Modern.az

Süleyman Ünal: “Türkiyədən bura gəlib hiyləgərlik edənlər də var” – MÜSAHİBƏ

Süleyman Ünal: “Türkiyədən bura gəlib hiyləgərlik edənlər də var” – MÜSAHİBƏ

20 Aprel 2013, 10:54

“Zaman Azərbaycan”ın baş redaktoru: “Atası qəzetçi olanlar qəzetçi olmaq istəməz”


“Pəncərə” layihəsinin  növbəti qonağı “Zaman Azərbaycan” qəzetinin baş redaktoru Süleyman Ünaldır.

– Süleyman bəy, öncə sizi tanıyaq.

– Türkiyənin Ankara şəhərinə yaxın olan Niğdə vilayətində doğulmuşam. İlk orta təhsilimi də orda almışam. Universitetin tarix fakültəsinə qəbul olunduqdan sonra İstanbul şəhərinə köçmüşük. Atam, anam kənd insanlarıdır. Klassik kənd həyatından şəhərə köçən bir türk ailəsiyik.

– Belə bir ifadə var ki, kənd insanları çox saf olurlar.

– Doğurdan da, kənd insanlarının daxili təmizliklə, paklıqla zəngindir. Kənd insanlarının içində şəhərdəki kimi  hiyləgərlik yoxdur.

 

– Neçə ildir Azərbaycanda yaşayırsınız?

– 3 ildən artıqdır ki Azərbaycanda yaşayıram. Daha öncə Avstraliyada yaşadım.

– Dünyanın 15-dən artıq ölkəsində fəaliyyət göstərən “Zaman” qəzeti 1991-ci ildən bəri Azərbaycanda nəşr olunur.  Zaman qəzetinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərməkdə məqsədi nədir?

– “Zaman” qəzeti Türkiyə xaricində ilk dəfə Azərbaycanda fəaliyyətə başlayıb. 1991-ci ildə hələ Azərbaycan müstəqilliyini elan etmədən əvvəl “Zaman” qəzeti buraya gəlib. Azərbaycan problemlərini dünyaya çatdırıb. Azərbaycandan sonra Orta Asiyadakı türk cümhuriyyətlərində təmsilçiliklər açılıb. Sonra da dünyada türk xalqlarının yaşadığı başqa yerlərdə təmsilçiliklər açılıb. “Zaman” qəzeti nəşr olunan ölkələrin şərtlərinə uyğun fəaliyyət göstərir. O da dünyada fəaliyyət göstərən qəzetlərin  etdiyi işi görür. Xəbəri daha yaxşı formada oxucuya çatdırır. Qəzetin  Azərbaycanda nəşr olunmasına gəlincə, “Zaman” qəzeti iki qardaş dövlət arasında körpü rolunu oynayır. Mərhum prezident Heydər Əliyev demişdi: “Zaman2 qəzetinin mətbuatımızda öz yeri var. Türkiyə və Azərbaycan əlaqələrinə  dayaqdır, dəstəkdir”. “Zaman Azərbaycan” qəzeti iki qardaş dövləti bir-birinə daha da yaxınlaşdırır.

– Süleyman bəy, ailəniz də sizinlə birgə  Azərbaycanda yaşayır?

– Ailəm Avstraliyadadır. Uşaqlarım universitetdə oxuduqları üçün tez-tez ora gedib gəlirəm.

– Neçə övladınız var?

– 3 övladım var. 2 oğlum və  1 qızım.

– Uşaqlarınızın da ataları kimi mətbuata sevgiləri varmı?


– Atası qəzetçi olanlar qəzetçi olmaq istəməz. Çünki ata və analarının çalışdığı məsləklərində çətinlikləri gördükləri üçün o zorluqları yaşamaq istəmirlər bəzən.

– Siz də uşaqlarınızın işlərinə qarışırsınız? Çox zaman valideynlərin qadağaları ilə qarşılaşırıq.

– Xeyr, heç qarışmıram. Bu zəmanədə uşaqların işinə qarışmaq mümkündürmü?! Valideyn nə desə uşaq tərsini edəcək. Uşaqlar həmişə ata və analarından fərqli bir yol cızırlar. Sən qız uşağı olaraq. Anandan fərqli bir yol seçmək istəmədinmi heç?

– Zatən, jurnalist olmağı seçdim.

– Görürsünüz, bütün uşaqlar fərqli bir yol axtarırlar. Sən anandan fərqli bir şey etmək istədiyin kimi, mənim də qızım anasından fərqli bir iş etmək istəyir. İnsanın qısqanmadığı varlıq övladıdır.

– Türkiyənin şəhərdən uzaq bölgələrində qız uşaqlarının təhsil almasına hələ də ailədən gələn qadağa var.

– Əslində dediyiniz  məsələ Türkiyənin hər bölgəsinə aid deyil. Şəhər yerində yaşamasına baxmayaraq, qız uşağını oxutmayan da var, kənd yerində yaşaya-yaşaya qız uşağını oxutmaq üçün çalışan valideyn də. Bunlar şərtlərə, ailələrə, bölgələrə bağlı bir məsələdir. Sadəcə daha yaxşı həyat qurması üçün yox, həyatı daha yaxşı anlasın deyə uşaqlarımızı oxuduruq. Nə edir-etsin insanın oxuyub təhsil almasında fayda var. Təbii ki insanın daxilində oxumağa, təhsil almağa qarşı bir sevgi, istək yoxdursa zorla oxutmaq olmaz.

– Bilirik ki Türkiyənin bir çox bölgələrində xanımlar başını bağlayır. Təbii ki müsəlman xanımı üçün bu bir qaydadır. Lakin bir ara  təhsil ocaqlarına, auditoriyaya hicablı xanımların daxil olmasına qadağa qoyulmuşdu. Sizcə, insan istəyinə qarşı bu cür addımlar doğrudurmu?

– Hər kəs istədiyi qiyafədə gəzə bilər. Yetişmiş insanlara yasaq qoyulması doğru deyil. Təkcə başıbağlı insana deyil, heç başı açıq insana da qadağa qoymaq olmaz. İnsanların arzuladığı kimi geyinmələri normaldır. Avstraliyada yaşadığım müddətdə belə hadisə ilə qarşılaşmadım. Avstraliya mədəniyyətində sərbəstlik var. Ümumiyyətlə, gənclik qadağaları qəbul etmir.


– Azərbaycan mətbəxi ilə aranız necədir?

– Kilo aldığıma görə sizin yeməkləri çox bəyənirəm. Burda bir çox qidaların ləzzətini almaq mümkündür.

– Bəs Azərbaycanın hansı bölgələrində olmusunuz?

– Azərbaycanın dəyişik bölgələrini gəzməyi çox sevirəm. Bir-iki rayon istisna olmaqla, Azərbaycanın çox bölgələrində olmuşam. Bölgələrdə nəzərəçarpacaq irəliləyişlər var. Belə getsə, kəndlərdən paytaxta axın azalacaq. Təhsildə, səhiyyədə və başqa sahələrdə irəliləyişlər olarsa, insanlar niyə kəndlərdən şəhərə üz tutsunlar ki?! Hamı hər şeyin daha gözəl olmasını istəyir. Bu hər kəsin haqqıdır. 1997-ci ildə bir müxbir olaraq  Azərbaycana gəldim. 2010-cu ildən burdayam. İnanılmaz irəliləyişlər var. Belə deyək də, 10 il bundan əvvəlki  Azərbaycanla indiki Azərbaycan arasında dağlar qədər fərq var. Azərbaycanda yaşayan insanlar 1 illik ölkəni tərk etsinlər. Ölkəyə qayıdanda inanılmaz mənzərəni hiss edəcəklər. Azərbaycanda  bir çox sahələr  elə  sürətlə inkişaf edir ki 10 ildən sonra Azərbaycan çox fərqli olacaq.

– Ara-sıra Azərbaycan Türkiyə münasibətləri haqqında qərəzli fikirlər səsləndirirlər. Sizcə, dini, dili bir olan iki qardaş dövlətin arasına girmək istəyənlərin məqsədi nədir?

