Modern.az

Birinci ledilər sırasında Azərbaycan örnəyi

Birinci ledilər sırasında Azərbaycan örnəyi

Aktual

18 Aprel 2013, 10:47

Dünya “Dəmir ledi” ləqəbli Marqaret Tetçerdən danışır. Hətta ölümü ilə də özünü bir daha böyük gündəmə gətirən bu qadın öz ölkəsinin ən ağır dönəmində hakimiyyət sükanını ələ alaraq Dumanlı Albionu anarxiya, iqtisadi böhran, sosial rifahın enməsi kimi “mərcan qayaları” ilə toqquşmadan xilas etdi. Amma onun yetərindən artıq sərt idarəçilik üsulları indinin özündə də birmənalı qarşılanmır və ciddi müzakirə mövzusudur.

Azərbaycan tarixində diplomat-qadın, siyasətçi-qadın nümunələri sarıdan kasad deyil. Amma Qərb nümunələri ilə müqayisədə onlar humanizmin üstünlüyü - fərqlilik nümayiş etdiriblər və bu ənənə halını alıb. Bu, çağımızın siyasi meyarları ilə tam üst-üstə düşür. İndi dövlət xadimindən qərarlılıq, qətiyyətlə yanaşı, siyasi obrazla həmahənglik təşkil edən zəriflik, mərhəmət cizgilərinin varlığı tələb olunur. Dövrümüzün siyasətçi nümunəsi cəmiyyətə açıq, ünsiyyətcil, kütlə ilə birbaşa təmasdan yayınmaz səciyyələrdən cilalanır.

Ümumiyyətlə, Şərq qadını bütün dövrlərdə cəsarəti, ağlı, mədəniyyəti və məqsədyönlülüyü ilə seçilib. Bu gün Azərbaycan qadının nəcibliyini, mübarizliyini və dünya görüşünü Azərbaycanın birinci xanımı Mehriban Əliyeva özündə bir sıra bəşəri rəmzləri təcəssüm etdirir: elmə, təhsilə, mədəniyyətə diqqət və qayğı, üstəlik, praqmatiklik və siyasi çeviklik, qarşıya qoyulan məqsədlərin həyata keçirilmə və nəzərə alınma zərurətini diplomatik etiketlər çərçivəsində diktə etmək məharəti, xüsusilə də protokol qaydalarında bərabərhüquqlu tərəfdaş qismində etiraf etdirmə...

Bu cizgilər Mehriban xanım Əliyevanın şəxsiyyətinin səciyyələndirməklə bərabər, onu Azərbaycan ictimai-siyasi həyatında birinci ledi kimi rəsmiləşdirir. Əsası isə odur ki, bu sadalanan xüsusiyyətlərlə Azərbaycanın qadın obrazını dünya çapında tanıtdırır və qəbul etdirir.

Çağdaş zamanımızda dünya çapında tanınan xeyil sayda birinci ledilər var. Hələ nəzərə alsaq ki, Azərbaycan hegemon ölkələrlə müqayisədə dünya xəristəsində o qədər də görünmür, o zaman birinci xanlm kimi Mehriban Əliyevanın birinci ledilər sırasında əldə etdiyi böyük nəticəyə böyük zəhmət müqabilində qazanılan uğur kimi dəyər vermək lazımdır.

Bu, həm də Azərbaycan qadınının yalnız Şərq təfəkkürü, dünyagörüşü ilə kifayətlənmədiyini, dünyanın qabaqcıl, mütərəqqi düşüncə tərzini özündə cəmləşdırmək bacarığıdır. Örnək bir nümunə... 

Bəli, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı – bütün bu statuslar onu örnək qadın rəmzinə çevirir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun xətti ilə ölkənin ən ucqar nöqtəsində belə, inşa və bərpa edilən məktəb binaları, səhiyyə və tibb məntəqələri, mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı bir sıra işlər təkcə xalqın maddi-mənəvi həyatının yaxşılaşdırılmasına deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına xidmət edir. Azərbaycan qadının gücünü, bacarığını göstərir.

Vaxtilə qədim yunan filosofu Ezop yazırdı ki, əsl insan üçün ən dəyərli xəzinə çalışmaq və başqalarına yaxşılıq etmək bacarığıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da vaxtını, enerjisini insanların rifahının yaxşılaşmasına sərf etməklə bu ali niyyətə sədaqətini təsdiqləyir. Ən təqdirəlayiq cəhət bundadır ki, onun həyata keçirdiyi bu böyük layihələr təmənnasızlıq prinsipinə söykənir. 

“Ömrüm boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu, kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur”.

Mehriban xanım Əliyeva fenomeni təkcə Azərbaycanda deyil, qloballaşan, “dəmir pərdələri” dağılmış dünyada da diqqəti cəlb edir. “The Washington Times” qəzetində dərc edilmiş məqalənin adına diqqət yetirək: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”. Bu müasir Şərq qadını obrazında bir sıra keyfiyyətlər toplaşıb: xeyriyyəçi qadın, humanist qadın, siyasətçi qadın, diplomat qadın, ən başlıcası LİDER QADIN...

Bu sıranı hələ çox davam etdirmək olar. Amma Mehriban Əliyevanın özü haqda dediyi ilə kifayətlənmək yetərlidir: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyadakı yerin də yeganə və bənzərsizdir”.

Pərvin Arzuqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır