Modern.az

QHT Şurası 5 il ərzində Azərbaycanı təzyiq obyektindən çıxara bildimi?

QHT Şurası 5 il ərzində Azərbaycanı təzyiq obyektindən çıxara bildimi?

15 Aprel 2013, 14:32


Artıq dünya siyasətində və ictimai həyatda təsir mexanizmlərinin qeyri-hökumət təşkilatlarının əlilə həyata keçirilməsi ona xüsusi diqqət yetirilməsini tələb edir. Siyasətdən uzaq, siyasi proseslərə müdaxilə etmədiyi iddia edilən ictimai institutların vasitəsilə əslində bir idarəetmə mexanizmi tətbiq edilməkdədir. Siyasətin birbaşa öz adı altında daxil ola bilmədiyi cəmiyyətlərə o, məhz bu qurumların əlilə yeridilir. İndi cəmiyyətlərin təsir zonalarına alınmaları və bu məkanda saxlanmaları QHT-lər vasitəsilə həyata keçirilir. Kütləvi informasiya vasitələrində yayılan məlumatlarda dəfələrlə bu faktlar göstərilib ki, münasibətlərində ziddiyyətlər hökm sürən dövlətlər və cəmiyyətlər arasında ilk vasitəçilik QHT-lər tərəfindən aparılıb. Bəzən SSRİ kimi böyük bir dövlətin dağılması səbəbləri sırasına ABŞ və Qərbin ictimai institutlarının peşəkarlığı qarşısında analoji qurumların yoxluğu fikrinin daxil edilməsi tamamilə təbii görünür. Deməli, ictimai qurumlar cəmiyyətlərin daxili nizamını, dövlətlərin stabilliyini və inkişafını təmin edirlər.

Respublikamız yenidən müstəqillik əldə etdikdən sonra QHT-lərin inkişafında növbəti və yeni mərhələ başlayıb. İlk dövrlər bu sahəyə adekvat münasibətin göstərilməməsi respublikamızda xarici qüvvələrin təşkilatçılığı və dəstəyi ilə QHT “təzyiq qrupu”nun yaradılması ilə nəticələnmişdi. Onların fəaliyyəti ilə bağlı çox da uzaq olmayan tarixi həqiqətlər mövcuddur. Hakimiyyətə təzyiqlər, xarici siyasi, iqtisadi, hərbi və s. maraqların onlar vasitəsilə reallığa çevrilməsi aktlarının üstündən o qədər də çox vaxt keçməyib.

Bütün bu gerçəkliklər və hadisələrin inkişaf istiqaməti qeyri-hökumət təşkilatları ilə Azərbaycan hökuməti arasındakı münasibətlərin yeni səviyyəsini tələb edirdi. Bu addım 2007-ci ildə Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə atıldı. Həmin ilin sonunda bu konsepsiyanın reallaşdırılması ilə bağlı zəruri təşkilati tədbirlər görüldü və 2008-ci il aprelin 16-dan artıq Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başladı.

Hazırda Şura yaranmasının 5 illiyini qeyd edir. Onun qarşısında duran əsas məsələ hakimiyyətin QHT-lərə dövlət dəstəyi konsepsiyası kimi mürəkkəb bir bir vəzifıni icra etməkdir.

Cəmiyyətdə fəal insanların proqram-layihələrinin, ideyalarının, iddialarının idarə olunması missiyasını yerinə yetirən Şuranın uğurları göz qabağındadır. QHT-lərin böyük bir qismi artıq xarici təsir güclərinin təzyiq dairələrindən çıxarılıb.  Özü də bu, çox da böyük olmayan bir vəsait hesabına baş verir: il ərzində təxminən 1 milyon 500 min manat. Həm də bu məbləğ Azərbaycan cəmiyyətinin yenidənmilli maraqlara köklənməsinə və bu yönümdən də dünyaya inteqrasiya olunmasına sərf olunur.

Görünən budur ki, Azərbaycan hakimiyyəti artıq QHT-lərə sadəcə bir tərəfdaş kimi deyil, bilavasitə ölkə vətəndaşlarının təmsil olunduğu kütləvi qurumlar kimi baxır. QHT-lərin bu və ya digər təşəbbüslərini həyata keçirmələrinə maddi dəstək göstərir.

QHT-lərə Dövlət Dəstəyi Şurası 5 il ərzində milli maraqların qorunması, Konstitusiya və qanunlara, dövlət rəmzlərinə hörmətin formalaşdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dünyada fəal şəkildə təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, azərbaycançılıq ideyasının təbliğ edilməsi, ümumiyyətlə, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə qeyri-hökumət təşkilatlarının cəlb olunması və onlara məlumat, metodiki, təşkilati–texniki, maliyyə yardımının göstərilməsinə dair çoxsaylı layihələri maliyyələşdirib. Cəmiyyət üçün bir növ tutarlı müdafiə sistemi qurub və bu istiqamətdə işlərini davam etdirməkdədir.

Bu da bir həqiqətdir ki, cəmiyyətin fəal üzvlərindən ibarət olan QHT sektorunda ən müxtəlif sahələrin fərqli fikir təmsilçilərinin ortaq nöqtələrinin tapılması və inkişafa yönəldilməsi böyük zəhmət, bacarıq və iradə tələb edir. Bu elə bir sahədir ki, buradakı insanlarla əmr formasında, yaxud göstərişlərlə danışmaq mümkün deyil. Onlar tamamilə müstəqil insanlar olub öz ideyaları, məqsədləri və onu reallaşdırmaq üçün fərqli yollara sahibdirlər. Bu insanlarla işləmək üçün inzibati mexanizmlər effekt verə bilməz, yalnız yüksək intellekt, mədəniyyət, müxtəlif fikirlərə dözümlülük tələb edilir.  QHT-lərə Dövlət Dəstəyi Şurasının ən böyük uğurlarından biri kimi məhz bunu qeyd etmək olar. Görünür, bunun da əsas səbəbi onun birmənalı olaraq mili mənafelərə qulluq etməsini sübut edə bilməsi, tolerant olması və fəaliyyətindəki şəffaflıqdır. Elə buna görə də QHT Əməkdaşlıq Alyansının, fəaliyyətinin beş illiyi münasibətilə ona verdiyi 5 qiyməti ilə razılaşmamaqdan başqa yol qalmır.

Mütəllim Rəhimli

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı