Modern.az

Köşə yazarları mövzuları necə seçirlər?

Köşə yazarları mövzuları necə seçirlər?

Media

17 Mart 2010, 12:55

Azərbaycan mətbuatında çox köşə yazarı var. Amma onların heç də hamısının geniş oxucu auditoriyası yoxdur. Mediada uzun illər çalışan, hadisələri, tendensiyaları dəqiq qiymətləndirə bilən yazarların isə yazıları daim maraqla izlənilir.

Tanınmış köşə yazarları mövzuları necə seçirlər? Onların özləri kimim köşələrini oxuyurlar? Modern.az bu sualla bir neçə tanınmış yazara müraciət edib.

 

 

Müxtəlif media orqanlarında çıxış edən Qan Turalı üçün mövzu tapmaq çətin deyil: “Qəzetlərdən ya da gördüyüm hadisələrdən yazıram. Mövzu tapmaq mənim üçün elə bir problem deyil. Bununla belə həmişə mövzu ilə fərqlənmək istəmişəm. Məncə köşə yazarı üçün mövzu seçimi uğurun yarısı, bəzən isə hamısıdır.

Bir şey də var ki, hamının bildiyi məsələ haqqında yazmağın heç bir adı yoxdur. Bu həm seçilən mövzuya aiddir, həm də mövzuya münasibətə. Bir də görürsən ki, beş köşə yazarı eyni mövzuya eyni cür münasibət bildirib.

Bəzən türk mətbuatında görürəm ki, Ərdoğanın bir açıqlamasına eyni qəzetin 9-10 köşəsindən cavab veriblər. Bu normal haldı. Köşə yazarı gündəmi tutmalı, ondan yazmalıdır. Amma düzünü deyim ki, mən gündəmi tutmuram. Özümü də köşə yazarı saymıram. Başqa cür desəm köşə yazarı deyiləm, amma köşə də yazıram. Elə düşünürəm ki, mənimlə birlikdə Seymur Baycan da köşə yazarı deyil”. Qan Turalının fikrincə, Azərbaycanda köşə yazarlarının ən uğurlu nümayəndələri Zamin Hacı və Şahvələd Çobanoğludur. Bəs onun özü kimin köşələrini oxuyur: - “Azadlıq” qəzetində hamını, “Müsavat”da isə Zamin Hacını oxuyuram. Bundan başqa, türk mediasından da müntəzəm oxuduğum 10-a yaxın köşə yazarı var. Amma məncə köşə oxumaqla köşə yazmaq olmaz. Köşə üçün kitab oxumaq lazımdır.

Əsasən “Reytinq” qəzetində köşə yazıları ilə çıxış edən Seymur Verdizadə mövzu qıtlığı ilə üzləşmədiyini deyir: “Köşə yazmağa başlamazdan əvvəl tələbə vaxtı Türkiyə mətbuatını yaxından izləmək imkanım olub. 5 il Türkiyənin aparıcı köşə yazarlarının yazılarını izləmişəm. Onların mövzu seçimi və problemlərə yanaşma tərzini nəzərdən keçirmişəm. Buna görə də mən köşə yazmağa başlayanda mövzu seçimində və digər məsələlərdə problemlərlə üzləşməmişəm. Hazırda həftədə bir köşə yazıram.Yəni həftə içi qarşıma 3-4 mövzu çıxır mən onlardan birini seçib yazıram. Ancaq vaxtilə həftənin bütün günləri yazırdım”. S.Verdizadənin fikrincə, köşə yazarları qəzetlərin onlara verdiyi azadlıq çərçivəsində gündəmi əhatə edə bilirlər: “Yəni köşə yazarları bu çərçivədən kənara çıxmırlar. Mənim gündə ən azı 10-12 qəzeti izləmək imkanım var. Oxuduğum yazarlar çoxdur. Daha çox Etibar Cəbrayıloğlu, Samir Sarını və “Reytinq” qəzetində çıxan bütün köşələri oxuyuram. Bəzən bir gündə 20-dən artıq köşə oxuyuram. O demək deyil ki, onların hamısını bəyənirəm. Aralarında 3-4 yaxşı yazı olur”.

 

“Yeni Müsavat” qəzetinin köşə yazarı Xalid Kazımlı həm öz adı, həm də Samir Sarı imzası ilə köşə yazır. Həmkarımız deyir ki, o mövzunu deyil, mövzu onu tapır: “Ölkədə və regionda önəmli hadisələr baş verir. Onların birini seçib yazmaq lazım gəlir. Bəzən hətta heç kimin diqqət yetirmədiyi hadisə baş verir. Amma o hadisənin içində elə enerji olur ki, onu götürüb o barədə xatirələri və bilgiləri birləşdirib çox gözəl yazı yazmaq olur. Biri var hamının diqqət yetirdiyi, məsələn, 11 sentyabr hadisəsi, biri də var 3 yaşlı körpənin Masallıdakı kəndin ortasından tapılması”. X.Kazımlı köşə yazarlarının əsasən gündəmdə baş verənlərlə bağlı yazdığını deyir: “Ancaq bəzən gündəmdə olmayan hadisələrdən də yazmaq lazım gəlir. Halbuki, buna çox adam fikir vermir. Son yazılarımdan birini intihar edən gənclərə həsr etmişdim. Yazı çapa gedən zaman xəbər çıxdı ki, daha bir gənc intihar edib. Yəni bu problem məni narahat etdiyi üçün onun haqqında yazmışdım”. O, daha çox “Yeni Müsavat” da çıxan köşələri oxuyur: “Bundan başqa, Hikmət Sabiroğlu, Azər Qaraçənli və Rövşən Hacıbəylinin yazılarını oxuyuram”.

Digər tanınmış köşə yazarı Zamin Hacının da mövzu tapmaq sarıdan problemi olmur: “Müxtəlif mənbələrdən mövzular alıram. Kimsə məktub yazaraq, yaxud zəng edərək deyir. Həmçinin internetdən oxuduğum kitablardan və həyatda rastlaşdığım məsələlərlə bağlı yazıram”. Onun fikrincə, köşə yazarları mümkün qədər gündəmi əhatə edə bilirlər: “İndi ən çox oxunan köşə yazılarıdır. Bu da onun əlamətidir ki, yazarlar gündəmi əhatə edə bilirlər. Hər gün demək olar ki, rastıma çıxan maraqlı yazıları oxuyuram. Daha çox isə Murad Köhnəqala, Samir Sarı, Elnur Astanbəyli, Natiq Güləhmədoğlu və  Şahvələd Çobanoğlunun yazılarını izləyirəm”.

Media Forum” saytının redaktoru və köşə yazarı Hikmət Sabiroğlu əvvəlki vaxtlardan fərqli olaraq indi nadir hallarda köşə yazdığını deyir: “Mən adətən yazmaya bilməyəndə yazıram. Vaxtilə qəzetdə işləyəndə mənim öhdəliyim var idi. Hər həftə köşə yazmalı idim. Ona görə mövzu olmayanda da məcbur olub nəsə yazırdım. Ancaq indi işim çox olur, saytda materialların yerləşdirilməsi və redaktə edilməsi ilə məşğul oluram. Bu səbəbə görə də gec-gec yazıram. Bəzən heç mövzu fikirləşməyə də vaxtım olmur”. H.Sabiroğlu köşə yazarlarının gündəmin nəbzini çox yaxşı tutduğunu deyirlər: “Zamin Hacı, Şahvələd Çobanoğlu və Xalid Kazımlı gündəmin aktual məsələləri ilə bağlı köşələr yazırlar. Demək olar ki, köşə yazılarının böyük əksəriyyətinə diqqət yetirirəm. Daha çox adlarını sadaladıqlarımın, Zabil Müqabiloğlunun və başqalarının yazılarını oxuyuram”.

Günay MUSAYEVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi