Modern.az

QHT Şurası 5 il - REDAKTORLAR DANIŞDI

QHT Şurası 5 il - REDAKTORLAR DANIŞDI

Qarabağ

12 Aprel 2013, 14:34


Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 5 yaşı tamam olacaq.

Modern.az qurumun fəaliyyəti ilə bağlı mətbuat nümayəndələrindən münasibət öyrənib.

Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu bu sektordakı fəaliyyətin qanunlarla tənzimlənməsi, dövlətimizin milli maraqlarına xidmət etməsi baxımından yüksək qiymətləndirib:
“Şura insanların hüquq və azadlıqlarının, demokratiyanın inkişafı üçün çox ciddi bir mərhələni arxada qoydu. Şura yaranana qədər Azərbaycanda təbii ki, QHT-lər var idi və fəaliyyət göstərirdi. Amma bir pərakəndəlik mövcud idi və daha çox yerli olmayan donorlarla işləmək ənənəsi yaranmışdı. Amma Şuranın yaradılması dövlətin bu sektorun inkişafında maraqlı olduğunu sübut edən ciddi bir faktı oldu və elə ilk günlərdən başlayaraq özünün məqsəd və məramının aydın şəkildə göstərdi. Şuraya rəhbərlik edən şəxslər, xüsusilə də Azay Quliyev bu sektorun işinə dərindən bələddir. Onun bu sektora bələd olması və bu sahəninn içərisində uzun illər fəaliyyət göstərməsi şuranın həm bir dövlət qurumu olaraq formalaşdırılmasında, həm də bütövlükdə QHT sektoru ilə münasibətlərinin sistemləşdirilməsində çox böyük əhəmiyyəti oldu. Hələ ilk fəaliyyətə başladığı dövrlərdə Azərbaycanda mövcud olan QHT-lərin ciddi sisteminin yaradılması kimi vacib bir xətt götürüldü. Bütövlükdə dövlətimizin vəsaiti hesabına layihələr həyata keçirmək üçün gərəkli olan addımları atdılar. Mən beş illik fəaliyyəti bütövlükdə müsbət qiymətləndirirəm. Və burda vətəndaş cəmiyyəti quruculuğunun inkişafında iştirak edən hər bir insana təbrik düşür”.

Qafqazinfo saytının baş redaktoru Elbrus Ərud şura tərəfindən beş il ərzində QHT-lərə olan dəstəyi yüksək qiymətləndirib:
“Onların beş il ərzində gördüyü işləri yüksək qiymətləndirirəm, amma düşünürəm ki, hələ görüləsi çox işlər var. Bu gün Azərbaycanda QHT-lərin əksəriyyəti layihə almaq və o layihələri qısa çərçivədə həyata keçirməklə məşğul olurlar. Mən arzu edirəm ki, elə QHT-lər yaradılsın ki, dövlət qurumları, nazirlik səviyyəsində olan fəaliyətləri olsun. Xaricdə elə QHT-lər var ki, hətta onlar dövlətin özünə təzyiq eləmək nüfuzuna malikdirlər. Mən güman edirəm ki, gələcəkdə bizdə də belə QHT-lər yaradılacaq. Onlar xarici dövlətlərin siyasətinə təsir eləmək iqtidarında olacaqlar”.

Yeni Müsavat qəzetinin baş redaktor müavini Azər Ayxan şuranın beş il ərzində elə də ciddi bir iş görə bilmədiyini vurğulayıb:
“Azərbaycanda QHT institutu bu beş il ərzində elə bir ciddi iş görə bilmədi. Bunu bir səbəbi hökumət və onun basqılarıdırsa, digər tərəfdən bizə aydın olmayan tərəfləri var. Onların gördüyü bəzi işləri müsbət qiymətləndirmək olar. Amma bütövlükdə Azərbaycanda QHT institunun cəmiyyət üçün xeyirli işlər gördüyünü düşünmürəm. Burda daha çox qrant almaq və onları hansısa adlarla sənədləşdirmək faktları çox rol oynayır. Amma əslində ortada heç bir işin görülməməsi kimi gerçəklik də var. Ola bilər ki, mənim bu sözlərimdən kimsə incisin, amma düşünürəm ki, dost sözü acı olar. Ayr-ayrı istiqamətlər üzrə fəaliyət göstərən QHT-lər Azərbaycanda hansısa ciddi bir iş görməyiblər. Mənə elə gəlir ki, bu dövlətimiz üçün heçdə yaxşı hal deyil”.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı hesab edir ki, artıq Azərbaycanda QHT-lərin formalaşması dövrü arxada qalıb:
“İndi bizdə QHT-lərin konkret olaraq təsnifatlanması istiqamətində iş gedir. Ola bilər ki, kimsə Şuranın fəaliyyətindən razı, kimsə narazı qalsın. Bu, təbiidir. Birincisi ona görə ki, bu, yeni təsisatdır. İkinci tərəfdən bizdə məğlub tərəfin qalibin əlini sıxması ənənəsi formalaşmayıb. Bu da ona gətirir ki, müsabiqədə yer tuta bilməyənlər müəyyən şəkildə narazı qalırlar. Halbuki,  onlar öz fəaliyyətlərindən narazı qalmalıdırlar.
Şuranın ən mühüm işlərindən biri onun fəaliyyətinin şəffaf olmasıdır. Onu da qeyd etməliyəm ki, Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrdən “dağı dağ üsytünə qoyacaq” düşüncəsindən də uzaq olmaq lazımdır. Çünki kiçik məbləğlə böyük işlər görmək mümkün deyil. Ən azından xarici donorlarla şuranın eyni layihə üçün ayırdığı vəsaiti müqayisə edib gerçəkliyi görmək olar.
İddia edə bilmərəm ki, şura tərəfindən dəstəklənən layihələrin hamısı arzuolunan şəkildədir. Təbii ki, burada QHT rəhbərlərinin üzərinə böyük yük düşür.
Hər halda 5 il ərzində böyük uğurlara imza atılıb. Şura layihələri dəstəkləyərkən onun hansı qurum, hansı siyası yönü olan şəxslər tərəfindən hazırlanmasına baxmır. Ona görə də demək olar ki, ölkədə iqtidar, müxalifət və bitərəf mövqeli QHT-lər şuradan dəstək ala bilirlər. Bütün bunlarla şuranın fəaliyyətini ideallaşdırmaq fikridən uzağam. Təbii ki, çatışmazlıqlar da olub.
Amma 5 illik fəaliyyəti dövründə şura xeyli uğurlara imza atdı. Sanki 5 ildə 50 ildə görüləcək işlər görülüb. Uğurlar arzulayıram. Bütün şura kollektivini təbrik edirəm”.

Pərvin Arzuqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu