Modern.az

“Həmid Herisçi plagiat iddiasında haqlıdır”

 “Həmid Herisçi plagiat iddiasında haqlıdır”

17 Aprel 2013, 13:31

“Həmid Herisçinin Mirzə Cəlil əleyhinə açıqlaması və “Ölülər” əsərini plagiat adlandırması ilə qətiyyən razılaşmaq olmazdı. Ən azı ona görə ki, “Müqəddəs İorgenin zühuru” adlı əsər Moris Meterlinkə məxsus deyil”.

Bunu Modern.az-a yazıçı-tərcüməçi Əziz Rzazadə bildirib. O bildirib ki, belçikalı yazıçı, Nobel mükafatçısı Moris Meterlinkin Bibliya mövzularında magik məzmunlu əsərləri mövcud olsa da, “Müqəddəs İorgenin zühuru” adlı pyesi sadəcə yoxdur. Oxşar əsər danimarkalı Harald Berqstedin qələmindən çıxıb. “Müqəddəslər fabriki” adlı bu kəskin satiralı roman 1919-cu ildə yazılıb, 1924-cü ildə isə “Müqəddəs Yorgen bayramı” adıyla SSRİ-də nəşr edilib. Kilsənin tənqidinə yönələn roman əsasında eyniadlı səssiz film də çəkilib. Yakov Protozanovun 1930-cu ildə lentə aldığı filmə beş il sonra səsli versiyaya çevrilib.

Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri isə 1909-cu ildə qələmə alınıb və 1916-cı ildə Bakıda səhnə quruluşu alıb.

“Harald Berqsted Danimarkada həm də onunla məşhurdur ki, işğal dövründə faşistlərlə əməkdaşlıq edib və buna görə hətta 2 il azadlıqdan məhrum olunub. Onun “Müqəddəslər fabriki” əsərinin süjeti həqiqətən “Ölülər”ə çox bənzəyir, oxşar məqamlar yetərincə çoxdur. Amma il fərqlərini nəzərə aldıqda, məntiqlə Mirzə Cəlil yox, əksinə, Harald Berqsred plagiata yol verib”.

Ə. Rzazadə Həmid Herisçinin əvvəlki iddiasına verdiyi düzəlişə də rəyini verib. “Moris Meterlinkin “Müqəddəs Antoninin möcüzəsi” pyesinə gəlincə, bəli, Nobel mükafatçısının belə bir əsəri var. 1903-cü ildə qələmə alınmış iki hissəli bu dram əsərini də “Ölülər”lə “bağlayan cəhətlər” çoxdur. Çar Rusiyasında da “Müqəddəs Antoninin möcüzəsi” ilk dəfə 1906-cı ildə tamaşaya qoyulub. Yəni “Ölülər”in yazıldığı tarixi dövrdən üç il əvvəl. Meyerxoldun bu əsəri Tiflisdə qastrol zamanı nümayiş etdirib-etdirməməsi haqda heç bir fakta malik deyiləm. O dövrün qəzetlərində yəqin ki, bu haqda məlumatlar olmamış deyil, ya da heç yoxdur. Qoy bunu Mirzə Cəlilin müdafiəçiləri araşdırsın”.

Yazıçı-tərcüməçi mövzuya bir zəruri əlavəni də qeyd etdi: “Mirzə Cəlilin “Ölülər”də qələmə aldığı hadisə əslində, öz qeydinə görə, Qarabağda baş verib. Əsərdə təsvir olunan Şeyx Nəsrullah və Şeyx Əhmədin prototipləri də o uzaq zamanlarda bəhailiyin bir qolu olan şeyxiyyə təriqətinin üzvləridir. İslamdan qoparaq XX əsrdə yeni bir dinə çevrilən bəhai cəfəngiyyatını İslama qarşı ateist alətə çevirmiş əksər Mirzə Cəlil tərəfdarları yazıçını bütləşdirməklə məşğuldur. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında, sözsüz ki, abidə şəxslərdən biridir. Amma onun bəzən ifratlı tənqidi realizmi bu günün ədəbi meyarları ilə yalnız yırtıq qaloşu xatırladır”.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı