Modern.az

Qalib jurnalistlərin yazıları: "Mövqe" qəzeti

Qalib jurnalistlərin yazıları: "Mövqe" qəzeti

Media

16 Mart 2010, 16:37

Martın 15-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazılarının mükafatlandırılması müsabiqəsinin nəticələrini elan edib. 49 yazıdan 15-i yüksək bal topladığına görə qalib elan edilib. Modern.az-a göndərilən oxucu şərhlərinin bir çoxunda qalib jurnalistlərin yazılarının saytımızda yerləşdirilməsi xahiş olunub. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun razılığı ilə qaliblərin yazılarını təqdim edirik. Fariz Vəliyev, “Mövqe” qəzeti İKT sektoru Azərbaycan iqtisadiyyatının prioritet sahəsidir

Ən qədim zamanlardan bəri insanların təbii ehtiyaclarından biri də biri-birilərilə ünsiyyət və əlaqə saxlamaq olub. Tarixin ayrı-ayrı dövrlərində insanlar əlaqə yaratmaq məqsədilə müxtəlif vasitələrdən istifadə ediblər. Qədim zamanlarda hansısa xəbəri yüksək bir yerdə tonqal yandırmaqla çatdırıblar.

Tarixin sonrakı dövrlərində isə yazılı məlumatların göndərilməsində çaparlardan və öyrədilmiş göyərçinlərdən istifadə edilib. Uzun müddət bu metoddan istifadə etdikdən sonra təxminən XIX əsrin əvvəllərində xəbərin ötürülməsində ilk texnoloji vasitə olan teleqraf rabitəsi yaranıb. Bu gün öz inkişafı ilə bir çox dünya dövlətlərini qabaqlayan Azərbaycan milli rabitəsinin yaranması isə XIX əsrin sonlarına təsadüf edir.

İKT-nin inkişafına dair dövlət siyasəti

Bir dövlət olaraq hələ Şah İsmayıl Xətaidən tutmuş indiyədək milli rabitəmiz böyük inkişaf yolu keçib. Bu inkişafın ən sürətli mərhələlərindən biri 1969-cu ildən başlayan ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərinə düşür. O, keçən əsrin 70-ci illərində bu sahəyə böyük diqqət yetirib və bugünkü İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) sektorunun bünövrəsini qoyub. Qeyd etmək lazımdır ki, kütləvi ünsiyyət vasitələrindən biri olan və gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən İnternetin yaranması  da bu illərə təsadüf edir. İnternet 1969-cu ildə ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən hərbi məqsədlər üçün yaradılmış şəbəkə olub. Ölkəmizdə isə İnternetin inkişafı keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayıb. Ötən müddət ərzində qlobal şəbəkə öz ətrafına milyonlarla Azərbaycan vətəndaşını toplayıb.

Xatırladaq ki,  2009-cu ildə ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 25% artıb, internet xidmətlərinin qiymətləri isə təxminən 5 dəfə aşağı düşüb. Azərbaycanın internet xidmətlərinin regionda ixrac potensialı gücləndirilib və ötən il artıq qonşu ölkə olan İran da Azərbaycanın internet xidmətlərini ixrac etdiyi ölkələr sırasına daxil olub.

Beynəlxalq Telekommunikasiya İttifaqının standartı ilə ölçsək (bu ölçüyə həm mobil telefondan, həm də kompüterlərdən internetə çıxan istifadəçilər daxildir), bu gün əhalinin 40%-dən çoxu internet istifadəçisidir. Bu göstərici ümumdünya orta göstəricidən təxminən 2 dəfə yüksəkdir.

Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı Heydər Əliyevin 2-ci dəfə respublikaya rəhbərliyi dövründə vüsət alıb. Qeyd olunanların məntiqi nəticəsidir ki, bu gün regionun ən dinamik inkişaf edən ölkəsi kimi Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün böyük imkanlara malikdir.

Məhz ümummilli liderin İKT-nin inkişafına göstərdiyi diqqətin sayəsində 1994-cü ildə "Baksell" və 1996-cı ildə "Azərsell" birgə müəssisələri yaradıldı və Azərbaycanda mobil rabitənin inkişafının əsası qoyuldu. Bu gün ölkədə hər yüz nəfərə düşən mobil telefonların sayı isə 85-dən yuxarıdır. Bu isə ümumdünya orta göstəricidən 25% yüksəkdir.

1995-ci il dekabrın 9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası Telefon Stansiyasının açılışı oldu. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər quruldu.

Azərbaycanda radio-televiziya yayımının dünya standartları səviyyəsinə yüksəlməsi və bu sahədəki uğurlar da məhz ümummilli lider Heydər Əliyevin xidmətləridir. Onun 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd oldu. Cənubi Qafqazda ilk olaraq qəbul edilmiş bu sənəd Azərbaycanın İKT sahəsinə diqqətini cəmiyyətimizə və bütün dünyaya nümayiş etdirdi.

Dövlət Proqramının uğurlu davamı və praktiki nəticələri

2003-cü il oktyabrın 15-də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlandı. İqtisadiyyatımızın davamlı və dayanıqlı inkişafı, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, yeni iş yerlərinin açılması, əmək haqlarının və pensiyaların bir neçə dəfə artırılması, ünvanlı sosial yardımların tətbiqi, yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yeni müasir tipli məktəblərin tikilməsi, beynəlxalq qurumlarla sıx əməkdaşlıq münasibətlərinin qurulması və digər bu kimi nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uğurlu islahatlardandır.

Bu islahatlar sırasında və sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaradılması bu sahənin gələcək inkişafı, hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından diqqətəlayiq oldu. Qısa müddət ərzində bu istiqamətdə bir çox işlər görüldü və mühüm addımlar atıldı.

Ölkə başçısı Milli Strategiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nı (Elektron Azərbaycan)" təsdiq etdi.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sahə üzrə məsul dövlət qurumu və Dövlət Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tənzimləmə funksiyasının təkmilləşdirilməsi, İKT bazarının tənzimlənməsi və liberallaşdırılması, eləcə də sahənin istehsal potensialının artırılması istiqamətlərində çoxşaxəli fəaliyyəti təşkil etdi.

İKT sektorunun gələcəyi üçün insan resurslarının inkişafı da zəruri şərt kimi qiymətləndirilir. Hazırda İKT üzrə ixtisaslı kadr hazırlığı məqsədilə dünyanın bir neçə tanınmış informasiya texnologiyaları universiteti ilə əlaqələr qurulub.

Dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsində genişmiqyaslı beynəlxalq münasibətlər qurulub, ölkəmizin yüksək texnologiyalar sektorunun imkanları və perspektivləri nəinki regionda, həmçinin dünyanın aparıcı ölkələrində və beynəlxalq təşkilatlarda geniş təbliğ edilir.

Kutləvi informasiya-kommunikasiya vasitələri sahəsində tanınmış Amerika ekspertlərindən biri olan Taqer yazır: "İndi biz elə bir dövrdə yaşayırıq ki, dünyanın bütün nöqtələri kosmik peyklər vasitəsilə bir-birinə bağlanmışdır. Hazırda hər hansı ölkədə baş vermiş istənilən hadisədən dəqiqələrlə ölçülən bir zaman müddətində bütün dünya xəbər tuta bilir".

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 17 avqust 2009-cu il tarixli sərəncamına uyğun olaraq "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" da təsdiq edilib.

Proqramda 2009-2010-cu illərdə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi, istismarı üzrə müvafiq qurumun yaradılması və fəaliyyətinin təmin edilməsi, peyk şəbəkə və sistemləri, onların idarə edilməsi və istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi və tədbirlərin görülməsi, peyk xidmətlərinin göstərilməsi üçün imkanların artırılması planının hazırlanması nəzərdə tutulur. 2012-ci ildə Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək iki telekommunikasiya peyki buraxmaq planlaşdırılır. Beynəlxalq peyk bazarına daxil olmaqla Azərbaycan televiziya və radio yayımı, internet, məlumat ötürülməsi, beynəlxalq telefon trafik mübadiləsi və bir çox qabaqcıl peyk tətbiqləri üçün xidmətləri təmin edəcək. Cəmiyyətin böyük ehtiyac duyduğu milli süni peyk layihəsi ölkəmizin telekommunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, region ölkələrinə xidmətlər göstərməyə imkan verərək, ölkəmizdə kosmik sənayenin inkişafı üçün əlverişli şərait yaradacaq.

Azərbaycan milli iqtisadiyyatının ən inkişaf edən ikinci sahəsi

2009-cu il 5-9 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində təşkil olunan "İTU Telecom World 2009" sərgi və forumunda Azərbaycan pavilyonu ilə tanış olan BMT-nin baş katibi Pan Gi Mun Azərbaycanın təşəbbüsü ilə reallaşması nəzərdə tutulan "Trans Avrasiya Super İnformasiya Magistralı" (TASİM) təşəbbüsünü cazibədar və böyük region üçün vacib layihə kimi qiymətləndirib. Təşəbbüsün BMT-nin Baş Assambleyasının İqtisadi və Maliyyə Komitəsinin iclasında yekdilliklə qəbul edilməsi də bu qiymətin əyani təzahürüdür.

2009-cu ildə ölkəmizdə İKT-nin inkişaf tempi dünya üzrə göstəricilərdən yüksək olub. Dünya İqtisadi Forumu tərəfindən 2008-2009-cu illər üçün hazırlanmış "Qlobal İnformasiya Texnologiyaları üzrə Hesabat"a əsasən,  Azərbaycan 134 ölkə arasında 60-cı yeri tutmuş  və MDB ölkələri arasında öz aparıcı mövqeyi ilə bir çox dövlətləri geridə qoyub. Birləşmiş Millətlər Təşkilatının tərtib etdiyi 2008-ci il e-Hökümət təhlilində isə  Azərbaycanı Cənubi Qafqaz ölkələri arasında birinci, sorğu aparılmış 182 ölkə arasında isə  89-cu yerdə qeydə alıb.  İKT sektoru hazırda Azərbaycan milli iqtisadiyyatında inkişaf sürətinə görə energetika sektorundan sonra ikinci yeri tutur. Sözügedən sahənin inkişafı təhsil sisteminə də müsbət təsir göstərir. Belə ki, ölkəmizdə internet şəbəkəsinin genişləndirilməsi çərçivəsində bir çox məktəblərin şəbəkəyə qoşulması təmin edilib.

İKT sahəsinin inkişafının daha bir göstəricisi ölkəmizdə 2009-cu ilin dekabrından etibarən mobil rabitə sahəsində geniş imkanlar yaradan 3G xidmətlərinin tətbiqinə başlanılmasıdır. Qeyd edək ki, bu xidmət vasitəsilə videogörüntülü mobil əlaqə yaratmaq mümkündür. Bu isə Azərbaycanda tele- kommunikasiya sahəsinin keyfiyyətcə yeni bir mərhələyə daxil ol- masının göstəricisidir.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında  bildirdiyi kimi, Azərbaycanda İKT-nin inkişafı üçün çox gözəl imkanlar var: "Xüsusilə dünyada sürətlə inkişaf edən informasiya texnologiyaları sahəsində biz hər zaman bir addım öndə olmalıyıq, rəqibləri də, zamanı da qabaqlamalıyıq".

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir