Modern.az

Maliyyə Nazirliyi zərgərlik malları alanlara xəbərdarlıq etdi

Maliyyə Nazirliyi zərgərlik malları alanlara xəbərdarlıq etdi

23 Aprel 2013, 19:10

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun tələblərinə əməl edilməsi ilə bağlı 2013-cü ilin I rübü ərzində 18 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirləri keçirilib. Həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallar və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 15535 ədəd zərgərlik məmulatı aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən edilib. Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənib, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.
2013-cü ilin I rübü ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə, müvafiq olaraq 136120,00 manat məbləğində dövlət rüsumunun və İnzibati Xətalar Məcəlləsinə əsasən 10400,00 manat məbləğində inzibati cərimələrin ödənilməsi təmin edilib.
2013-cü ilin I rübü ərzində Xidmətə ekspertiza, analiz, əyarlanmaq və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarına görə 411762,2 manat məbləğində dövlət rüsumunun büdcəyə ödənilməsi təmin edilib.
Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarını almamağı tövsiyyə edir.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir