Modern.az

TQDK orta məktəblərdə monitorinq imtahanların tarixini açıqladı

TQDK orta məktəblərdə monitorinq imtahanların tarixini açıqladı

Aktual

17 Aprel 2013, 14:15


Orta məktəblərin V və XI siniflərində aparılacaq monitorinq imtahanları ölkənin 29 bölgəsini əhatə etməklə ümumilikdə 722 orta ümumtəhsil müəssisəsində keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ilk monitorinq imtahanı Bakı, Abşeron və Sumqayıtda imtahan fənləri üzrə ayrı-ayrı günlərdə olmaqla aprelin 23-ü, 24-ü və 25-də keçiriləcək. Digər bölgələrdə keçiriləcək imtahanların tarixləri barədə yaxın vaxtlarda məlumat veriləcək.  

V sinif şagirdləri üçün imtahan ana dili və riyaziyyat fənni üzrə keçiriləcək. Ana dili imtahanında şagirdlərin bacarığı həm açıq tipli test tapşırıqları ilə, həm də yazı işi ilə yoxlanacaq. Belə ki, 1 saat 30 dəqiqə ərzində şagirdlər 20 açıq tipli test tapşırığı ilə yanaşı təqdim olunacaq mövzu üzrə yazı işləri də yerinə yetirəcəklər.  

Riyaziyyat fənni üzrə isə şagirdlərə 18 açıq tipli test tapşırığı təqdim olunacaq. Bu imtahanın da müddəti 1 saat 30 dəqiqədir. 

XI sinif şagirdləri isə Azərbaycan dilindən, riyaziyyat və fizika fənlərindən imtahan verəcəklər. Azərbaycan dili üzrə sualları cavablandırmaq üçün onlara 45 dəqiqə, fizika və riyaziyyat fənləri üzrə ayrılıqda 60 dəqiqə vaxt veriləcək. Bu imtahanda suallar ənənəvi – çoxseçimli test tapşırığı formasında təqdim olunacaq. Bu fənlərin hər birindən şagirdlərə imtahan zamanı 30 sual təqdim ediləcək.  

Orta ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil edilir və valideynlərdən hər hansı ödəniş tələb olunmur.    

 

Şahanə Rəhimli  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı