Modern.az

Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi: “Müəllim həm biliyi, həm də tərbiyəsi ilə nümunə olmalıdır” - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi: “Müəllim həm biliyi, həm də tərbiyəsi ilə nümunə olmalıdır” - MÜSAHİBƏ

Müsahibə

22 Aprel 2013, 14:10

 “Çağ” Öyrətim İşlətmələri MMM Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz Modern.az saytına müsahibə verib.

- “Çağ” Öyrətim İşlətmələri şirkətinin liseyləri hansı üstünlüklərinə görə digər təhsil ocaqlarından seçilir?

-  “Çağ” Öyrətim İşlətmələri şirkətinin Azərbaycan-Türkiyə özəl liseyləri 1993-cü ildə ümumilli liderimiz Heydər Əliyev Naxçıvanda olarkən onun xeyir-duası ilə fəaliyyətə başladı. Keçən ay şirkətin 20 illiyini qeyd etdik. Bizim bir şüarımız var idi. “20 il etimada sədaqətlə”.  Bizim müəssisə yerli və beynəlxalq olimpiadalarda yüksək nəticələr göstərən, 99 faiz şagirdi ali məktəblərə qəbul olmuş məktəbdir. Bizim digər təhsil ocaqlarından fərqimiz ondan ibarətdir ki, məktəbimizin daxilində müəllim kadrları texniki bazasının yüksək olması və şagirdlərin məktəbə seçilərək qəbul edilməsi müvəfəqiyyətə aparan amillərdən başlıcasıdır. 2013-2014 təhsil ilində Bakıda və rayonlarda olan məktəblərimizdə sinif otaqları kompüterləşdirildi, elektron lövhələrlə təchiz edildi. Bütün dərs vəsaitləri həmin kompüterlərə yığıldı və dərslər aktiv şəkildə həmin kompüterlərlə keçirilir. 250-dən çox elektron lövhə var və Azərbaycanın tarixi, coğrafiyası orada əyani şəkildə göstərilir. Bunun müsbət keyfiyyəti ondan ibarətdir ki, 40 dəqiqə ərzində uşaqlar daha çox öyrənir və daha tez mənimsəyə bilirlər. 

- Valideynlərin “Çağ”ın liseylərinə üz tutmalarının, etibar etmələrinin səbəbini necə izah edərdiniz?

- Bizim müəllim kollektivi öz peşəsini sevən yaradıcı insanlardan ibarətdir. Burada təhsilin yüksək səviyyədə olması, müəllim və şagirdlər arasında qarşılıqlı anlaşma məktəbimizin əsas özəlliklərindəndir. Eləcə də vətənə, bayrağa edilən hörmət bizim başlıca şüarımızdır. Vətənini sevən hər insan harada olursa olsun, xeyirli işlər görəcək, bir vətən övladı kimi öz borcunu yerinə yetirəcək. Biz müəllimləri müsabiqədən  və testlərdən keçiririk. Ancaq bundan sonra burada dərs vermək haqqına sahib olurlar. Onların evlərinə, ailə tərkiblərinə də xüsusi diqqət yetirilir. Çünki, onlar uşaqla birbaşa təmasda olur. Müəllim həm biliyi ilə, həm də tərbiyəsi ilə şagirdə nümunədir.

- Artıq sınaq imtahanları da başlayıb. Şagirdlərinizin bu imtahanlarda topladığı ballar sizi qane edirmi?

- Mən deyərdim ki, bizdə təhsil alan bütün uşaqlar sınaq imtahanlarında fəallıq göstərmək üçün əllərindən gələni edirlər. Uşaqlarımızın başlıca məqsədi ən yaxşı ali məktəbə qəbul olmaqdır, bu bizim təhsil ocağının əsas şərtlərindən biridir. Biz şagirdlər arasında kurrikulumlar təşkil edərək, onların xaricdə təhsil almalarına şərait yaradırıq. Nəticədə həmin uşaqları yüksək səviyyədə hazırlayıb bura göndərirlər. Bu proses artıq 10-cu sinifdən şagirdlər arasında tətbiq olunmağa başlayıb.

- Elə olubmu ki, sınaq imtahanında yüksək nəticə göstərən şagird qəbul imtahanında gözlədiyiniz nəticəni göstərməsin?

- Çox nadir hallarda belə olur. O da həyəcandan, stressdən ola bilər. Bizim sınaq imtahanları olduqca çətindir. Əgər uşaq yaxşı oxuyursa, sınaq imtahanında göstərdiyi nəticədən 50-100 bal yüksək nəticəni dövlət imtahanında göstərəcək. Keçən il 700 bal toplayan şagirdimiz sınaq imtahanında 450 bal toplamışdı.

 - Qeyd etdiniz ki, şagirdləri təhsil almaq üçün xaricə göndərirsiniz. Həmin uşaqlar təhsillərini davam etdirmək üçün yenidən vətənə qayıdırlarmı?

- Bəli. Çünki artıq Azərbaycanda da təhsildə yüksək səviyyədə irəliləyişlərin olduğunu görürük. Xaricdə təhsil alan tələbələrlə Almaniyada, Hollandiyada, İtaliyada, İsveçrədə, ABŞ-da beynəlxalq fuar təşkil olunur. Onlar təhsillərini başa vurub Azərbaycana qayıtmaq istəyirlər və bu da olduqca sevindirici haldır. Onlarla konfranslar, iclaslar, seminarlar keçirilir. SOCAR-ın xaricdəki şirkətində işləyən  tələbələr bir çox sahələrdə fəallıq göstərir. Cənab Prezident İlham Əliyev çıxışında da bildirmişdi ki, “Biz neft kapitalını insan kapitalını çevirməliyik”.  Bu gün bunların sözdə qalmadığının hər birimiz şahidi oluruq.

- Magistr təhsili almaq üçün bir çox gənclər xaricə üz tuturlar. Bunu təhsilimizdə olan çatışmazlıqlarla əlaqələndirmək olarmı?

- Azərbaycan təhsili yüksək səviyyədə inkişafa doğru gedir. Dövlətimiz artıq nümunə göstəriləcək ölkələr sırasındadır və ümid edirəm ki, belə də davam edəcək. Mərhum Prezidentimiz Heydər Əliyevin qoymuş olduğu irsi İlham Əliyev bu gün çox inamlı addımlarla davam etdirir. Ölkəmiz 20 il ərzində çox böyük nailiyyətlərə sahib olub. Azərbaycan böyük proyektlərin, olimpiadaların keçirildiyi bir ölkəyə çevrilib. Əvvəlki illərlə müqayisədə son bir neçə ildə bakalavr təhsilini bitirib magistr təhsili almaq istəyən gənclərin seçimləri məhz buradır.

- Ötən  il “Çağ” Öyrətimdə 700 bal nəticə göstərən bir nəfər olmuşdu. Bu il şagirdlərdən gözləntiləriniz nələrdir?

- Ümid edirik ki, ötən illə müqayisədə şagirdlərimiz bu il daha yaxşı nəticələr göstərəcəklər. “Çağ” Öyrətim, Araz kursları, eləcə də türk liseylərində bir sistem var. 600 baldan yüksək nəticə göstərən 12 nəfər üçün ayrıca dərslər keçirilir. Tətbiq olunan bu sistemin sayəsində onlar 700 bal yığmağa namizəd olurlar. Bir suala cavab vermədikdə 2-3 bal fərqi ilə 700 balı yığmayan şagirdlərimiz var. Amma o şagirdlərimiz öz qruplarında respublika ikincisi oldular. Biz nəzərimizdə 700 balı hədəf gördüyümüz üçün ikinci və üçüncü yerləri tutanlara önəm vermirik. Bu günə qədər “Çağ” Öyrətimin şagirdləri 500-dən çox qızıl, gümüş, bürünc medal qazanıblar. MDB ölkələri ilə müqayisədə bizim şagirdlərimiz olimpiadalarda həqiqi mənada birinci yerdədir.

- Belə fikirlər səsləndirilir ki, “Çağ” Öyrətim təhsil ocağına bacarıqlı uşaqları seçib götürürlər. Həmin uşaqlar hər yerdə əlaçı ola bilərlər. Bu iddialara münasibətiniz necədir?

- Bizə deyirdilər ki, qaymaqları siz seçib götürürsünüz. İndi rəqiblərin də verdiyi təhsilin keyfiyyəti günü-gündən artır. Bu gün biz şagirdlər üçün pulsuz təhsil imkanı yaratmışıq. Şəki, Ağdaş, Lənkəran liseylərində ilk 11 yeri qazanan şagirdlərə pulsuz oxumaq imkanı verilib. 15-ci yerə qədər 35-70% qədər də təhsilhaqqı endirimləri tətbiq olunur. Şəki liseyində pulsuz təhsil alan şagirdi Bakıya gətirə bilmədik. Çünki valideyn istəmədi. Səbəb isə ailənin imkansız olması idi. Bacarıqlı uşaqların hamısını buraya gətirə bilmirik. Artıq bizim rayonlardakı məktəblərimiz də öz səviyyəsini qaldırdığına görə, şagirdlər elə orada qalmaq istəyirlər.

- Ola bilərmi ki, gələcəkdə təhsil haqqı aşağı salınsın?

- Bizim 3500-4000-ə yaxın şagirdimiz var. Onlardan 400-ə yaxın şagirdimiz isə  pulsuz təhsil alır. Qaçqın ailələrinə, veteran övladına, valideyn himayəsindən məhrum olan uşaqlara, olimpiada qaliblərinə müəyyən güzəştlər olunur. Bunları nəzərə alsaq, 400-dən artıq şagird bu imkandan yararlanır. Keçən il yataqxana pullu idi. Bu il artıq imkansız ailələrin övladları üçün yataqxanalrı da pulsuz etdik. Uşaq qəbul olduğunda, hansısa rayondan gəlirsə, onlar üçün yataqxana , geyim, yemək pulsuz olacaq. Onun xərci ancaq öz evinə gedib-gələndə ola bilər.

- TQDK-nın apardığı monitorinqlər zamanı bizim dərsliklərdə müəyyən qüsurların olduğu bildirildi. Bu qüsurlarla bağlı nə deyə bilərsiniz?

- Bu mövzu ilə əlaqədar Məleykə Abbaszadə ilə görüşümüz oldu. O mənə TQDK-nın sədri kimi yox, bir işçi kimi bu dərsliklərlə maraqlandığını bildirdi. Mən inanıram ki, bu qüsurlar da aradan götürüləcək. Gələcəkdə monitorinqlər aparılan zaman belə nəticələrlə qarşılaşmayacağıq. Bunlarla bağlı  müəyyən işlər  də görürük, hətta  Oksforddan, eləcə də Türkiyədən bir sıra kitablar gətirmişik. Fizika, kimya, biologiya fənlərinin kitabları da xaricdən gətirilir və həmin kitablar  ingilis dilindədir. Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı digər məktəblərdə hansı sistemlə keçirilirsə, bizim liseylərdə də həmin qaydada elektron lövhələrdə şagirdlərə tədris olunur.   

- Sizcə Azərbaycanda ümumi təhsildə hansı problemlər var?

- Təhsildə zaman-zaman müəyyən problemlərin olduğu bildirilir. Amma biz ümid edirik ki, bunlar da aradan qaldırılacaq. Çünki göstərilən bütün cəhdlər bizə bunu deməyə əsas verir.

Pərvin ARZUQIZI
Ulduz İBRAHİMOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır