Modern.az

Dövlət yetimlərin üzünü güldürür - ARAŞDIRMA

Dövlət yetimlərin üzünü güldürür - ARAŞDIRMA

17 Aprel 2013, 12:50


Hər il dövlət uşaq müəssisələrində və internat məktəblərində yüzlərlə uşaq məzun olur. Onların bir hissəsi ali məktəblərə daxil olur, bir hissəsi isə peşə məktəblərinə üz tuturlar. Digər qisim isə iş yerləri axtarır və ya növbəti küçə həyatı yaşayanların sıralarına daxil olurlar. Onların uşaq evindən sonrakı taleyi həmişə cəmiyyətin, mətbuatın həssaslıqla yanaşdığı mövzulardan biridir. Və mətbuat çalışır ki, bu uşaqların qayğıları olan ən vacib problemləri daima gündəmdə saxlasın. Modern.az bunu nəzərə alıb yenidən dövlət uşaq müəssislərində və internat məktəblərində təhsil alıb orta məktəbləri bitirən uşaqların gələcək taleyində mühüm məsələlər barədə yeniliklərlə maraqlanıb.

İlk öncə Təhsil Nazirliyinin verdiyi məlumata nəzər salaq. Ölkə üzrə dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalıb, 2011-ci ildəki 9776 nəfərdən 2012-ci ildə 8336 nəfərə enib. 2011-2012-ci tədris ilində Azərbaycanda fəaliyyət göstərən internat məktəblərində və uşaq evlərindən 715 nəfər məzun olub. Onlardan 489 nəfər 9-cu sinif üzrə, 226 nəfər isə 11-ci sinif üzrə məzundur. 715 nəfər məzun içərisindən 213 nəfəri qız, 502 nəfəri isə oğlandır.

9-cu sinfi bitirən məzunlardan 101 nəfəri peşə liseyinə, 1 nəfər C. Naxçıvanski adına hərbi məktəbə, 12 nəfər orta ixtisas təhsil müəssisələrinə daxil olub, 2 nəfəri hərbi xidmətə çağırılıb, 14 nəfər iş yeri ilə təmin edilib, 359 nəfər isə təhsilini ümumtəhsil məktəblərinin 10-cu sinfində davam etdirib.

11-ci sinif məzunlarından 51 nəfər respublikanın müxtəlif  ali təhsil müəssisələrinə, 10 nəfər orta ixtisas təhsili müəssisələrində təhsillərini davam etdirir, 9 nəfər məzun iş yeri ilə təmin olunub, 20 nəfər məzun hərbi xidmətə çağırılıb. 1 nəfər kimsəsiz qız ailə həyatı qurub, 131 nəfər təhsillərini başa vurub öz valideyninin və ya yaxın qohumunun himayəsində, 4 nəfər tam kimsəsiz məzun isə təlim-tərbiyə aldıqları müəssisələrin himayəsində yaşayır.

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı sahəsində 2012-ci ildə görülmüş işlər barədə hesabatda o da qeyd edilir ki, uşaq evlərindən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərindən ayrılmış gənclərin münasib işlə və yaşayış sahəsi ilə təmin edilməsi ilə bağlı Təhsil Nazirliyi Prezidenti Administrasiyasına və Nazirlər Kabinetinə müvafiq təkliflər göndərilib. Təhsil Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar üçün birotaqlı 120 mənzillik binanın inşa edilməsi ilə bağlı müvafiq tədbirlər görülür.

Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil aldıqları zaman təhsil haqqından azad olunması ilə bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna əlavələrin edilməsi barədə Təhsil Nazirliyi eyni rəsmi ünvanlara müraciət edib. Qeyd olunan məsələyə hazırda Milli Məclisində baxılır.

Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadi Rəcəblinin sözlərinə görə, uşaq evlərində bu günləri yaşayanların böyük bir qisminin bioloji valideynləri var. “Sadəcə, “yetimxanalar”da vəziyyət yaxşı olduğuna görə gətirib onları uşaq evlərinə veriblər. Bu gün elə uşaqlarda var ki, valideynlərinin biri yoxdur, uşaq evinə də verilməyib. Yeni qanunumuzla həmən o uşaqlara da ehtiva etmişik ki, təhsil haqqından azad olacaqlar. Əvvəl uşaq evində olanları təhsil haqqına görə nəzərdə tutulurdusa, indi valideynini itirmiş uşaq da təhsil haqqından azad olacaq. Aprelin 19- da həmin qanunu təqdim edəcəyik. İkincisi əsas məsələ uşaqların mənzillə təmin olunmasıdır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə ARDNŞ 20 yataqxana tipli 20 yerlik belə yaşayış yeri tikib. İndi bu hüquqi baza üzərində işləyirik ki, bu uşaqlara ailə tipli yataqxanalar tikilsin. Rayonlarda da tikmək istəyirik. Şəxsən mən təşəbbüs göstərdim ki, Lənkəranda tikək, amma orada olan uşaqların 14 yaşı var. 18 yaşında uşaq olanda tikmək olar. 23 yaşına qədər təhsil alan uşaqların ixtiyarı var ki, həmin uşaq evlərində qalsın. Sovet dövründə peşə məktəbləri var idi, bu uşaqların hamısı peşə məktəbinə gedirdi. Peşə məktəblərinin yataqxanalarında qalırdı. Bitirəndən sonra istehsalata gedirdi. Onların da yataqxanası var idi. İndi təsəvvür edin ki, çindən gəlib burada fəhlə işləyir, onu yataqxana ilə təmin edirlər. Amma bizim uşaqlar bəzən görürsən ,peşə və ya sənət seçmədiklərinə görə bu imtiyazdan məhrum olurlar. Hər 50 iş yerindən biri Əmək Məcəlləsinə əsasən, bu uşaqlar üçün nəzərdə tutulub. Əmək Müfəttişliyi nəzarət etməlidir ki, bu yerlər dolsun. Əgər dolmursa, həmin müəssisə rəhbəri cərimələnməlidir”.

Şahanə Rəhimli  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir