Modern.az

Prezident İlham Əliyev Mingəçevirdə açılışlar edib

Prezident İlham Əliyev Mingəçevirdə açılışlar edib

16 Aprel 2013, 15:47


Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərində səfərdə olub.
Modern.az AzərTAc-a istinadən bildirir ki, dövlət başçısı bir sıra sosial infrastruktur obyektlərinin açılışında iştirak edib.
Prezident İlham Əliyev yeni inşa olunan Heydər Əliyev Mərkəzinin açılışına qatılıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verib ki, Mərkəzin tikintisinə 2008-ci ilin avqustunda başlanıb. Sahəsi 6 min kvadratmetr olan Mərkəzdə  ən müasir standartlar tətbiq edilib.
Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

İlham Əliyev Müşfiq Mirzəyev adına “Dostluq” parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Ümumi ərazisi 6 hektar olan parkda müasir işıqlandırma sistemi və fəvvarə quraşdırılmış, geniş yaşıllıq zolaqları salınıb. 

Prezident Gənclər Evinin də açılışında iştirak edib. Gənclər və idman naziri Azad Rəhimov dövlət  başçısına məlumat verdi ki, üçmərtəbəli binanın sahəsi min kvadratmetrdir. Bu Gənclər Evi respublika üzrə ən böyük gənclər mərkəzlərindən biridir. Bu Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaq.

Sonra dövlət başçısı yenidənqurma işlərinin aparıldığı Sahil Parkına gəlib. 
Prezidentə məlumat verilib ki, parkın ümumi ərazisi üç min kvadratmetrdir. İstirahət guşəsində 20 min kvadratmetrlik ərazidə geniş yaşıllıq işləri aparılıb. Bildirilib ki, hazırda Kür çayı üzərində sərnişin daşıyan asma kanatlı liftin quraşdırılması prosesi gedir. Uzunluğu 212 metr olacaq iki liftlə gün ərzində 1000 nəfəri daşımaq mümkün olacaq. 

Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Kür çayı sahilindəki istirahət kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. 

Daha sonra İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunlarının Alayı və Su Ehtiyatları Dövlət Agentliyinin İdarəsinin tikintisi layihələrinə baxıb. 

Prezident Mingəçevir su anbarının inteqrə olunmuş təhlükəsizlik sistemi ilə də tanış olub. 
Dövlət başçısına raport verən fövqəladə hallar naziri Kamaləddin Heydərov bildirib ki, burada mövcud olan mühafizə və təhlükəsizlik sistemləri mükəmməlliyi ilə seçilir.
Mingəçevir su anbarının mühafizə sisteminin sxeminə və maketinə baxan Prezident İlham Əliyev inteqrə olunmuş təhlükəsizlik sistemi haqqında filmi və əraziyə şərti müdaxiləyə qarşı əməliyyatı izləyib.

Prezident İlham Əliyev Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şəraitlə də tanış olub.
Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səidə İbrahimovanın mənzilində olan  İlham Əliyevə məlumat verən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, burada hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev məhəllədə 480 şagird yerlik Ağdam rayon 52 nömrəli tam orta məktəbində yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, bu məhəllə qaçqın və məcburi köçkünlər üçün indiyədək salınan sayca 78-ci yaşayış məntəqəsidir.

Daha sonra Bayraq Meydanına gələn Prezident İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən bayraq dirəyinin hündürlüyü 42 metrdir. Bayrağın ətrafında Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunub. 


  Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!