Modern.az

QHT Əməkdaşlıq Alyansı Prezidentə müraciət etdi

QHT Əməkdaşlıq Alyansı Prezidentə müraciət etdi

23 Aprel 2013, 11:40


Ötən bazar günü ATV telekanalında nümayiş olunan “Səni axtarıram” verilişində Almaniyada yaşayan azərbaycanlı Ruhəngiz Əli qızı Cəfərova 3 övladının Almaniya məhkəməsi tərəfindən alınaraq başqa ailəyə verilməsini göz yaşları içərisində danışıb. Almaniyada övladları əlindən alınan azərbaycanlı ana başına gətirilən hadisəylə bağlı Azərbaycandan kömək istəyib.

Sıralarında 50-dən çox Qeyri-Hökumət Təşkilatını birləşdirən QHT Əməkdaşlıq Alyansı bu hadisənin Almaniya kimi hüquqi və demokratik bir dövlətdə baş verməsindən təəssüfləndiyini bildirib.

”Bir ananın öz övladlarından ayrı salınması heç bir ölkənin məhkəməsinə, o cümlədən Almaniya məhkəmə sisteminə də başucalığı gətirmir. Ailə-məişət zəminində baş verən bir ailə münaqişəsi nəticəsində üç uşaq ata-anadan məhrum edilərək alman ailəsində böyüməyə məhkum edilib. Yaxşı hal odur ki, bir azərbaycanlı ana övladlarına sahib çıxmaq istəyir və onun sosial və psixoloji durumu məsuliyyətli və sevən bir ana olmağa yetərlidir. 30 apreldə keçiriləcək məhkəmədə hakimlərin bu məqamı ciddi nəzərə alması çox vacibdir və ümid edirik ki, məhkəmə övladlarını anaya qaytaracaq”.

QHT Əməkdaşlıq Alyansı inamını ifadə edrək bildirir ki, Almaniyanın ölkəmizdəki səfirliyi də bu olaya laqeyd qalmayacaq və ədalətin bərpası və həqiqətin üzə çıxması üçün əlindən gələn köməkliyi göstərəcək.

Həmyerlimizin acı taleyi ilə bağlı verilişin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı mətbuata açıqlamasında bildirib ki, Ruhəngiz Cəfərova əri Elçinlə Almaniyada qaçqın statusu ilə yaşayıblar. Onların həmin ölkədə 3 uşağı dünyaya gəlib. İki il əvvəl onlar arasında ailə münaqişəsi olub. Elçin də onunla dalaşıb. Səhhətinin pozulmasından şübhələnən Ruhəngiz həkimə müraciət edib. Geri qayıdarkən əri qapını onun üzünə açmayıb. Ruhəngiz qonşunun evinə getməyə məcbur olub və ərinin qapını nə vaxt açacağını gözləyib. Qonşusu olan rus qadın da məsələ ilə bağlı polisə məlumat verib. Alman dilini bilməyən Ruhəngiz polis tərəfindən verilmiş sənədə imza atıb. Ruhəngizin dediklərindən belə məlum olub ki, qonşu qadın həmin sənəddə onun əri tərəfindən döyülməsi və işgəncə verilməsini yazıbmış. Bir həftə sonra ailə münaqişəsi məhkəməyə çıxarılıb. Lakin Elçin Ruhəngizə məhkəməyə getməyə icazə verməyib. Bundan sonra Almaniyada uşaqların problem və hüquqlarını müdafiə edən təşkilat uşaqları anadan alaraq başqa ailəyə verib.

Xoşqədəm Hidayətqızı deyib ki,“Ruhəngiz iki ildir Almaniya məhkəmələrində qalıb, amma nəticə yoxdur. Uşaqlar artıq başqa ailələrdə öz ana dillərini də unudublar. Dəhşətlisi odur ki, uşaqlardan iki qız uşağı yaşca bir az böyük olsalar da, qardaşları anadan alınarkən 10 aylıq südəmər olub. Ruhəngizin arzusu Azərbaycan dövlətinin ona köməklik etməsidir. Bizə müraciət etməsinin səbəbi də məhz budur ki, Azərbaycan dövləti uşaqlarını geri almasında ona kömək etsin”.

QHT Əməkdaşlıq Alyansı Azərbaycan Prezidentinə də müraciət ünvanlayaraq ondan Almaniyada yaşayan bir azərbaycanlı ananın faciəsinə kömək etməyini xahiş edib.

Müraciətdə deyilir: “Cənab Prezident! Ruhəngiz Əli qızı Cəfərovanın işi üzrə aprelin 30-da son məhkəmə iclasıdır. Ananın övladlarına qovuşması bu məhkəmədən asılıdır. Cənab Prezident! Siz həmişə harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının yanında olmusunuz. Çətin günlərində onlara dayaq durmusunuz. Buna görə də sıralarında 50-dən çox Qeyri-Hökumət Təşkilatını birləşdirən QHT Əməkdaşlıq Alyansı  nüfuzunuzdan istifadə edərək bu işə müdaxilə etməyinizi Sizdən rica edir”.

QHT Əməkdaşlıq Alyansı bütün üzv təşkilatları ilə birlikdə məhkəmə tarixinə qədər qalan bir həftə müddətində Almaniyada yaşayan Ruhəngiz Əli qızı Cəfərovanın pozulmuş hüquqlarının bərpası üçün bütün qüvvələrini səfərbər edəcək və aidiyyatı qurumlarla işbirliyi şəraitində əlindən gələni əsirgəməyəcəyini bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir