Modern.az

Sən Elçibəy ola bilməzsən, Cəlaloğlu!

Sən Elçibəy ola bilməzsən, Cəlaloğlu!

15 Aprel 2013, 18:01

20 ildir siyasətdəsən, bu xalqa hansı xeyri vermisən?

Azərbaycanın dahi şairləri, dövrünün bütün zamanlarında mükəmməl söz sahibi kimi xatırlanan Səməd Vurğun haqqında zaman-zaman tənqidlər yazılıb. Bəziləri onun əsərlərini tənqid edib, öz mülahizələrini müəyyən mənbələrə əsasən irəli sürüblər. Bunu da edənlər əsasən ədəbiyyatşünaslar, ədəbi tənqidçilər olub ki, onları anlamaq çətin deyil. Ola bilər ki, həmin tənqidçilər, ədəbiyyatçılar Vurğuna daş "atmaq"la gündəmə gəlmək, məşhurlaşmaq istəyiblər. Amma özünü siyasət adamı adlandıran, bir az da irəli gedərək siyasətdə ağsaqqallıq iddiasına düşən, şəkilləri gündə qəzet səhifələrində görünən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun milli şairi təhqir etməsini anlamaq çətindir. Tənqid yox, məhz təhqir etməsini. Mətbuata verdiyi müsahibədə Vurğunu "dılğır" adlandıran Sərdar bəyə özünü reklam lazımdır, ya gündəmə gəlmək? Görün hakimiyyətə gəlmək iddiasında olan ADP sədri Azərbaycan xalqının tarixdə öyünərək adını çəkə biləcəyi  azsaylı şəxsiyyətlərdən biri olan Səməd Vurğun haqqında nə deyir - "Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib".
Əgər Cəlaloğlu ədəbiyyatı belə yaxşı bilirsə, Vurğun yaradıcılığı ilə belə yaxından tanışdırsa, o zaman dahi şairin əsərlərini bir də yaxşı oxusun. Vurğun "Vaqif" dramında Molla Pənah Vaqifin dövrünü nəzərdə tutaraq gözəl bir əsər ortaya qoyub. Şəxsiyyətə və onun yaradıcılığına qiymət verərkən, yaratdığı əsərin hansı dövrü özündə ehtiva etdiyi tarixi araşdırıb, diqqət yetirmək gərəkir. Tarixdən bilirik ki, Molla Pənah Vaqif, Ağa Məhəmməd Şah Qacar tərəfindən ölümə məhkum edilib, sonradan hakimiyyətə gələn Məhəmməd bəy Cavanşir tərəfindən oğlu ilə birgə qətlə yetirilib. Vurğun "Vaqif" dramında məsələ qaldırıb ki, insan olan kəs Vaqif kimi nadir şəxsiyyətə əl qaldırardımı?! Sərdar bəy bilməlidir ki, Vaqif və Vurğun zəmanələrinin Nizami Gəncəvisi ola bilərdilər. Vaqifin yaradıcılığı tam tapılmamış, Səməd Vurğun isə ömrün tən yarısında dünyasını dəyişib. İddia etmirəm ki, Qacar şah Azərbaycan tarixində yeri olmayan, bu xalqa pislikdən başqa heç nə etməyən bir şəxsiyyət olub. Təbii ki, dövrünün böyük şəxsiyyətlərindən biri də məhz Qacar və Nadir şahdır. Lakin "demokrat" Cəlaloğlu anlamalıdır ki, Vurğun Qacar və yaxud da Nadir şah haqqında dram yazmayıb, şair Molla Pənah Vaqif haqqında yazıb. Və orada Vaqifin Qacar tərəfindən hansı təzyiqlərə məruz qaldığını göstərib ki, bu da tarixdə həqiqətdir.

Sərdar bəy iddia edir ki, guya şəxsi Qacar və Nadir şah kimi bu xalqın yaxşılığı üçün çalışır, amma onun dəyərini xalq vermir, tənqid edir. Adama deyərlər ki, 20 ildir siyasətdəsən, hansı xeyirli işlə məşğul olmusan. Bu xalq üçün sən nə etmisən, Sərdar Cəlaloğlu? Öz fəaliyyətinə nəzər sal, gör bu xalqa xeyrin dəyibmi? Mənasız və məzmunsuz müxalifətçilik etməkdən, mətbuata çıxıb bəsit siyasi ideyalarını sadalamaqdan, iqtidara yarınmaqdan, öz düşərgən olan müxalifəti iqtidar nümayəndələrindən də kəskin tənqid və təhqir etməkdən, ilin 12 ayında 12 dəfə mövqe dəyişməkdən başqa nə iş görmüsən axı?! Həm axı sən və sənin kimilər bu xalqın mənəvi dəyərlərini, tarixini təhqir edirsə, o xalq səni niyə qiymətləndirməlidir? Sənə kim ixtiyar verib ki, xalqın tarixində adını qoyub getmiş bir şəxsiyyəti, öz səviyyənə uyğun olan sözlə təhqir edəsən? Bəlkə demokratiya anlayışına söykənib təhqirli ifadələrdən istifadə edirsən? Yanılırsan, çox yanılırsan. Çünki demokratiya açıq sözün, fikrin ifadəsidir, təhqir deyil.

Deyirsən ki, Əbülfəz Elçibəy rəhmətə gedəndən sonra hərəyə bir miras qoyub. Bu mirasdan da sənə ağsaqqallıq qalıb. Yəni siyasətdə Elçibəy kimi ağsaqqal olub, yol göstərmək istəyirsən. Düzdü, buna yaşın çatır. Amma buna yaşla bərabər başın və düşüncələrin də çatırmı? Özün də bilirsən ki, sən Elçibəy ola bilməzsən. Birincisi ona görə ki, Elçibəy siyasətdə nəinki müxalifət qüvvələri tərəfindən, eyni zamanda cəmiyyətdə də ağsaqqal kimi qəbul edilirdi. Amma sən heç təmsil olunduğun müxalifət tərəfindən ağsaqqal kimi qəbul olunmursan. Ağsaqqal dilinə təhqir gətirmir, söyüş söymür. İkincisi, Elçibəy bir ağsaqqal olaraq tarixi şəxsiyyətləri uca tuturdu, hər zaman tariximizin bizə bəxş etdiyi dahiləri şükranla anırdı. Amma sən barmaqla göstəriləcək şairlərimizdən olan Vurğunu təhqir edirsən. Bu mövqeyinlə sən nəinki siyasətdə uğur qazana, heç siyasi ideyalarına bir neçə dəstəkçi də qazana bilməzsən.

Maraqlıdır, gündə bir qurumun, təşkilatın, şəxsiyyətin bostanına daş atan "demokrat Sərdar"ın budəfəki hədəfi niyə Vurğun olub? Artıq təmsil olunduğu müxalif düşərgədə tənqid və təhqir ediləsi şəxs qalmadı ki, keçdi ədəbiyyat aləminə?

Yenə də deyirəm ki, tarixi şəxsiyyətlərə, xüsusən də Səməd Vurğuna çox daş atan olub. Amma heç kim o daşdan xeyir görməyib. Sərdar bəy bir qədər ehtiyatlı olsan yaxşıdır. Çünki o daş qayıdıb öz başına dəyər...

Anar Bayramoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir