Modern.az

İrəvanla Bakı arasında sülhün əsas şərtləri - Tovio Klaar açıqladı

İrəvanla Bakı arasında sülhün əsas şərtləri - Tovio Klaar açıqladı

11 Oktyabr 2022, 16:10

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Avropa Parlamentində çıxış edərək Ermənistan-Azərbaycan danışıqları və regionun gələcəyi ilə bağlı bir sıra diqqətçəkən tezislər səsləndirib.


Modern.az xəbər verir ki, Klaar Ermənistan, Fransa, Avropa İttifaqı (Aİ) və Azərbaycan liderlərinin dördtərəfli görüşündə əldə olunan razılaşmalara toxunub.


Onun sözlərinə görə, yaxın vaxtlarda Aİ ölkələri Ermənistan-Azərbaycan sərhədinə nəzarət etmək üçün mülki missiyanın göndərilməsi ilə bağlı qərar qəbul etməli, sonra missiyanın hesabatı Avropa Parlamentinin Siyasət və Təhlükəsizlik Komitəsində müzakirə olunmalıdır.
 

Klaarın sözlərinə görə, Praqada Ermənistan və Azərbaycan liderləri BMT Nizamnaməsinə, eləcə də 1991-ci ildə Alma-Atada qəbul edilmiş bəyannaməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər və bu bəyannaməyə əsasən bir-birlərinin ərazi bütövlüyü və suverenliyini tanıyırlar.


Regionda kommunikasiyaların açılmasından danışan diplomat xüsusilə vurğulayıb ki, Ermənistan ərazisindən keçməklə Naxçıvan muxtariyyəti ilə Azərbaycanın qalan hissəsi arasında avtomobil və dəmir yolu əlaqəsi yalnız İrəvanın bu hissə üzərində suverenliyini qoruyub saxladığı halda yaradıla bilər.
 

O, həmçinin 1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərdən danışıb. 

“Bir neçə min insan itkin düşüb, onların əksəriyyəti azərbaycanlıdır, lakin yüzlərlə erməni də var” deyən Klaarın fikrincə, bu məsələ həll edilməlidir, çünki  bir çox ailələr hələ də öz yaxınlarını axtarırlar.


Aİ-nin xüsusi nümayəndəsi hesab edir ki, uzunmüddətli və davamlı sülh yalnız bütün məsələlərin ədalətli həllinə nail olunarsa və tərəflər bu həlli ədalətli qəbul edərsə əldə edilə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır