Modern.az

Köçürənlər, köçürülənlər

Köçürənlər, köçürülənlər

23 Aprel 2013, 10:52

Mahir Qabiloğlu


Hər bir yazıya başlayanda istəyirəm ki, birinci adını qoyum. İnsan kimi... Bilmirlər axırı nə olacaq amma tezcə adını qoyurlar. Sonra da görürlər ki, Aslan cücə olub, İsmət ismətsiz, Laçın sərçə...

Nə isə sadalamaqla qurtarmaz. Heç olmasa Dədə Qorqud babalarından nümunə götürməyiblər bu yöndə. Mən də birinci “Köç” qoymaq istədim. Yox, daşındım. Qorxdum ki, məni plagiatlıqda günahlandırarlar. Baxmayaraq ki, bu yazım Mövlud Süleymanlının köçünə oxşamır. Dedim yaxşı “Köçkün” qoyum. Dedim day niyə yazırsan e... adına baxıb oxumayacaqlar. Onda qərara gəldim ki, “Köç əməliyyatı” adlandırım. Onda yeni yazarlardan qorxdum. Fikrət Qocanı Rəsul Rzanın davamçısı kimi gündə yuyub-sərməklərindən. Yox mən sərbəst vəzndə yazmıram. Sadəcə adından detektivə oxşayacaqdı ki, onlar da oxumadan deyəcəkdilər ki, bəs Çingiz Abdullyev öz məktəbini yaradır. Ona görə də yaxşısı budur ki, Köç yazım, özü də dırnaq arasında. Çünki bu köç o köçdən deyildi.

Bu yaxında kiçik qızı da ərə verdik. İndi yoldaşımla ikimiz qalmışıq. Deyir ki, nə yaxşı valideynlik borcundan çıxdıq. Hər adama qismət olmur belə gün. Özü də 44 yaşında. Çox sevinir. «Trijdı» nənədir. Amma yenidən nənəliyə iddialıdır. Mən də baba kimi öz yerimdə. 

Atam öləndən sonra deyirdim ki, ailəliyəm, dörd qızım var. Tanıyanlar deyirdi ki, necə yəni, axı  iki qızın var. Deyirdim ki, yox. Anam, həyat yoldaşım, Suğra və Bəyim. Atamdan sonra evin kişisi tək qalıb. İndi isə soruşanda deyirəm ki, hamısını köçürtdüm. Anamı atamın yanına, qızları da ər evinə. Onda zarafatla deyirlər ki, qaldı təkcə arvad. Deyirəm ki, yox. Artıq biz  köçürənlərdən yox, köçürülənlərdənik. Axır ki, yazıya da ad tapdım: Köçürənlər, Köçürülənlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR! Sülhməramlılar Xocalıdakı bazalarından belə çıxır