Modern.az

Milli donor institutunun çevrəsi niyə genişlənmir?

Milli donor institutunun çevrəsi niyə genişlənmir?

Qarabağ

24 Aprel 2013, 11:42

QHT-nin  azad rəqabət mühitində öz intellektual potensialını  ortaya qoyması üçün bir çox faktorlarla bərabər  davamlı maliyyə  son dərəcə önəmlidir. Bu gün düşünsək ki, Azərbaycanda QHT-lərin maliyyə çevrəsi çox genişdir, bu,  yanlış olar.  Azərbaycanda QHT-lərin illik  maliyyələşməsinin   təxminən 20-25%-i milli donor olan QHT-lərə Dövlət Dəstəyi Şurasının payına düşür. Qalan böyük bir hissəni  isə  xarici donorların vəsaiti təşkil edir. Ola bilər bu rəqəmlərdə  hər hansı qeyri dəqiqlik olsun.

Bu gün isə bəzi xarici donorlara münasibət birmənalı deyil. Siyasiləşmiş əcnəbi donorların  çox ciddi hədəfləri və   maraq dairələri hiss olunmaqdadır. Belə donor təşkilatlar bir çox hallarda insan hüquqları və özlərinin maraq dairəsində olan layihələrə daha çox dəstək verirlər. Hətta bir çox  hallarda insan hüquqları  pərdəsi altında Azərbaycanda ailə institutunu, dəyərlərini dağıtmağa yönələn layihələrə  rast gəlmək mümkündür. Bu barədə xeyli faktlar var.

Bu mənfi tendensiyanı  xaricdən qrant alan bütün təşkilatlara aid etmək olmaz. Təəssüf ki, bəzi  QHT-lərin layihələrində belə xoşagəlməz hallar davam etməkdədir. Bir çox hallarda yerli  təşkilatlar  bunun fərqində olmurlar. Həmin xarici donorlar  milli dəyərlərlə bağlı, Qarabağ problemi haqqında layihələri nəinki dəstəkləmirlər  heç yaxına  buraxmırlar.

 Azərbaycan  cəmiyyətində  insan hüquqları ilə məşğul olan təşkilatlar və layihə rəhbərləri  çox cazibədar görsənir. Hətta  onlar heç bir iş görməsələr belə  bir-iki dəfə radikal  çıxışları ilə  gündəmi zəbt edirlər. Ümumiyyətlə, KİV sahəsində də belə xəstəlik  mövcuddur. Mediada  sakit şəkildə təqdim olunan  informasiyalar, yazılar, TV-lərdə ciddi verilişlər  o qədər reytinq qazanmır. Yalnız radikal, kimisə söyməklə təqdim olunan məqalələr, TV verilişləri  reytinq qazanır. Bəzi insan hüquqları ilə məşğul olan  QHT-lərin çıxışları da bu sıradan tez məşhurluq qazanır.

Ancaq bir vacib məqamı  unutmaq olmaz ki,  QHT yalnız  insan hüquqları  ilə məşğul olmamalıdır.  Cəmiyyətdə kifayət qədər problemli sahələr var ki, ictimai qurumlar bu sahədə  öz sözünü deməlidirlər. Ona görə də milli donor institutu  daha sürətlə genişlənməlidir. Ədalət naminə desək Azərbaycan  Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu baxımdan uğurlu modeldir.

Bütün bunları inkar etmək, görməmək ədalətsizlik olar. Digər tərəfdən QHT-lərə Dövlət Dəstəyi Şurasının tətbiq etdiyi  mexanizmlər nəticəsində uzun müddət  öz intellektual potensialını ortaya qoymağa imkanı olmayan QHT-lər üçün yeni imkanlar açıldı. Həmin QHT-lərin faydalı iş əmsalına baxanda,  son bir neçə ildə ortaya qoyduğu işlərə diqqət yetirəndə  görürsən xeyli uğurlu nəticələr var. 

 Burada  Azərbaycanın  beynəlxalq aləmdə təbliğatından tutmuş ekologiya, sosial məsələlər, qaçqın və məcburi koçkünlərlə, gənclərlə və digər sahələrlə bağlı kifayət qədər effektli layihələrin nəticələrinə rast gəlmək olar. Onu  qeyd etmək istərdim ki,  Şuranın qrant layihəsi çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi və işğal faktı ilə bağlı  xeyli sayda  sənədli filmlər  çəkilib.  Bu gün kimin necə düşünməsindən asılı olmayaq  Azərbaycan həqiqətlərinin dünyaya çox innovativ üsullarla çatdırılmasında bu sənədli filmlərin, internet resurslarının, çox peşəkar səviyyədə əcnəbi dillərdə tərcümə edilən kitabların rolu böyükdür.

Təbii ki, bəzi çatışmazlıqları da qeyd etmək lazımdır. Bu da ondan ibarətdir ki,  böyük ideyaların,  innovativ  təşəbbüslərin həyata keçirilməsində  QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı vəsaitlər yetərli deyil.  Bir çox hallarda kiçik qrantlar geniş layihələrin, ideyaların  ciddi effekt verməməsinə gətirib çıxarır. Digər tərəfdən davamlı maliyyələşmənin  olmaması  QHT sahəsində yetişən, ixtisaslaşan  kadrların son nəticədə bu sektordan uzaqlaşmasına səbəb olur. Təbii ki,  bu da  bir çox hallarda bu sahədə ekspert qıtlığı yaradır.

 Yaxşı olar ki,  Şura gələcəkdə  təşkilatların potensialını, layihələrin önəmini nəzərə alaraq  müxtəlif  kiçik və böyük həcmli  qrant layihələri elan etsin. Hər halda böyük həcmli qrant müsabiqələri QHT-nin  həm təməküzləşib beyin mərkəzinə çevrilməsinə, həm də effektli layihələri ilə cəmiyyətdə  öz sözünü deməsinə təkan verə bilər. Milli donor institutu yalnız QHT-lərə Dövlət Dəstəyi Şurası  ilə bitməməlidir. Nəhayət,  digər dövlət qurumları, özəl şirkətlər bu  çevrənin şəffaf şəkildə  genişlənməsinə dəstək olmalıdır.

Sonda onu da etmək istərdim ki, istər ölkənin daxilindən, istərsə dünyanın hər hansı bir yerindən, lap elə Şimal Buzlu Okeanından da vəsait tapıb Azərbaycanda  cəmiyyət üçün səmimi iş görən, məqsədi, məramı aydın olan  QHT-ləri yalnız  alqışlamaq lazımdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır