Modern.az

Alman tələbələr BAMF-da təcrübə keçəcək

Alman tələbələr BAMF-da təcrübə  keçəcək

16 Mart 2010, 19:09

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Almaniyanın Eberhard Karls adına Tübingen  Universitetinin Asiya və Şərq Elmlərinin Öyrənilməsi İnstitutunun sosial və mədəni antropologiya fakültəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə açıqlama verən BAMF-ın sədri Umud Rəhimoğlu bildirib ki, bir müddət əvvəl aparılan danışıqlar bu memorandumun imzalanması ilə nəticələnib. U.Rəhimoğlu tərəflərin bu memorandumla öz üzərlərinə bir çox öhdəliklər götürdüyün deyib: “Beynəlxalq Avrasiya Mətbuat Fondu və Almaniyanın Eberhard Karls adına Tübingen Universitetinin Asiya və Şərq Elmlərinin Öyrənilməsi İnstitutunun sosial və mədəni antropologiya fakültəsinin rəhbərliyi təhsil sahəsində mübadilənin faydalı olmasını tanıyır və təcrübə keçmək sahəsində əməkdaşlığın hər iki tərəf üçün maraqlı olması faktı ilə razıdırlar. Hər iki tərəf birgə fəaliyyət sahələrinin xüsusiyyətlərini özündə əks etdirən bu Anlaşma Memorandumuna daxil olur”.

 

Üç il müddətinə imzalanmış memoranduma əsasən, sosial və mədəni antropologiya fakültəsi BAMF-da iş təcrübəsi keçməkdə maraqlı olan tələbələri müəyyənləşdirib onların səfərlərini təşkil edəcək. BAMF isə müntəzəm olaraq gələn tələbələri təcrübə keçmək üçün qəbul etməyi öz öhdəsinə götürüb.

 

Memorandum imzalanandan sonra fakültənin rəhbəri Prof. Dr. Ronald Hardenberqdən U. Rəhimoğluna təşəkkür məktubu da gəlib.

 

Xatırladaq ki, tələbə-gənclərin, xüsusilə əcnəbi tələbələrin BAMF-da təcrübə kecmələri və müxtəlif layihələrdə könüllü  kimi çalışmaları uzun illərdən bəridir ki, ənənə şəklini alıb. İndiyədək Amerikadan, İspaniyadan, Fransadan, Almaniyadan, Pakistandan, Çindən, Rusiyadan, İraqdan və dügər ölkələrdən onlarla gənc bu təşkilatda təcrübədə olub, müxtəlif bacarıq və vərdişlərə yiyələniblər. 2003-cü ildən isə BAMF  Bakı Slavyan Universitetinin tələbələri üçün istehsalat təcrübəsi bazası rolunu oynayır. 2007-ci ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) yaradılmasına da BAMF yaxından dəstək verib. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir