Paşazadənin keçdiyi həyat yolundan və həyatda qazandığı yaşam təcrübəsindən söhbət etmişik.

– Doğum gününüzdə də özünüzdən daha çox nəvələriniz haqqında həvəslə söhbət edirsiniz. Deməli, siz də bu fikirlə razılaşırsınız ki, dünyada nəvədən şirin şey yoxdur.

– İnsan ailə həyatı qurur, uşağı olur. Hərdən xəlvətə düşəndə uşağını vurur. Atası bunu görəndə qışqırır, qayınatası qışqırır. Görəsən, niyə deyirlər ki, vurma? Çünki sən özün də bir zamanlar valideynlərin üçün bir uşaq olmusan. O uşaqlığın dadı ki var, sən onu hiss etmirsən. Müəyyən yaşa çatırsan, artıq uşağın üçün ahıllaşırsan, uşaqlığın dadı damağında qalır. Artıq kamillik vaxtında o uşaq sənə şirin, oyuncaq kimi gəlir. Birinci dəfə bala dünyaya gələndə filan səhvləri edirsən. Bala nə qədər şirindirsə, gör balamın balası necə olacaq!? İnsan o zaman artıq əvvəl etdiyi səhvləri dondurmaq istəyəcək. Öz yaşıdlarım hərdən mənimlə zarafat edəndə, deyirəm ki , nəvəni ona görə sevirlər ki, sən artıq o yaşa çatanda nəvənlə sənin ağlın tutur.

– Mənə bir şey maraqlıdır, 25 yaşında evləndiniz, ailəniz oldu, uşağınızı sevdiniz, sonra nəvəniz oldu, onu sevdiniz. Bəs insan özü üçün nə vaxt yaşayır?

– Hardasa 50-60 yaşa gəlib çatırsan, deyirsən ki, indi nəfəs almalısan. Əvvəl saat 7-də dururdun, artıq bu yaşa çatanda 11-də durursan. Özünə azadlıq verirsən. Əvvəl dostlarıma vaxt ayıra bilmirdim. Amma indi onlara vaxt ayırıram, zarafatlaşırıq arada. Əvvəl həyat yoldaşıma zəng edib harada olduğumu demirdim, artıq bu yaşımda deyirəm. Çünki ata, ana yox. Sənin həyat yoldaşın, ömür-gün yoldaşın sənin qeydinə qalır. Sən də yavaş-yavaş ona hesabatlar verirsən. Bilirsən ki, səni kimsə gözləyir. Bəlkə də 20 il bundan əvvəl bu qədər gözləmirdi. Çünki indi fikirləşir ki, “başı ağrıyır, gəldikdən sonra belinə bu dərmanı vuracağam”. Bilirsən ki, bir adam hardasa səni gözləyir. Əgər bu gün o mənə görə narahatdırsa, mən də ona özümlə bağlı xəbər verməliyəm.

– Demək olarmı ki, əsl sevgi elə həmin vaxtlar başlayır? Sizin sözünüzdən mən elə nəticə çıxardım. İndiyə qədər sizin kimi deyən insana rast gəlməmişdim.


– Kim desə ki, kişi nə yaşda olursa-olsun, o həyat yoldaşına hesabat vermir, o yalandır. İnsanın istədiyi adama hesabat verməməsi doğru deyil. Məsələn, evlənirsiniz, 3-5 ildən sonra yoldaşınız bir az evə gec gələndə bilirsiniz ki, gedib Moskvaya, birigün qayıdacaq, rayondan sabah gecə qayıdacaq. Əgər normalda saat 8-də evə gələn kişi saat 11-də evə gəlirsə, toy yox, hansısa məclis yox, istər-istəməz ona qadın sifət edəcək. Əgər hansı qadın deyərsə ki, “mən sifət etmirəm”, yalan bu olardı. Hərəkətləri ilə və ya sözləri ilə bunu büruzə verərlər. Həmişəki tərzdə yox, başqa tərzdə, məsələn, “yemək yeyəcəksən, yoxsa yox” demək tərzi belə, dəyişir. Mən deyəndə ki, “yox, yemək yemişəm”, artıq onda deyəcək ki, “bəs mənə xəbər verərdin ən azından”. Arada qaşığı yuxarıdan atar. Birtəhər öz etirazını bildirər. Kişinin özü haqqında məlumat verməsi olur hesabat. İnsanın hər sahədə dərdləşdiyi biri olur. Ailədə səni ən yaxşı tanıyan həyat yoldaşındır. Sənin qızın da, oğlun da səni sonradan tanıyır. Heç olmasa yaşı 10-12 olmalıdır ki, səni tanısın. Əgər ailədə ata, ana varsa onlar qədər səni yaxşı tanıyan dünyada kimsə olmaz. Birinci ana, sonra isə ata. Atanın-ananın yeri başqa, ailənin yeri başqa. Hərdən zarafat edirəm ki, əşi 10, 20, 40 il arvad olar? 40 ildən sonra olur bacı. Qadın hardasa özünü sıxa bilir. Az hallarda kişi o qədər tüfeyli, o qədər hissiyyatsız olmalıdır ki, o həyat yoldaşı olmadan yaşaya bilsin və ya başını nə iləsə qatsın. Düzdür, kişi xaricdən geyinə bilər, ancaq onun daxilinə fikir versək, onun dərdli olduğunu anlaya bilərik.

– Məsələn, mənim nənəm var, əvvəl naz edərdim, ərköyünlük edərdim. Amma indi gedim halını soruşmayım, üzündən öpməyim, inciyir. Demək, insan yaşlaşdıqca uşaqlaşırmış, ərköyünləşirmiş.

– Yox, o atandan-anandan səni çox istəyir. Ana oğulu niyə qısqanır? Bu həyatın bir qanunudur. Bütün analar deyir, mənim oğlum evlənsin. Evləndikdən sonra görürsən ki, qaynana gəlinlə yola getmir. Deyir, “yeməyi dadsız etmişdi, yağsız etmişdi. Saat neçədə oğluma yemək verdi? Bu vaxt yemək verərlər?” Buna səbəb isə odur ki, uşaq dünyaya gələndən sonra onun bütün qayğısını ana çəkir, diqqət göstərir. Belə olanda necə ayrıla bilər balasından? Böyüdüb evləndirir, bəzi hallarda bunu qəbul etmək istəmirlər. Evləndikdən sonra da fikirləri uşaqlarının yanında qalır. Bu bütün xalqlarda belədir. Gen məsələsi də var. Qadın ki, öz genini dünyaya gətirir, onu heç kəslə paylaşmaq istəməz. Ona görə o səndən küsür ki, o uşaqlaşmayıb, sən öz həyat yoldaşınla başqa cür görüşürsən, ananla başqa cür. Bir az yaşlaşanda da düşünür ki, mənim dediyimi başa düşməzlər. O başa düşür ki, sən onu yola verirsən. Sənin getdiyin yolu o artıq qayıdır. Ola bilsin kimi təyyarə ilə getməyib, dəvə ilə gedib. Onun yolda əli də əzilib, ayağı da yaralanıb, amma qayıdıb o yolu. Sən hələ indi gedirsən, ancaq özünü ondan ağıllı sayırsan. Yox.


– Siz də bu yaşa qədər müəyyən həyat yolu keçmisiniz. Dediyiniz yolları gedib-qayıtmısınız. Maraqlıdır, bu yaşda özünüz üçün nələr istəyirsiniz?

– Mən şəxsi həyatımda balalarımın, nəvələrimin sağlığını istəyirəm. Özümə də Allah bir az ömür versin. Övlad nə yaşda olursa olsun, o valideynin gözündə həmişə uşaqdır. Bəlkə də o yolu məndən yaxşı keçərlər, keçirlər də. Buna baxmayaraq, onlar cızığı keçirlərsə, mən onlardan hesabat istəyirəm. Başqa cür mümkün deyil. Mən fikirləşirəm ki, mənim keçdiyim yollardan az adam salamat qala bilər. Birdən keçsələr o yolu, çox təhlükəli yoldur, büdrəyə bilərlər, səhv edə bilərlər. Bilsəm ki, mənim etdiyimi balam edir, mən dəli olaram. Düzdü, dövrlər başqadır, ancaq mən bilsəm ki, mənim keçdiyim məcburi çətinlikləri oğlum keçəcək, gözümə yuxu getməz. Mən o vaxt başa düşməmişəm, amma, salamat çıxmışam. Mənim bir amalım olub, 12 yaşdan çölçülük etmişəm. Özüm üçün qazanmışam. Böyük ailə 9 bacı, 2 qardaş olmuşuq. Ona görə məcbur olmuşuq ki, özümüzü dolandıraq. Atam müharibə əlili olub, anam isə evdar qadın. Ona görə də o çətinlikləri keçmək məcburiyyətində olmuşam. Amalım bir olub ki, harada oxumuşamsa, demişəm ki, mən bura oxumağa gəlmişəm, gərək qayıdam. Anam gözləyir, bacılarım məni gözləyir. Harada olsam da, düşünürdüm ki, mən oxumalıyam və bacılarıma yiyə çıxmalıyam. 16 yaşımda orta məktəbi bitirmişəm. O yaşım olmasına baxmayaraq, həyat o qədər məcbur edib ki, hər şeyi fikirləşmişəm. Yaxşını, pisi ayıra bilmişəm. Yanımda atam, anam, qardaşım, bacım yox idi. Mən öz səhvlərimi özüm düşünməli idim. Çoxlarını görürdüm. İçənlər, çəkənlər var idi. Mən onlardan qorxurdum, çəkinirdim. Mən o vaxtdan belə şeylərdən uzaq oldum deyə, Allah bu günləri də qismət etdi.

– Allahşükür Paşazadə ilə xarici görünüşcə oxşayırsınız. Sizdə gülərüz, amma qardaşınızda bir az daha ağayana, ciddi sima var.

– Ağa ağıryana olar. Ciddiliyi ilə bağlı onu deyə bilərəm ki, onun uşaqlığı demək olar ki, olmayıb. 6-7 yaşında uşaqlar oyun haqqında fikirləşəndə, futbol və başqa oyunlar oynayanda, o bunları fikirləşməyib. Çünki o uşaqlığından anam ona Quranı öyrədib. 6 qızdan sonra ilk oğlan olduğu üçün ona bu ad qoyulub. Onun cibində həmişə Quran kitabı olurdu deyə, o, uşaqların yanına gedə bilmirdi. İstər bu məktəbdə, istərsə də o biri məktəbdə, hər ikisində oxuyurdu. Bir az böyüdükdən sonra o, artıq orta yaşlı insanlarla oturub-dururdu. Psixoloji cəhətdən o insanlar təsir edirdi, onun fikirlərinə. Artıq onun uşaqlığı qalmırdı. Siz onun yaşının üstünə 20 yaş da gəlin. O insan artıq özündən 20 yaş böyük insanlarla, düşüncələrlə yaşayırdı. Yaşı az olanda da beyni böyüklərin düşüncəsi ilə dolub. Siz fikirləşin, o daha nə qədər ciddi ola bilərdi? 29 yaşında Qafqazın şeyxi oldu. Mənim işim isə tamam başqa idi. Sovet hökuməti bizi planlaşdırırdı, məni də, onu da. Onu o sahədə, məni isə kommunist sahəsində. Mən gərək komsomolçu olaydım, mən gərək cəncəl işlərdə iştirak etməyəydim. Bu belə də olmalı idi.


– Cənub zonasından olasınız, balqabaqlı aşı, ləvəngini sevməyəsiniz, yalan olar məncə. Menyüdə yeməyə nəyi xoşlayırsınız?

– Ümumiyyətlə, mənim yeməklə aram yoxdur. Bizim ailədə bəlkə də yeganə bu formada olan mənəm. Atam da bir az dolu idi. Bizim cənub mətbəxinin hər yeməyi yaxşı olur. Hələ insanın anasının bişirdiyi yemək, ona bütün yeməklərdən dadlı gəlir. Əli ilə hazırladığı çörək-soğan belə ona dadlı gəlir. Bayaq Şeyxdən söz düşdü. 33 ildir Şeyxin yanındayam, Şeyxin etdiklərini bəlkə də siz gənc nəsil 20 ildən sonra başa düşəcəksiniz. Çünki insan insanın yanında olanda, onun gözünün qarşısında olanda, sən o qədər də onu hiss etmirsən, onun əhatəsində olursan. Bu günlər nə qədər ki, dünyada var, onların qədrini bilmək lazımdır.

– Yorulanda necə dincəlirsiniz? Harasa gedirsiniz?

– Səyahəti sevən insanam. Hərdən xaricə gedirəm. Bir az təkliyi sevirəm. Gündəmdə olmağı sevmirəm. Nə etmişəmsə, xalqım üçün etmişəm. Onu da Allah bilir. Nə edirəmsə, ailəmin yaxşılığı üçün edirəm. Bunu göstərməyə ehtiyac yoxdur.

– Buna qədər qeyri-rəsmi söhbət etdik. İndi isə azca siyasətə qatılaq. Nardaranda baş verən proseslərlə bağlı nə deyə bilərsiniz?

– Nardaranda baş verən proseslər birinci dəfə deyil, hələ sovetlər dövründə də belə proseslər olurdu. Müstəqillik dövründə qabarmasa da, özünü büruzə verirdi. Bu, Azərbaycanı bəyənməyən dövlətlər, gözlərin işidir, istər Azərbaycanın daxilində, istərsə də qırağında o adamları xərcləyə bilirlər. O insanların özünə də xoş getmir. Axırıncı məsələ yenə də bəzi dövlət nümayəndələrinin ağızlarından qaçırdıqları söhbətlərin nəticələrini göstərir. İnsan danışanda, harada və necə danışdığına diqqət etməlidir. Dövlət başçımız sizə bir iş tapşırırsa, ya o işin öhdəsindən gəlməlisən, ya da o səlahiyyəti öz üzərinə götürməyəsən. Bu söhbətlər artıq yoxdur. Demirəm ki, bundan sonra olmayacaq. Qonşu dövlətlərdən də təsirlər var. Adını islamçı, müxalifət qoyanlar da var. Ancaq məqsəd eynidir.

– Xankəndində açılan “Talışıstan radiosu”yla bağlı fikrinizi öyrənmək istərdik.

– İstər radio, istərsə televiziya olsun, o Azərbaycana, dövlətçiliyimizə ziyan gətirir. Bu bədxah qonşularımızın neçə illərdi ki, nail olmaq istədikləri çirkin niyyətləridir. Ermənilər bundan qabaq da talışlar haqqında kitablar yaymışdılar. Hətta Rusiyada yaşayan talışlar arasında da paylanmışdı O kitablarda deyilirdi ki, “siz Azərbaycandan ayrılmalı, müstəqil olmalısınız”. “Talışıstan radiosu” da düşmənin növbəti təxribatlarından biridir. Düşməndən nə gözləmək olar? Düşmən daş da atar, söyüş də söyər. Hazırda bizim çətinliyimiz təkcə Qarabağ məsələsi deyil. İnformasiya müharibəsində də mövqelərimizi möhkəmləndirməliyik. Belə ki, informasiya müharibəsində KİV-dən bizə qarşı istifadə edirlər. Məsələn, cənub bölgəsində yayımlanan İranın radio və televiziyası ilə bağlı bəzi tədbirlər görülməlidir. Düşünürəm ki, peykimizlə bağlı görülən işlər bu problemləri də zamanla aradan qaldıracaq.


Şahanə RƏHİMLİ
Elçin AĞAYEV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!