Modern.az

Çağri və ümid

Çağri və ümid

13 Aprel 2013, 10:46

Millət vəkili Qənirə Paşayeva

Pir Ömər Avaxılı Şirvani və abidəsinə sahib çıxmalıyıq!

Azərbaycan tarixən könül dostlarının yurdu olmuşdur. Veysəl Qarani ilə başlayan sevgi bağları sufiliklə məktəbləşmişdir. Sührəverdilik, zahidilik, səfəvilik və xəlvətilik Azər­baycanın hansı sevgi mirasına sahib olduğunu göstərir.

Dünyanın tolerantlıq, dialoq, xoşgörü və sevgidən danışdığı bu son illərdə bizim də dönüb keçmişimizə yenidən nəzər salmağımız lazımdır. Bu gün dünyanın hər qitəsinə məhz Azərbaycandan, Şamaxıdan və Bakıdan yayılan xəlvətilik məktəbini, onun yaradıcılarını və sevənlərini nə qədər tanıyırıq? 40-dan çox qola, 200-dən çox şöbəyə malik Azərbaycan əsilli xəlvətilik məktəbi yüzillərlə Qafqaz, Anadolu, Balkanlar, Misir, Əlcəzair, Mərakeş, Sudan, İtaliya, hətta Braziliya, ABŞ və başqa ölkələrdə, bölgələrdə öyrədilmişdir (öyrədilməkdədir). Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO (UNESCO) 2013-cü ili Seyid Yəhya Bakuvi ili elan etməklə bizə bu dəyərlərimizə yenidən baxmaq, sahiblənmək və yaymaq imkanı vermişdir.

Xəlvətilik məktəbinin yaradıcısı Pir Ömər Avaxılı Şirvani övliya, alim və arif insan olmuş, Şamaxının Avaxıl kəndində yaşamışdır. Əslində son zamanlar tarixçi alimlərimiz, dəyərli araşdırmaçılar, sayğı bəslədiyim – Mehmet Rıhtım Fariz Xəlilli XV yüzildə yaşamış xəlvəti böyüklərindən Yusif Müskürinin əsərində xəlvətiliyin şəcərəsini tapmışlar və buradan bəlli olmuşdur ki, Pir Ömər Avaxıldandır. Onlar Avaxılda XIV yüzildə yaşamış Pir Ömərin yüzillər keçməsinə baxmayaraq ziyarət olunan abidəsini – “Ömər Sultan ziyarətgahı”nı da üzə çıxarmışlar. Köhnə qəbiristanlıqda daş divarlarla yanaşı, rəvayətə görə Pir Ömərin gövdəsində 40 gün xəlvətə çəkilib riyazatla məşğul olduğu uzunömürlü ağac da qalmaqdadır. Tarixçi alimlər Mehmet Rıhtım Fariz Xəlillini bu dərin araşdırma və tədqiqatları münasibəti ilə bir daha təbrik edir, təşəkkürlərimi yetirirəm. Amma çox təssüf edirəm ki, onlar 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinə həmin abidə haqqında məktub ünvanlasalar da, məktub müəlliflərinə cavab verilməmiş, sonradan bəlli olmuşdur ki, abidə önəmsiz sayıldığından siyahıya alınmamışdır. Buna baxmayaraq, dərin araşdırılmalar aparılmadan, “Ömər Sultan ziyarətgahı”nı üzə çıxaran Mehmet Rıhtım və Fariz Xəlillini cağırıb dinləmədən hansısa kiçik bir məmurun belə qərar verməsi çox üzücüdür. Ümid edirəm ki, Mədəniyyət və Turizm naziri hörmətli Əbülfəz Qarayevin bundan xəbəri olmayıb. Bu gün ona bir millət vəkili olaraq bu məsələ ilə bağlı müraciət də göndərdim və nazirliyin rəsmiləri ilə fikir mübadiləsi də apardıq. Ümid edirəm ki, alimlər dəvət olunacaq və bu tarixi abidəuyğun reystrə salınacaq, təkcə azərbaycanlıların deyil, dünyanın bir çox ölkələrindən gələn turistlərin ziyarəti üçün önəriləcək.

Bu gün Türkiyədə turistlərin ən çox ziyarət etdiyi ilk iki abidədən biri Mövlanə Cəlaləddin Ruminin Külliyyəsidir. Bu inanc turizminin necə böyük önəm daşıdığını göstərir. Təssüf ki, biz hələ də Pir Ömər Seyid Yəhya kimi böyük irfan sahiblərinin qardaş ölkədən dünyaya, insana, insanlığa səslənmiş (və səslənməkdə olan!) Mövlanəsinə və Hacı Bektaş Vəlisinə bərabər sevənlərinin olduğunun fərqində deyilik. Vurğulamalıyıq ki, onların müəyyən etdikləri zikrlər, virdlər bu gün bütün xəlvəti dərgahlarında oxunur.

Azərbaycanın uyğunprofilli dövlət qurumlarını, qeyri-hökumət təşkilatlarını, xeyirxah insanları babalarımızın maddi və mənəvi mirası olan xəlvətilik məktəbi və onun Azər­baycandakı qalıqlarının üzə çıxarılması, qorunması, yayılması yönündə çalışmalarını artı­r­mağa və birləşdirməyə çağırırıq. Bu həm mədəniyyətimizə daha çox yiyələnməyimizlə yanaşı, ölkəmizdə inanc turizminin də inkişafı yönündə ciddi addım olardı.

Yazımı elə bu çağrı, bu ümidlə də qurtarmaq istərdim. – Necə ki, bütün kitablı dinlərdə, təriqətlərdə də çağrı var, ümid var!..

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?