– Hərənin öz mənfəəti var. Eyni dindən, millətdən olan dövlətlərin sıx yaxınlığı hamını sevindirirmi?

– Əlbəttə yox.

– O zaman bir-birinə düşmən etmək üçün hər pis yoldan istifadə edəcəklər. Eyni dindən, dildən olan insanlar, yəni bizlər, belə pisliklərə fürsət verməməliyik. Düşmənə demək olarmı ki bizim aramıza girmə?! Onun vəzifəsi ara vurmaqdır. O vəzifəsini yerinə yetirəcək. Mətbuat olaraq, belə çirkin işlərin həyata keçməsinə əngəl olmalıyıq. Hətta, hava limanında olan münasibətlər 2 dövlətin bir-birinə qardaş olduğunu göstərir. Türkiyəyə qarşı sevgi digər dövlətlərə olan münasibətdən fərqlidir. Amma, Türkiyədən bura gəlib hiyləgərlik edənlər də var, burdan da Türkiyəyə gedib eyni münasibətləri edənlər də .

– Bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağdır. 20 ildən çoxdur ki ATƏT-in Minsk qrupunun işində irəliləyiş nəzərə çarpmır.  Mətbuat nümayəndəsi olaraq siz bu haqda nə düşünürsünüz?

– Azərbaycan zəif dövlət olsaydı  öz haqqını tələb edə bilərdimi?! Ermənistan bu gün çox çətin durumdadır. Ermənistanın arxasında dayanan dövlətlər olmasa, Ermənistan heç nə edə bilməz. Azərbaycanın daha da güclü olmasını istəməyən dövlətlər var. Qarabağa gəlincə, kimsə “Qarabağ sizin haqqınız” deyib verməyəcək. Qarabağ məsələsi çox ciddi bir problemdir.

Uzağa getməyək. Türkiyə Kıprıs məsələsi. Zamanla bu problemlər öz həll yolunu tapacaq. Azərbaycan gücləndikcə, dünyanın Azərbaycana olan baxışları dəyişir. Bu gün Azərbaycan diasporunun fəaliyyəti erməniləri çox narahat edir.

– Sizcə, dini faktorun  Qarabağ məsələsinin həll olunmasında əhəmiyyəti nə dərəcədədir?


– Əlbəttə. Bunların hamısının səbəbi var. Bu səbəbləri göz ardına vurmaq mümkün deyil. Məsələnin din  yox, insanlıq məsələsi olduğunu anlatmaq lazım. Məzlum bizik, günahsız bizik, qarşı tərəf özünü günahsız göstərməyə çalışır. Zalım məzlum kimi göstərir özünü. Problem budur. Digər bir məsələ isə Azərbaycan türklərinin Türkiyə türklərinə nisbətən erməniləri daha yaxşı tanımalarıdır. Çünki uzun zaman azərilərlə ermənilər iç-içə yaşadı. Ortada iç-içə  yaşanan hadisələrin ortaya gətirdiyi savaş durur. 1918-ci il Quba hadisələrindən tutmuş bu günə qədər. Ermənilərin ən böyük problemi  Azərbaycanlıların onları daha yaxşı tanımalarıdır. Ona görə də erməni diasporunun fəaliyyətinə qarşı Azərbaycan diasporu daha yaxşı nəticələr əldə edir. Avstraliyada tez-tez olduğum üçün bunu yaxşı bilirəm.

Türkiyə Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. İnkişaf edən əlaqələrin möhkəmləndirilməsində körpü rolunu oynayan vasitələr saysız-hesabsızdır. Elə “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru ilə görüşümüz də bir çox mətləblərə aydınlıq gətirdi.  Süleyman bəyin Azərbaycan haqqında söylədiyi fikirlər boş-boşuna deyildi. Özü demiş, gəzmədiyi barmaqla sayılası bölgələrimiz qalıb. Məmləkətimin hər bir bucağını qarış-qarış gəzən türkiyəli qonağım, məni əsl türk qəhvəsinə qonaq etməyi də unutmadı. Bu minvalla da söhbətimiz alındı.

 

Namidə Bingöl

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?