Modern.az

“İsa Qəmbərin namizədlik qərarı müxalifətdə yeni bir cəbhə açdı” - MÜSAHİBƏ

“İsa Qəmbərin namizədlik qərarı müxalifətdə yeni bir cəbhə açdı” - MÜSAHİBƏ

16 Aprel 2013, 13:52

2013-cü il prezident seçkisi ölkə gündəminin əsas prioritetlərindən birinə çevrilib. Bir çox partiya sədri seçkidə iştirak etmək üçün qərarını açıqlayıb. 2013-cü prezident seçkisi ilə bağlı Modern.az Azərbaycanın sabiq baş naziri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyndən müsahibə götürüb.

Hazırda Azərbaycanda prezident seçkisi ilə bağlı vəziyyət nəyi diktə edir?

– Ölkədə azad, demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün minimal şərait belə,  yoxdur. Mən bu sualın cavabında qısaca olaraq bunu deyə bilərəm.

- Müsavat Partiyasının başqanı İsa Qəmbər prezident seçkisində iştirak etmək üçün namizəd olacağını bildirib. Digər tərəfdən, həmin vaxta qədər İctimai Palatanın vahid namizəd məsələsi gündəmdə idi. Birdən-birə İsa Qəmbərin bu cür addım atması müxalifət siyasi düşərgəsində nəyi dəyişdi?

- Hazırda yalnız İsa Qəmbər yox, bir neçə şəxs prezidentliyə namizəd olacağını açıqlayıb. Demək olar ki, indiki vəziyyətdə seçkilərə boykot çağırışı yoxdur. Şübhəsiz ki, İsa Qəmbərin də bu prosesdə namizədliyini elan etməsinin rolu olub. Mənə elə gəlir ki, azad və ədalətli seçki uğrunda mübarizə hazırda Azərbaycanda demokratik proseslərin tərkib hissəsidir. Bu baxımdan İsa Qəmbərin namizəd olacağı ilə bağlı qərarı müxalifətdə yeni bir cəbhə açdı. Bu da sondakı proseslərin gedişinə təsir göstərdi.

Dəfələrlə iqtidar-müxalifət dialoqu gündəmə gəlib. Ancaq reallaşmayıb. İctimai Palatanın özünün də dialoqla bağlı hakimiyyətə təklif etdiyi “Yol Xəritəsi” planı gerçəkləşməyib. Bir neçə ay öncə isə Prezident Administrasiyasının rəsmisi Əli Həsənov müxalifətlə dialoqun olacağını bildirib. Bu, baş tutacağı təqdirdə yenidən “Yol Xəritəsi” iqtidara təqdim oluna bilərmi?

- Əli Həsənovun dialoq barədə dedikləri qeyri-ciddidir. Bunlar əslində dilaoqun olmamasına yönəlmiş məsələlərdir. Bu baxımdan iqtidar anti-demokratik kursunu pərdələmək üçün bu cür fikirlər səsləndirir. Bu istiqamətdə hər hansı bir addım atılmır. Əksinə, ölkədə repressiv mühit son illərdə pik nöqtəyə çatıb. Bu da seçki ilə əlaqədardır. Diloqla bağlı bunları deyə bilərəm. Dialoqun baş tutacağı barədə danışmaq isə qeyri-ciddilikdir.

-Bir müddət öncə “El” Hərəkatının sədri Eldar Namazov prezident seçkisində namizəd olacağını açıqlayıb. Eldar Namazovun müxalifət düşərgəsində mövqeyini necə qiymətləndirirsiz?

- Biz “El” Hərəkatı ilə seçki məsələsində əməkdaşlıq edirik. Eldar Namazov da müxalifət cəbhəsindədir. “El” də müxalifətin ciddi dəstələrindən biridir.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı